neyroelm

neyroelm
neyrodinamika
neyrofibril
OBASTAN VİKİ
Neyroelm
Neyroelm — sinir sistemini öyrənən elm sahəsi. İlk başda sadəcə biologiyanın bir sahəsi olaraq inkişaf etsə də, müasir neyroelm fizika, riyaziyyat, kompüter elmləri, dilçilik, psixologiya, fəlsəfə kimi sahələrin kəsişməsində yer alır. Neyroelm sinir sistemini təşkil edən neyronların işləyişini quruluşun fərqli səviyyələrində öyrənir. Buna görə də, neyroelm araşdırmalarında molekulyar biologiya metodlarından tutmuş, canlı insan beynini görüntüləməkdə istifadə olunan fMRT, EEQ kimi fərqli metodlardan istifadə olunur. Nəzəri neyroelmdə empirik təcrübələrdən alınan nəticələr nəzəri əsaslar üzərinə qoyulur. Milyardla neyronlardan ibarət sinir sistemlərini nəzəri şəkildə ələ almaq üçün, neyroalimlər riyazi, fiziki və statistik nəzəriyyələrdən və modellərdən istifadə edirlər.
Musiqinin neyroelmi
Musiqinin neyroelmi musiqinin əsasını təşkil edən idrak proseslərinə aid beyin-əsaslı mexanizmlərin elmi tədqiqidir. Bu davranışlara musiqi dinləmək, ifa etmək, bəstələmək, oxumaq, yazmaq və köməkçi fəaliyyətlər daxildir. Bu elm sahəsi həmçinin musiqi estetikası və musiqi emosiyasının beyin əsasları ilə getdikcə daha çox maraqlanır. Bu sahədə çalışan alimlər koqnitiv neyroelm, nevrologiya, neyroanatomiya, psixologiya, musiqi nəzəriyyəsi, kompüter elmləri və digər aidiyyəti sahələrdə təhsilli ola bilərlər. Musiqinin idraki neyroelmi musiqi psixologiyasının əhəmiyyətli bir sahəsini təmsil edir və beynin birbaşa müşahidələrinə və funksional maqnit rezonans görüntüləmə (ing. fMRI) və pozitron emissiya tomoqrafiyası (PET) kimi beyin görüntüləmə üsullarından istifadəsinə görə idraki musiqişünaslıq kimi əlaqəli sahələrdən fərqlənir. Səslər müxtəlif tezliklərdə titrəyən hava molekullarının dalğalarından ibarətdir. Bu dalğalar daxili qulağın kokleasında olan bazilyar membrana keçir. Fərqli səs tezlikləri bazilyar membranın müxtəlif yerlərində titrəmələrə səbəb olur. Fərqli yüksəklikləri eşidə bilirik, çünki unikal tezlikli hər bir səs dalğası bazilyar membran boyunca fərqli bir yerlə əlaqəlidir.