Adil Əfəndiyev (tərcüməçi)
Adil Əfəndiyev və ya Adil Nəcdət (1907 – 9 fevral 1973, Bakı) — Axısqa türkü, alim, Bakı Sovetinin II, IV, V, VI, VIII, IX çağırış deputatı.
Adil Ələddin oğlu Əfəndiyev 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsini bitirmişdir. Əmək fəalyyətinə hələ tələbə ikən başlamışdır. 1924-cü ildə "Kəndli qəzetəsi"nin katibi, 1925–1939-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatı – "Azərnəşr"də orfoqraf, tərcüməçi, redaktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 1939–1953-cü ildə Azərbaycan Radio Verilişləri Komitəsində baş redaktor, sədrin birinci müavini və sədr vəzifəsində çalışmışdır. 1954–1964-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatı-"Azərnəşr"in müdiri vəzifəsində çalışmışdır. 1964–1972-ci illərdə Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi sədrinin birinci müavini olmuşdur. 1972–1973-cü illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda tərcümə bölməsinin müdiri olmuşdur. Nizami Yubiley Komitəsinin məsul katib və sədr müavini, terminoloji komitənin, toponimika
komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının üzvü olmuşdur.
Bir çox bədii, siyasi əsərlərin, o cümlədən K. Marks, F. Engels, V. İ. Lenin, Ö. Xəyyam, İ. S. Turgenyev, L. Tolstoy, M. Tven, C. Oldric və başqalarının əsərlərnin, tarix və coğrafiya dərsliklərinin Azərbaycan dilinə tərcüməçisi və tərcümələrinin redaktoru olmuşdur.