Qızılboya
Boyaqotu (lat. Rubia) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Boyaqotu Azərbaycanda qədim zamanlardan becərilən və xüsusi əhəmiyyət kəsb edən texniki bitkilərdən biridir. Boyaqotu adı ilə tanınan bu bitkidən toxuculuqda qırmızı rəng kimi istifadə edildiyi üçün ona qızıl boya adının verilməsi də təsadüfi deyildir.
Azərbaycanda yabanı halda bitdiyini və toxuculuqda rəng üçün geniş istifadə edildiyini nəzərə alsaq, onun bu ərazidə hələ eramızdan çox-çox əvvəl becərildiyini ehtimal etmək olar. Lakin ilk orta əsrlərdə bu bitkinin Azərbaycanda geniş becərilməsi tamamilə qanunauyğun bir haldır. Bu dövrdə feodalizmin təşəkkülü, şəhərlərin yaranması və inkişafı bu şəhərlərdə toxuculuğun geniş miqyas alması və bununla əlaqədar olaraq rəngə olan tələbat boyaq kökünün daha bol istehsalını tələb edirdi. Ona görə də ölkədə boyaqotu bitkisinin əkin sahəsi də artırdı.
Əsrlər boyu boyaqotu bitkisinin becərilməsində elə bir əsaslı dəyişiklik olmamışdır. Başqa bitkilər kimi, boyaqotu bitkisi xam torpaqda daha çox məhsul verir.