Səhralaşma
Səhralaşma — həm insan fəaliyyəti (antropogen səbəblər), həm də təbii amillər və proseslər nəticəsində dünyanın arid, yarımquraq və quraq rayonlarında torpaqların deqradasiyası. Arid ərazilərdə təbii mühitin pozulması təhlükəli vəziyyət almaqdadır, çünki səhralaşma prosesi getdikcə daha aydın nəzərə çarpır.
Ərazinin quru iqlim şəraiti – yəni, yüksək günəş radiasiyası, hava və yer səthində yüksək temperatur və səthi buxarlanma, yağıntıların çatışmazlığı və aşağı nisbi rütubət göstəriciləri səhralaşma əlamətləri kimi qəbul olunur. Bəzən, torpaqların səmərəsiz və hədsiz istifadə olunması nəticəsində ekosistemin pozulması səhralaşmaya səbəb olur. Bu zaman əkin sahələri və otlaqlarda bioloji və iqtisadi məhsuldarlığın aşağı enməsi, yəni deqradasiyası müşahidə edilir. Torpaq qatının nazilməsi və strukturunun pozulması, bitki kütləsinin və növ sayının azalması ərazidə külək eroziyasının şiddətini artırır. Səhralaşma çox çətinliklə bərpa olunan bir landşaft prosesidir. Onun 1 sm-lik torpaq qatının bərpasına 70 – 150 il vaxt tələb olunur. Azərbaycanın dağətəyi və düzən rayonlarında səhralaşma prosesi meşələrin müxtəlif tipli şibləklərə (kol-kos), bedlendlərə, otlaq və əkin yerlərinin isə şorlaşmış sahələrə, bataqlıqlara çevrilməsi istiqamətində gedir. Bu proses suvarma kanallarının təşkili və istifadəsinin düzgün aparılmaması, sistemsiz mal-qara otarılması, aqrotexniki qaydalara riayət olunmaması, texnikadan düzgün istifadə edilməməsi, plansız yol şəbəkəsinin salınması və s.