SÜNNİLƏR
müsəlmanların çoxluq təşkil etdiyi etiqadi məzhəbin mənsublarıdırlar.
Ərəbcə “əhli-sünnə vəl-camaa” kimi səslənir. Onlar Məhəmməd peyğəmbərin və onun ardıcıllarının göstərdiyi yolla getməyi özlərinə vacib bilirlər. Sünnilik tarixi şəraitdən və zərurətdən doğmuşdur.
Məhəmməd peyğəmbərin sağlığında müsəlman icması, münafiqlərin müxalifəti kimi bəzi istisnaları nəzərə almadan bütövlüyünü qoruyub saxlamışdır. Bu bütövlük ilk dəfə Məhəmməd peyğəmbərin vəfatından sonra Əbu Bəkrin xəlifə seçilməsi ilə pozulmuşdur.
O zaman Əli ibn Əbu Talibi xəlifə görmək istəyən güvvələr meydana çıxmışdır. 35/656- cı ildə xəlifə Osmanın öldürüldüyündən sonra parçalanma daha surətlə getməyə başlamışdır. Əli ibn Əbu Talibin zamanında isə Xilafətdə vətəndaş müharibəsi başlamışdır. Şiələr, nəsibilər və xaricilər siyasi mübarizə aparırdılar.
Elə bu dövrdə yəhudilər, xristianlar və zərdüştilər kütləvi şəkildə İslamı qəbul edirdilər. Onların vasitəsi ilə İslama o dinlərin müəyyən elementləri daxil olurdu, beləliklə, israiliyyat anlayışı formalaşmışdır. Bu şəraitdə müsəlmanların çox hissəsini təmsil edən və heç bir tərəfə aid olmayan İslam böyükləri İslam dininin əsaslarını qorumaq məqsədi ilə öz məktəblərini təşkil etmişdirlər.
Onların arasında Abdullah ibn Ömər, Həsən Bəsri, Əbu Hənifə, Malik ibn Ənəs kimi şəxsiyyətlər də olmuşdur. Onların metodları və prinsipləri arasında fərqlər ortaya çıxmışdır. Sonra İraq ilahiyyatçıları rəy tərəfdarları, Hicaz ilahiyyatçıları hədis tərəfdarları kimi tanınmağa başlamışdırlar. Sünniliyin yaranmasında qədərilərin, cəbrilərin, mürciilərin və başqa təriqətlərin təsiri olmuşdur.
Onlarla razılaşmayan və mübahisələr aparan ilahiyyatçılar bu ixtilaflar nəticəsində öz təlimlərini yaratmışdırlar.
Zaman keçdikcə Əməvi, sonra Abbasi xəlifələrinin hakimiyyəti möhkəmləndikcə şiələrə və xaricilərə qoşulmayan bu məktəblərin birləşdirilməsi prosesi başlamışdır.
Məsələ burasında idi ki, hakimiyyətə xalqı idarə etmək üçün vahid və mərkəzləşdirilmiş din lazım idi. Bu proses uzun müddət davam etmişdir, onların arasında ixtilaflar da olurdu.
Sonda isə bu məktəblərin birləşdirilməsi sünniliyin formalaşmasına gətirib çıxarmışdır.
Abbasilər dövründə mütəzililər sünniliklə bir zamanlar rəqabət aparmışdırlar. Onları da sünnilər kimi hakimiyyət dairələri dəstəkləmişdir.
Ancaq, mütəzililərlə mübarizədə sünnilər qalib gələ bilmişdirlər.
Buna baxmayaraq sünnilər həm əqidə, həm də fiqhi baxımından bir çox hallarda birbirindən fərqlənirlər. Fiqhdə onların hənəfi, şafii, maliki və hənbəli məktəbləri vardır. Onlardan hənəfilər İraq rəy məktəbinin, qalan üçü isə Hicaz hədis məktəbinin ardıcılları idilər. Onların hamısının metod və hökmlərində fərqlər mövcuddur. Əqidə baxımından da sünnilərin ən azı üç məktəbi olmuşdur. Bunlar əşəri, maturidi və sələfi məktəbləridir ki, onların da arasında müəyyən fərqlər və ixtilaflar mövcuddur.
Sünniliyin ümumi əqidə prinsipləri birdir.
Bunlar sünni əqidəsinin əsaslarını təşkil edir, bununla da mütəzili və şiə iman əsaslarından fərqlənir. Sünnilərdə iman əsasları altıdır: tövhidə, məlakələrə, müqəddəs kitablara, peyğəmbərlərə, qiyamət gününə, qəza və qədərə iman. Ayrıca, bütün sünnilər üçün İslamın beş şərti vardır: kəlmeyi-şəhadəti dillə söyləyib qəlblə təsdiq etmək, hər gün beş vaxt olmaqla namaz qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq və həccə getmək.