QÜSUL

dinin müəyyən etdiyi qaydalara əsasən bütün bədənin su ilə təmizlənməsidir. Qüsulun alınması haqqında Quranda ayə (5: 6) mövcuddur. Qüsulu cinsi əlaqədən, məninin ifraz olmasından, heyz və doğumdan sonra almaq vacibdir. Qüsul - təmiz su ilə bədənin hər bir yerinin yuyulması ya da təmiz axar suya girmək yolu ilə reallaşır. Adətə görə qüsul alarkən niyyət edilməli, ağız və burun yaxalanmalı, sonra baş və bütün bədən yuyulmalıdır. Müctəhidlər qüsulu təklikdə almağın üstün olmasını iddia edirlər. Ancaq buna imkan olmasa hamamlarda övrət yerlərini örtmək şərti ilə başqa adamların olduğu yerlərdə qüsul alına bilər. Qüsul aldıqdan öncə bütün bədən kisələnir, sabun və başqa bu kimi təmizləyici vasitələrlə təmizlənməlidir. Yuyunduqdan sonra bədəni qurulamaq lazımdır. Bəzi ilahiyyatçılar hesab edirlər ki, qüsul alanda üzü qibləyə durmaq olmaz. Fiqhə görə vacib qüsuldan başqa müstəhəb qüsul da vardır. Onu cümə günlərinin, Ramazan və Qurban bayramlarının namazlarını qılmaq üçün alırlar. Həccdə də müstəhəb qusl alınır. İslamı qəbul etdikdə, Məkkə və Mədinə şəhərlərinə getdikdə, uzaq səfərlərdən qayıtdıqda da qüsul almaq tövsiyə edilir. Adətə görə qüsulu gərəkdirən hallarda Quran oxumaq, onun səhifələrinə toxunmaq, məscidə girmək olmaz. Doğumdan sonra namaz qılınmır. Heyz halında olan qadınlar da namaz qılmamalı, oruc tutmamalıdırlar. Bu hallarda olan qadınların qıla bilmədikləri namazları bağışlanır. Ancaq Ramazan ayında buraxılan oruc günlərinin qəzasını (II) yerinə yetirməlidirlər.
QÜDSİ HƏDİSLƏR
QÜTB