Anna-Tereza Timineçka
Anna-Tereza Timineçka (ing. Anna-Teresa Tymieniecka) — Polşa əsilli amerika filosofu, müasir dövrün ən məşhur və daim fəaliyyətdə olan fenomenoloqlarından biri, Ümumdünya Fenomenologiya İnstitutunun təsisçisi və prezidenti, Springer nəşriyyatı tərəfindən nəşr edilən Analecta Husserliana adlı (100-dən artıq cildi çapdan çıxmış) kitab silsiləsinin redaktoru .
== Həyatı ==
=== Təhsil və müəllimlik fəaliyyəti ===
Anna-Tereza Timineçka 28 fevral 1923-cü ildə Polşanın Marianovo şəhərində Polyak-Fransız aristokrat ailəsində anadan olmuşdur. Onun fəlsəfə ilə tanışlığı erkən illərdən başlanmışdır. Belə ki, bu dövrdə o, Lvov-Varşava Fəlsəfi məktəbinin yaradıcısı olan Kazimir Tvardovskinin (Kazimierz Twardowski) Zur Lehre vom Inhalt und Gegenstand des Vorstellungen (Təsəvvürlərin məzmunu və predmetinə dair) adlı fundamental əsəri və həmçinin Platonun və Berqsonun bir çox əsərləri ilə tanış olur. Sonuncu müəllifin fəlsəfəsinə maraq onun anası Mariya-Ludvika de Lanval Timineçka (Maria-Ludwika de Lanval Tymieniecka) tərəfindən yaradılmışdı.
İkinci dünya müharibəsindən sonra Anna-Tereza Timineçka fəlsəfə ilə Krakovda Jagiellon universitetində (Jagellonian University) sistematik məşğul olmağa başlayır. Burada o, Kazimir Tvardovski və Edmund Hüsserl kimi məşhur müəllimlərin tələbəsi olmuş Roman İngqarden rəhbərliyi altında çalışır. Eyni vaxtda o, Krakov İncəsənət Akademiyasında təhsil alır.
İki ilə universitet proqramını tam başa vuran Anna-Tereza Timineçka öz təhsilini davam etdirmək üçün İsveçrəyə gedir.