Niderlandiya
Niderland və ya Hollandiya (nid. Koninkrijk der Nederlanden), köhnə qaynaqlarda Fələməng — Qərbi Avropada dövlət. Şimal dənizinin sahilində yerləşir (sahilin uzunluğu – 451 km). Almaniya və Belçika ilə həmsərhəddir (sərhəddin uzunluğu – 1027 km).
Paytaxtı – Amsterdam, hökumətin iqamətgahı – Haaqa şəhəridir.
Digər iri şəhərləri Rotterdam – dünyanın ən iri limanı, Utrext – ölkənin dəmir yolu sisteminin mərkəzi və Eyndhovendir.
Niderland xüsusi statusa malik olan Aruba adası və Niderland Antil adaları ilə birlikdə Niderland Krallığını təşkil edir. Bu ərazilər arasındakı münasibətlər 1954-cü ildə qəbul edilmiş "Niderland Krallığının Statusu" (Statuut voor het Koninkrijk der Nederlanden) adlı sənədlə tənzimlənir.
"Niderland" sözünün yerli dildə mənası "alçaq ərazilər" deməkdir. Bəzən Niderland Hollandiya adlandırılır.