Qıpçaqlar
Qıpçaqlar və ya Kumanlar — köçəri türk tayfalarından biri.
Qıpçaqlar (Kumanlar) qədim türk xalqıdır. Qıpçaqlardan ilk dəfə eramızdan əvvəl Orta Asiya mənbələrində danışılmışdır. Dilləri qıpçaq türkcəsidir.
Qıpçaqlar, VIII–IX əsrlər ətrafında Orta Asiyadan Urala keçmiş və burada üstünlük qazanmışlar, daha sonra oğuzlarla birgə Orta Asiyaya yayılmışdılar. Tarix səhnəsinə IX–XI əsrlər arasında çıxmışlar. Qıpçaqlar, monqol zəbtindən əvvəl də Sır-dərya, İdil və Don arasında, Qafqaz və Krım dağlarında, Xəzərin şimal düzlüyü ilə bu günkü Qazaxıstanın orta və şimal-qərb arasında yaşayıb bir çox türk tayfaları ilə qarışmışlar və İran, Suriya, Rusiya, Şərqi Avropa və Bizans ilə hərbi, ticarət və iqtisadi əlaqələr qurmuşlar. Əvvəllər "Oğuz çölü" deyilən torpaqlar, artıq XIII əsrdə Dəşti Qıpçaq adı ilə xatırlanmağa başlanmışdır. Çindən Don çayına, Uraldan Qara dənizə qədər olan sahəyə yayılan qıpçaqlar, bu dövrdən sonra da böyük sürətlə yeni ərazilərə yayılırdılar.
Macar tarixçilərinin məlumatlarına görə, 1020-ci illərdə, Qərbi Sibirdə böyük bir kimek-qıpçaq tayfa birliyi vardır.