Lui-Jak Tenar
Lui-Jak Tenar (fr. Louis Jacques Thénard; 4 may 1777[…] – 21 iyun 1857[…], Paris) fransız kimyaçısı, Paris Elmlər Akademiyasının prezidenti
== Həyatı ==
Lui-Jak Tenar 1777-ci il mayın 4-də La Luptyeredə (Nojan-sür-Sen yaxınlığında) anadan olmuşdu. 1798-ci ildə Parisdəki Politexnik Məktəbini bitirərək elə orada işləməyə başlamışdı. 1804–1840-cı illərdə Kollej de Fransın, eyni zamanda 1810-cu ildən Paris Universiteti və Politexnik Məktəbinin professoru kimi fəaliyyət göstərmişdi. 1810-cu ildən Paris Elmlər Akademiyasının üzvü və 1823-cü ildə onun prezidenti olmuşdu.
== Elmi maraq sahəsi ==
Tenarın elmi maraq sahəsi, əsasən, qeyri-üzvi kimya idi. O, tədqiqatlarını, əsasən, Gey-Lyüssakla birgə aparırdı. Onlar kalium və natrium hidroksidlərinin istiliyin təsiri ilə dəmirlə reduksiyası vasitəsilə bu metalların alınma üsulunu işləmişlər. 1808-ci ildə o, kaliumun bor oksidinə təsiri nəticəsində bor almış, 1809-cu idə xlorun hidrogenlə reaksiyasına işığın təsirini aşkar etmiş, 1810-cu ildə üzvi birləşmələrin analizi üsullarını təklif etmişdi. O, natrium, kalium, yod və xlorun kimyəvi element olduğunu, xlorid və yodid turşularının tərkibində oksigenin olmadığını sübut etmişdi.