Musulmanskiye İzvestiya
Musulmanskiye İzvestiya — Bakı müsəlman ictimai təşkilatlarının mətbu orqanı.
"Kaspi" qəzetinin redaksiyası ilə komitənin mətbuat orqanın nəşri haqqında razılığa əsasən, qəzetin 30 aprel 1917-ci il 95-ci sayıdan etibarən 4-cü səhifəsi "Bakı müsəlman ictimai təşkilatları komitəsinin xəbərləri" adı ilə çıxmağa başlamışdı. İyunun 9-dan etibarən "Xəbərlər"in müvəqqəti redaktoru Ceyhun bəy Hacıbəyli idi. Burada millətlərin öz müqəddəratını təyin etməsi problemi başlıca məsələ kimi işıqlandırılırdı. "Xəbərlər"də "Hazırkı vəzifələrə dair", "Milli komitədə", "Biz necə işləməliyik", "Vəzifələrimiz" başlıqları altında materiallar dərc edilirdi.
Qəzetdə müntəzəm olaraq Şimali Qafqaz, Türküstan, Volqaboyu və digər türk diyarlarından xəbərlər dərc edilir, Rusiya xalqları arasında müsəlman və türk həmrəyliyi, Rusiyanın və dünyanm türk və müsəlman cəmiyyətlərinin quruluşu haqqında, "Müsavat" partiyasının təsir dairəsinin genişləndiyi, hətta Stavropolda öz şöbəsini yaratdığı barədə məlumatlar verilirdi. Rusiyanın müsəlman mətbuatından parçalar, "Müsavat" partiyasının orqanı olan "Açıq söz" qəzetindən tez-tez xülasələr, habelə gürcü və erməni mətbuatından yazılar da dərc edilirdi.
"Xəbərlər"də müsəlmanların seçkilərdə iştirakına, tibbi xidmətə, qadınların ictimai həyatda fəallaşmasına, tələbə gənclər və müsəlman ziyalıları arasında qarşılıqlı münasibət problemlərinə dair izahat işi aparılır, tövsiyələr verilirdi. Qəzetdə müsəlman memarlıq abidələri haqqında məqalələr dərc edilir, Bakıdakı Şirvanşahlar sarayının tarixi əhəmiyyəti, çar hakimiyyətinin ona etinasız münasibət bəslədiyi göstərilirdi. "Xəbərlər" Azərbaycanın rusdilli ziyalılarında və bütövlükdə, Azərbaycan xalqının siyasi şüurunun formalaşmasında, Rusiyanın türk və müsəlman xalqlarının həmrəyliyində əhəmiyyətli rol oynamışdır.