Elmi üsul
Elmi metod — elmi ictimaiyyətin öz fəaliyyətində rəhbər tutduğu kateqoriyalar, dəyərlər, tənzimləmə prinsipləri, əsaslandırma üsulları, nümunələr və s. sistemi.
Metod hadisələrin öyrənilməsi, sistemləşdirilməsi, yeni və əvvəllər əldə edilmiş biliklərin korreksiyası üsullarını əhatə edir. Əqli nəticələr obyekt haqqında empirik(müşahidə edilə bilən və ölçülə bilən) məlumatlara əsaslanan mülahizə qaydaları və prinsiplərindən istifadə etməklə aparılır. Müşahidələr və təcrübələr məlumat əldə etmək üçün əsasdır. Müşahidə olunan faktları izah etmək üçün fərziyyələr irəli sürülür və nəzəriyyələr qurulur, onların əsasında öz növbəsində öyrənilən obyektin modeli qurulur.
Elmi metodun mühüm cəhəti, onun hər hansı bir elm üçün ayrılmaz hissəsi nəticələrin subyektiv şərhini istisna edən obyektivlik tələbidir. Heç bir izah, hətta nüfuzlu alimlərdən gəlsə belə, təbii qəbul edilməməlidir. Müstəqil yoxlamanı təmin etmək üçün müşahidələr sənədləşdirilir və bütün ilkin məlumatlar, metodlar və tədqiqat nəticələri digər alimlərə təqdim olunur. Bu, təkcə eksperimentləri təkrarlamaqla əlavə təsdiq əldə etməyə deyil, həm də sınaqdan keçirilən nəzəriyyəyə münasibətdə eksperimentlərin və nəticələrin adekvatlıq (əsaslılıq) dərəcəsini tənqidi qiymətləndirməyə imkan verir.