Omac
Qarabağ bölgəsində “umac” formasında işlənən bu söz “unun əldə ovulmuş və süddə qaynadılmış xörək” mənasını bildirir. Qərbi Azərbaycanın İrəvan, Vedi, Zəngibasar şivələrində omac sözü “umac” mənasında işlənir. Həmin şivələrdə umacdan bişirilən duru xörək adı da “omac aşı” adlanır. (10, 291)
“Omac” sözündə işlənən “mac” morfemi qədim şəkilçilərdəndir. Az məhsuldardır. Bəzi türk dillərində az qisim sözlərdə müşahidə edilir: tutmac, bazlamac. Məhsulun və əldə edilmiş nəticənin adını bildirən bu şəkilçi “bazlamac” sözünün tərkibində “Kitabi-Dədə Qorqud” dastanlarının dilində də işlədilmişdir: ... əlin-üzün yumadan toquz bazlamac ilən bir küvlək yoğurt gəvəzlər. (15, 33)
Azərbaycan dilinin qədim dövrlərində dökməc, bulamac, bozlamac, umac, tutmac, kəsməc və s. kulinariya terminləri düzəldilmişdir. Axısqa türklərinin dilində “mac” şəkilçisinin ən qədim forması olan “maca”, “məcə” şəkilçisi də işlədilir: Heç saxlamasın canın, bu razıqdur götür nanun, Kərəndəki dəstəxanın, Qalan qırmaca yayn könül (Usta Mürtəz). Həmin şəkilçi ilə əmələ gələn “dönməcə” sözünə də təsadüf edirik (16, 198-199). H. Mirzəzadə -macə, -məcə şəkilçisinin ancaq “Dərbəndnamə”nin dilində olduğunu göstərir və aşağıdakı nümunəni verir: Bir gecə həsarın dibinə ağac və kəsməcə töküb, şəhərə daxil oldular (17, 63)