QADİYANİLİK

İslamla Hind inanclarını, mistika və xristian qnostisizmini özündə birləşdirən sinkretik xüsusiyyətə malik məzhəbdir. Onları “əhmədilər” də adlandırırlar. İslam alimlərinin əksəriyyətinə görə qadiyanilər müsəlman hesab edilmirlər. Onlar İslam mədəniyyətinin nümayəndələri olmalarına baxmayaraq İslamın dini inanc əsaslarından kənara çıxdıqlarına görə İslamdan çıxmış sayılırlar. Qadiyani məzhəbinin yaradıcısı Mirzə Qulam Əhməd Qadyani (1245/1835 – 1318/1908) olmuşdur. O, 1308/1889-cu ildə Hindistanın Pəncab vilayətinin kiçik kəndi olan Qadiyanda doğulmuşdur. İlk dövrlərdə Mirzə Qulam İslamın əsaslarına inansa da, ancaq sonra, İsa peyğəmbərin məzarının Kəşmirdə tapdığını qeyd etmişdir. Onun sözlərinə görə İsa Fələstində çarmıxa çəkilməmiş, Kəşmirə getmiş, orada vəfat etmişdir. Mirzə Qulam İsanın ruhunun ona keçdiyini iddia etmişdir. Daha sonra Mirzə Qulam özünü mücəddid və mehdi elan etmişdir. O eyni zamanda, Tanrıdan vəhylər aldığını da iddia edərək özünü Tanrının yer üzündəki təcəllisi adlandırmışdır. Mirzə Qulam Tanrı təcəllisi və İsanın varisliyi ideyalarını Xristianlıqdan, eləcə də Hind inanclarından götürmüşdür. O, özünü Hind tanrısı olan Krişnanın təcəssümü də adlandırmışdır. İsanın sözlərini özünə məxsus şəkildə təfsir edən Mirzə Qulam, artıq İslamda cihadın ləğv olunmasına dair bəyanatlar vermişdir. Bundan başqa Mirzə Qulam özünü Məhəmməd peyğəmbərin təcəssümü kimi bütün xalqların yeni elçisi elan etmişdir. Ancaq İslama görə Məhəmməd peyğəmbərdən sonra peyğəmbər gəlməyəcək, çünki O, Quranda “Hatəmul-Ənbiya” (peyğəmbərlərin sonuncusu) adlandırılmışdır. Ancaq, Mirzə Qulam bu kimi ayələrin mənalarını başqa cür izah edirdi. Onun dediklərinə görə müxtəlif xalqlar üçün gələn hər bir yeni peyğəmbər Məhəmmədi tanıyıb onun şəriətini qəbul etməli, ona yeni həyat verməlidir. Onunun iddiasına görə Məhəmməd peyğəmbərin “Hatəmul-Ənbiya” adlandırılması heç də Tanrının digər insanlara peyğəmbərlik verməyəcəyi demək deyildir. Tanrı onlarda özünü həm göstərə, həm də onlara vəhylər göndərə bilər. Qadiyanilər Mirzə Qulamın peyğəmbərliyini tanıyaraq onu başqa peyğəmbərlərdən daha üstün hesab edirlər. Mirzə Qulam möcüzələr göstərə bildiyini elan etmişdir. 1312/1894-cü ildə baş vermiş günəşin və ayın tutulmasını öz möcüzəsi kimi qələmə vermişdir. Mirzə Qulama görə üç növ insan vardır: Onun gəlişinə inanıb ona uyanlar, onun peyğəmbər olması haqqında xəbəri olmayanlar və onun peyğəmbərliyini tanımayıb ona qarşı çıxış edənlər. Qadiyanilər Mirzə Qulamın peyğəmbərliyini tanımayan müsəlmanları xristianlar və yəhudilər kimi “əhli-kitab” sayırlar. Onlar Məkkəyə həcc ziyarətinə getmirlər. Bunun əvəzində Mirzə Qulamın doğulduğu Qadiyan kəndinə gedərək orada ibadət edirlər. Mirzə Qulam 1326/1908-ci ildə ölmüşdür. O bir çox əsərlərin müəllifi olmuşdur. Ölümündən əvvəl o, davamçılarına öz aralarından birin xəlifə seçilməsini tapşırmışdır. Qadiyənilərin ilk “xəlifələri” Mövla Nürəddin olmuşdur. Günümüzdə, Qadiyani mənsubları Pakistan, Hindistan, ABŞ, İngiltərə və başqa ölkələrdə yaşayırlar.
QABİL VƏ HABİL
QARUN
OBASTAN VİKİ
Qadiyanilik
Əhmədiyyə və ya Qadiyanilik (ərəb. أحمدية‎, urdu احمدِیہ) — XIX əsrin sonlarında Hindistanda yaranmış İslami təriqət. Bəzi müəlliflərə görə müstəqil dindir. Təriqətin əsası 23 mart 1889-cu ildə Mirzə Qulam Əhməd Qadiyani tərəfindən qoyulmuşdur. Təriqətin əsas vəzifəsi kimi o, İslamın ilkin formasının təbliğini qarşıya qoysa da, hazırda İslam alimləri bu hərəkatı İslamdan kənar dini cərəyan hesab edirlər. Bu təriqət Pakistanda rəsmən qadağan edilsə də, əsas ardıcılları, təxminən 2 milyon nəfər məhz bu ölkədə cəmləşmişdir. Təriqət üzvləri son illərdə digər ölkələrdə də aktiv missionerlik fəaliyyəti həyata keçirirlər. İslam, Hindistan dinləri, mistika və xristian qnostisizminin dini təlimlərini özündə birləşdirən bu təriqət mənsublarını "Əhmədilər" də adlandırırlar. Lakin, İslam alimləri bu adlandırmanın əleyhinə çıxaraq onların Qadiyanilər adlandırılmasını daha düzgün hesab edirlər. Belə ki, Əhməd Məhəmməd peyğəmbərin adlarından biridir və hərəkatın nümayəndələri özlərini Əhmədi adlandırmaqla öz təriqətlərinin İslamla birbaşa əlaqəsini göstərməyə çalışırlar.