Quyruqdoğdu
Quyruqdoğdu — Azərbaycan təqvim inanclarında yayın ortasında, səhərə yaxın şərqdə quyruqlu ulduzların müşahidə edildiyi dövr.
Həsən bəy Zərdabiyə görə 6 avqustdan 15 avqusta qədər davam edir. Yayın orta ayına, Cırcırama dövrünə daxildir. Əvvəlki dövr qorabişirən ay (qoradöyən aydan avqustun ortalarına qədər davam edən ay), sonrakı dövr elqovan ayıdır.
Quyruqdoğdu dövrü keçmiş zamanlarda insanların göyü və ulduzları müşahidə etməsi nəticəsində yaranmışdır. Yay yarı olan gecə səhərə yaxın şərq tərəfdən işığı arxaya tərəf uzanan quyruqlu ulduzlar müşahidə edilir və təsərrüfat işləri bu zamana salınırdı. Küləşi (iri saman) yığmaq üçün də quyruqdoğdunun gəlməsini gözləyərdilər. Çünki bu dövrdə yerə şeh düşür və küləş nəmlənir, daşınması rahatlaşır. Qoyunların qırxılması isə quyruqdoğdudan bir həftə əvvəl edilməli idi. Çünki quyrudoğdudan sonra havalar soyuq olduğu üçün qoyunlar xəstələnə bilər.