Sarışilə
Mürəkkəb quruluşa malik bu xörək adının birinci komponenti rəng bildirir. İkinci komponendə işlənən “şilə” sözü xörək adıdır. Fikrimizcə, bu xörək sarı rəngə çaldığına görə belə adlandırılmışdır. Bu xörək haqqında “Güney Azərbaycan örnəkləri” kitabında belə bir məlumat əks olunmuşdur: “Düyünü su və zəfəranla isladıb yaxşı bişirərkən ona şəkər və zəfəran artırırlar, sonra da doğranmış badam içi, bir də gülab töküb, qablara çəkəndən sonra üstünə darçınla qızılgül səpərlər. Sarışilə orucluq süfrələrinin bəzəyidir. Bir də məhərrəmdə bunu nəzir olaraq paylayırlar. Sarışiləni bişirəndə hər kəs ki, arzusu, ya da istəyi olsa, qazanı qarışdırar, sonra bəlli bir zamanadək arzusu yerinə yetsə, o da sarışilə bişirib qapılara paylayar”. (28, 310)