Modest Musorqski
Modest Petroviç Musorqski (rus. Модест Петрович Мусоргский; 9 (21) mart 1839, Karayevo[d], Toropets qəzası[d], Pskov quberniyası[d], Rusiya imperiyası – 16 (28) mart 1881[…], Sankt-Peterburq[…]) — rus bəstəkarı.
== Həyatı ==
Modest Petroviç Musorqski rus bəstəkarıdır. Və bir musiqiçi kimi də, vətəndaş kimi də milli mənsubiyyətini, doğma vətəninə sədaqətini öz fəaliyyəti, yaradıcılığı ilə dönə-dönə təsdiqləmiş bəstəkardır. Lakin yaradıcı bir şəxsiyyət, novator musiqiçi kimi Musorqskinin nailiyyətləri bu milli mədəniyyətin hüdudlarını çoxdan adlayaraq, aid olduğu zaman çərçivəsini də aşmış, ümumdünya mədəniyyətinin mənəvi sərvətləri sırasına daxil olmuşdur.
Görkəmli bəstəkar G. Sviridovun təbirincə, "Lev Tolstoyun öz povesti barədə söylədiyini Musorqskiyə aid edərək deyə bilərik ki, onun əsərlərinin qəhrəmanı - həqiqətdir". Bu haqqı, ədaləti, çox zaman acı olan həqiqəti üzə çıxarmaqla dövrünün bir çox suallarına cavab tapmaq istəyən Musorqski öz axtarışlarında tək deyildi. 19-cu əsrin ikinci yarısında yaradıcılıq meydanına çıxaraq, rus mədəniyyətinə "altmışıncılar" kimi daxil olmuş bir çox mütərəqqi ziyalılar kimi, o da xalqı, vətəni qarşısında tarixi missiyasını yaxşı başa düşür və tarixinin faciəvi səhifələrini yaşayan millətinin dadına yetmək arzusuyla çarpışırdı. Qlinka ənənələrini yaşadan "Qüdrətli dəstə"nin digər üzvləri kimi, Musorqski də xəlqilik prinsipinə sədaqətini bütün yaradıcılığı ilə dönə-dönə təsdiqləyərək, böyük rus klassikinin davamçısı kimi çıxış edirdi. Lakin bunun həyata keçirilməsində öz həmfikirlərindən fərqli mövqedə qərar tutaraq, xəlqiliyi, dəstəçi məsləkdaşlarının yönəlmədiyi başqa bir səmtdə arayır, öz yolu ilə gerçəkləşdirməyə çalışırdı.