Versiya nömrəsi
Versiya nömrəsi (version number) – müəyyən mərhələdə konkret proqram təminatını identifikasiya etmək üçün onu hazırlayan tərəfindən təyin olunan nömrə. Versiya nömrələrindən həm proqramın buraxılışından öncə, həm də sonra istifadə olunur, ancaq buraxılışdan öncə verilmiş nömrələrin yalnız hazırlanma və testləmə mərhələsində dəyəri olur. Ümumiyyətlə, versiya nömrələri addan onluq nöqtə ilə ayrılır. Proqramdakı dəyişiklikləri, modifikasiyaları, düzəlişləri bildirən ardıcıl buraxılışlar daha yüksək versiya nömrəsinə malik olur. Proqramdakı başlıca dəyişikliklər, adətən, versiya nömrəsində önəmli dəyişikliklə qeyd olunur, məsələn, versiya 3.3 və versiya 4.0; cüzi dəyişikliklər isə versiya nömrəsində kiçik dəyişikliklərlə göstərilir, məsələn, 4.01, yaxud 4.1.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.