Nitrozobirləşmələr
Nitrozobirləşmələr — tərkibində bilavasitə karbon atomuna birləşmiş nitrozo qrupu, —N=O olan üzvi birləşmələr.
Məsələn, nitrozo-tretbutan (CH3)3C—N=O nitrozobirləşmədir. Nitrozobirləşmələrin reaksiyayagirmə qabiliyyətləri çox yüksəkdir. Onlar oksidləşdikdə nitrobirləşmələr, reduksiya olunduqda aminlər və ya hidroksilamin əmələ gətirir.
Nitrozobirləşmələr asanlıqla aminlərlə kondensasiya reaksiyasına girir. Aromatik sıranın nitrozobirləşmələri boya maddəsi kimi (məsələn, nitrozoboyalar) və üzvi sintezdə, flüorlu nitrozobirləşmələr (məsələn, CF3NO) isə istiyədavamlı kauçuk istehsalında işlədilir.