SÜHRƏVƏRDİLƏR

sufi təriqətlərindən birinin ardıcıllarıdırlar. Təriqətin adı Şihabəddin Əbu Həfs Ömər Sührəvərdi (632/1234-cü ildə vəfat etmişdir) ilə bağlıdır. O, Cənubi Azərbaycanın Zəncan vilayətinin Sührəvərd kəndində doğulmuşdur. Sonra Bağdada köçərək orada Quran təfsirini, hədisləri və fiqhin əsaslarını öyrənmişdir. Əbu Həfs mənəviyyat yoluna əmisi Əbu Nəcibin başçılığı altında başlamışdır. Sonra o, Abbasi xəlifəsi Nasir Lidinillahın hörmətini qazanmış və buna görə də, xəlifə onun üçün bir mədrəsə tikdirmişdir. Əbu Həfs dövründə çox tanınmışdır. Onun yanına dərs almaq üçün müsəlman dünyasının müxtəlif bölgələrindən tələbələr gəlirdilər. Onlardan biri məşhur şair Sədi Şirazi olmuşdur. Bağdadda Əbu Həfs bütün sufi təkkələrinə və təriqətlərinə başçılıq edirdi. O, Əbdülqədir Gilani, İbn Ərəbi, İbnül-Farid kimi tanınmış sufi alimləri ilə görüşmüşdür. Əbu Həfs bir çox əsərlərin müəllifi olsa da, onun sufilərin mənəvi təcrübəsinə həsr edilmiş “Əvarifül-Məarif” kitabı daha çox tanınmışdır. Əbu Həfsin sağlığında onun təlimi İraq, Suriya və İranda geniş yayılmışdır. Sonra sührəvərdilik Türküstan, Hindistan və Anadoluda yayılmağa başlamışdır. Ancaq, onun qurduğu təriqətin ardıcılları Hindistanda daha çox yaşamışdır. Sührəvərdilər öz mənəvi varislik silsiləsini Əli ibn Əbu Talibdən başlayıb, Əhməd Qəzaliyə qədər yüksəltmişdirlər. Bu silsilədə Cüneyd Bağdadi və Əbu Nəcib Əbdülqahir Sührəvərdi (563/1166-cı ildə vəfat etmişdir) kimi tanınmış sufilər də vardır. Təriqətin məclislərində ucadan zikrlər deyilsə də, fərdi təcrübədə səssiz zikrlərə də yer verilir. Sührəvərdilikdə müxtəlif cərəyanlar da vardır.
SÜHRƏVƏRDİ ŞİHABƏDDİN
SÜHUFLAR