Şova Retro Qablaşdırma Muzeyi
Şova Retro Qablaşdırma Muzeyi (昭和レトロ商品博物館, Şova Retoro Şohin Hakubutsukan) – Yaponiyanın Ome şəhərində yerləşən muzey. Şova dövründə istifadə olunmuş məhsul qablaşdırmalarına həsr olunmuşdur.
Muzey 1999-cu ildə Ome şəhərində açılmışdır. Muzeyin yerləşdiyi bina 1920-ci illərin əvvəlində mebel dükkanı kimi tikilmişdir və tarixi tikili hesab olunur.
Muzey Yaponiyada 1926–1989-cu illərdə davam etmiş Şova dövründə istifadə olunmuş məhsul qablaşdırmalarının kolleksiyasına ev sahibliyi edir. Yerli şəxslərin də töhfə verdikləri muzey kolleksiyasına "Yeddi samuray" və "Tokio hekayəsi" kimi filmlərin posterləri, dərman reklamları, şirniyyat qablaşdırmaları, Coca-Cola məhsulları, Qodzilla və Ultramen kimi personajların kaycu fiqurları daxildir.
Şova dövrünün retro məhsulları kolleksiyası ilə yanaşı muzeydə folklor haqqında sərgi yerləşir. Bu sərgi Lefkadio Hern tərəfindən populyarlaşdırılmış "Qar qadını" adlı hekayəyə həsr olunmuşdur. Belə ki, Lefkadio Hern bu hekayəni Omedə yaşayan bir fermerdən eşitmişdir.