MƏSCİDÜN-NƏBƏVİ

peyğəmbər məscidi, Mədinə şəhərində yerləşən məscid kompleksidir. Müsəlmanlar onu məkkədəki Məscidül-Haram və qüdsdəki MəscidülƏqsa məscidlərindən sonra üçüncü müqəddəs məscid hesab edirlər. Bilindiyi kimi Məhəmməd peyğəmbər Mədinəyə hicrət etdikdə bir müddət onun yaxınlığında yerləşən Quba məntəqəsində qalmış, orada bir məscid də tikilmişdir. Bundan sonra O, Mədinəyə gəlmişdir. Rəvayətlərə görə orada hamı peyğəmbəri öz evində qonaq etmək istəmişdir. Buna görə də, heç kəs ondan inciməsin deyə onun sərbəst buraxılmış dəvəsi kimin evinin qabağında ayaqlarını büküb yerə oturacaqmışdırsa onun da evində qalacaqmış. Dəvə də Əbu Əyyub Ənsarinin evinin yanında yerə oturmuşdur. Beləliklə, peyğəmbər onun evində bir müddət qonaq kimi qalmışdır. Sonra o ərazini peyğəmbər və onun səhabələri almış və burada məscidin tikintisinə başlayıb onu tamamlamışdırlar. Məscidin inşası başa çatdıqdan sonra Məhəmməd peyğəmbər oraya köçmüşdür. Məsciddə öncə bir neçə otaq ona məxsus olmuşdur. Bundan başqa orada onun həyat yoldaşlarının da ayrıca otaqları olmuşdur. Həmçinin məscidin yaxınlığında yoxsullar, fəqirlər və yolçular üçün Süffə adlanan bir yer də qurulmuşdur. Burada bu insanlara dinin əsasları və necə ibadət etmələri öyrədilmişdir. Mədinə məscidinin ilk müsəlman icması üçün olduqca böyük ictimai əhəmiyyəti olmuşdur. Orada müsəlmanlar müxtəlif problemlərini həll edirdilər. Oradan Məhəmməd peyğəmbər şəhər-dövləti idarə, yanına gələn digər ərəb qəbilələrinin elçilərini qəbul, səhabələri ilə birlikdə müharibələrlə bağlı problemləri müzakirə, müsəlman icmasının qanunlarını tərtib, nazil olan yeni Quran ayələrini izah etmişdir. O məscid həm də tədris mərkəzi kimi fəaliyyət göstərmişdir. 11/632-ci ildə vəfat edən Məhəmməd peyğəmbər, eləcə də Raşidi xəlifələr Əbu Bəkr və Ömər bu məsciddə dəfn edilmişdirlər. İkinci Raşidi xəlifə Ömərin dövründə məscid genişləndirilmişdir. Binanın ilk əsaslı təmiri 29/650-ci ildə üçüncü Raşidi xəlifə Osmanın dövründə aparılmışdır. Zəif kərpic divarlar bərk daş divarla əvəz edilmişdir. Kümbəz tikildiyindən onu saxlamaq üçün sütunlar da əlavə edilmişdir. Daha da əsaslı tikinti işləri 88/707 – 91/711-ci illərdə Əməvilər tərəfindən aparılmışdır. Məscidin divarları və sütunları daşdan və kərpicdən hörülərək mərmərlə üzlənmişdir. Elə o zaman Peyğəmbər məscidinin ilk dörd minarəsi də inşa edilmişdir. Məscid ərazisinin genişlənməsi və yenidənqurma işləri Abbasi xəlifələri Mehdi və Məmunun zamanında da aparılmışdır. 654/1256-cı ildə Abbasi xəlifəsi Mötəsimin zamanında məsciddə böyük bir yanğın baş vermişdir. Od bütün binanı məhv etmişdir. Buna görə xəlifə dərhal məscidin yenidən tikilməsini əmr etmişdir. Bunun üçün Mədinəyə o zamanın ən yaxşı ustaları və memarları gətirilmişdir. Ancaq təmir işləri Bağdadın monqollar tərəfindən alınması və Abbasi Xilafətinin süqut etməsinə görə dayandırılmışdır. Tikinti yalnız Misirin məmlük sultanı Bəybarsın təşəbbüsü ilə 685/1295-ci ildə davam etdirilmişdir. 886/1481-ci ildə məsciddə ikinci böyük yanğın baş vermişdir. O zaman minarələrdən birini ildırım vurmuş və od bütün binanı yandırmışdır. Bundan sonra məscidin yenidən tikilməsi üçün Mədinəyə yenə ən yaxşı ustalar gətirilmişdir. Bu işlər Misrin məmlük sultanı Əşrəf Qaytabəyin təşəbbüsü ilə görülmüşdür. Elə o vaxtlar məscidin yanında Mahmudiyyə mədrəsəsi də tikilmişdir. Osmanlı sultanların hakimiyyəti dövründə Peyğəmbər məscidi dəfələrlə təmir edilmişdir. Ancaq, ən əsaslı təmir və inşa işləri miladi 1849-1861-ci illərdə Sultan Əbdül-Məcidin dövründə görülmüşdür. O zaman məscid demək olar ki, yenidən inşa edilmişdir. Belə ki, köhnə zəifləmiş divarlar yenisi ilə əvəz olunmuşdur. 1953-cü və sonrakı illərdə Səudiyyə Ərəbistanının kralları da məsciddə əsaslı tikinti işləri aparmışdırlar. Məscid kompleksi modernləşdirilmiş, çoxlu sayda zəvvarların qəbul edilməsi üçün şərait yaradılmışdır.
MƏSCİDÜL-QİBLƏTEYN
MƏSH