Opera

Vikipediya saytından
Sabin.K.M (müzakirə | töhfələr) tərəfindən edilmiş 07:40, 16 fevral 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Avropada opera binası

Opera (italyan dilində: iş, əmək, məşğuliyyət; latın dilində — əmək, əl işi, əsər) — məzmunu musiqi dramaturgiyası, xüsusilə vokal musiqi vasitəsilə ifadə edilən musiqi-dram incəsənət janrı. Opera, teatr incəsənətinin növüdür, o, özündə rəngarəng bədii vasitələri, solo və xor oxuma ansamblları, simfonik orkestri, təsviri incəsənətinin elementlərini (dekorasiyalar, kostyumlar) birləşdirir. Operanın ədəbi əsasını libretto təşkil edir.

Opera janrının tarixi

Opera İtaliyada misteriyalarda – musiqisi epizodik işlədilən və əhəmiyyəti o qədər də yüksək olmayan ruhani tamaşalarda yaranıb. Beverininin "Müqəddəs Pavelin dönməsi" (1480) ruhani tamaşasında əsər boyu səslənən musiqi ilk dəfə ciddi mövqe tutur.

XVI əsrin ortalarında musiqisi motet, yaxud madriqal səciyyəsində xor ilə məhdudlaşan "çoban oyunları" – pastorallar geniş intişar tapır. Orasio Vekkinin "Amfiparnasso" madriqal komediyasında səhnə arxasından beşsəsli madriqal formasında səslənən xor aktyorların səhnədəki çıxışları müşayiət edirdi. "Commedia armonika" – "Harmonik (yəni ifa ilə müşayiət olunan) komediya" ilk dəfə Modena sarayında 1597-ci ildə səhnəyə qoyulub.

XVI əsrin sonlarında madriqal komediyalara təksəsli ifa monodiya formasında yazılmış partiyaları daxil etmək cəhdləri yer almışdır. Məhz bu cəhdlər sayəsində opera adlanacaq janr öz inkişafını sürətləndirmişdir. Həmin cəhdlərlə əsərlərini zənginləşdirən müəlliflər artıq öz musiqili-dram əsərlərini "drama in musica", yaxud "drama per musica" adlandırmağa başlayırlar.

İlk operalar İtaliyada XVII-XVIII əsrlərdə yaranmışdır. Onların müəllifləri – Yakopo Peri, Klaudio Monteverdi və s. Qədim tarixi və antik əsatirlərin süjetinə yazılmış bu erkən operaları instrumental ansambl ilə müşayət edən solo vokal nömrələrdən ibarətdir. Onun əsasında XVII-XVIII əsrin əvvəlində İtaliyada opera–seriya janrı yaranır. Faciə süjetinə yazılmış opera-seriyada 89 əsas rolu virtuoz müğənni ifa etməli idi. Bu janrın görkəmli yaradıcıları A.Skarlatti və Georq Fridrix Hendeldir.

XVIII əsrin ortalarında bəstəkar Kristof Villibald Qlyuk operanın köklü islahatını aparır. Virtiozluğun həddindən artığına qarşı cıxır, o, vokal partiyalarının ifadəli sadəliyinə üstünlük verir. Musiqini səhnə danışığı intonasiyasına yaxınlaşdırır. Onun məşhur operası - “Orfey”dir.

Operanın növləri

Opera musiqisinin tarixən müəyyən növləri formalaşmışdır. Opera dramaturgiyasının bəzi ümumi qanunauyğunluqlarının olmasına baxmayaraq, komponentləri operanın növündən asılı olaraq müxtəlif şəkildə başa düşülür.

  • Böyük opera (opera seria — italyan dilində, tragédie lyrique, daha sonra grand-opéra — fransız dilində),
  • Yarıkomik (semiseria),
  • Komik opera (opera-buffa — italyan dilində, opéra-comique — fransız dilində, Spieloper — alman dilində),
  • Romantik opera, romantik məzmunlu.

Komik alman və fransız operalarında musiqi nömrələr arasında dialoqun olması mümkün sayılır. Ciddi operalar arasında da belələrinə rast gəlinir, məsələn, "Fidelio" (Lüdviq van Bethoven), "Medeo" (Kerubini), "Sehrli oxatan" (Veber).

  • Komik operanın törəməsi qismində XIX əsrin ikinci yarısında xüsusi intişar tapmış operettanı hesab etmək olar.
  • Uşaq ifası üçün operalar (məsələn, "Balaca bacatəmizləyən", "Nuhun gəmisi", (Bencamin Britten), "Kral Birinci Matiuş" "Asqard" "Çirkin ördək balası" "Kokinvakasü" (Lev Konov).

Operanın elementləri

Opera — bir teatr səhnəsində incəsənətin müxtəlif növlərinin – dramaturgiya, musiqi, təsviri incəsənət (dekorasiyalar, geyimlər), xoreoqrafiya (balet) – vəhdətini ehtiva edən sintetik janrdır.

Opera heyətinə daxildir: solist, xor, orkestr, hərbi orkestr, orqan.

Opera səsləri: qadın: soprano, metso-soprano, kontralto; kişi: kontrtenor, tenor, bariton, bas.

Opera əsəri aktlara, şəkillərə, səhnələrə, çıxışlara bölünür. Aktları proloq öncələyə və epiloq sonuclaya bilər.

Opera əsərinin hissələri – reçitativlər, ariozo, mahnılar, ariyalar, duetlər, trio, kvartetlər, ansambllar və i.a. Simfonik formalar: uvertüra, introduksiya, antraktlar, pantomima, melodrama, yürüşlər, balet musiqisi.

Qəhrəmanların xarakterləri "solo çıxışlarda" (ariya, ariozo, arietta, kavatina, monoloq, ballada, mahnı) tam açılır. İnsan nitqinin musiqili-intonasiyalı və ritmik səsləndirilməsi olan reçitativ operada müxtəlif vəzifələr yerinə yetirilir. Əksər hallarda reçitativ bitmiş olan çıxışları həm məzmun, həm də musiqi baxımından bir-biri ilə əlaqələndirilir və ya musiqi dramaturgiyasının təsirli amili kimi çıxış edir. Operanın bəzi növlərində, xüsusilə komik operalarda, reçitativ əvəzinə adətən dialoq şəklində adi danışıq səslənir.

Dram tamaşasındakı dialoq səhnəsinə operada "musiqili ansambl" (duet, trio, kvartet, kvintet və i.a.) müvafiqdir. Bu "musiqili ansambl" xüsusi səciyyəyə malikdir ki, o da münaqişə situasiyalarını yaratmaq imkanı əldə etməklə yanaşı təkcə dramaturji xəttin inkişafını göstərməklə kifayətlənmir, həm də xarakterlərin, ideyaların toqquşmasını ifadə etmək imkanına malikdir. Bu səbəbdən ansambllardan əsas etibarilə operanın kulminasiya yerində, yaxud sonunda istifadə olunur.

Xor operada müxtəlif formalarda təzahürünü tapır. Bəzi hallarda xor əsas süjet xətti ilə əlaqədə olmayıb fon olaraq işlənir, bəzi hallarda isə baş verən hadisələri özünəməxsus şəkildə şərh edir. Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasına işlətmiş olduğu xor səhnələri buna bariz sübutdur.

Operanın musiqili dramaturgiyasında əsas rolu orkestrə ayrılıb. Orkesrtin simfonik vasitələri obrazların tam şəkildə açılmasına xidmət edir. Uvertüra, antrakt – operanın ayrıca orkestr epizodlarıdır. Opera tamaşasının daha bir komponenti balet (Nikolay Rimski-Korsakovun "Mlada" operası misal kimi göstərilə bilər), xoreoqrafik səhnələr hesab olunur.