Xor (yun. χορός yığıncaq, camaat) — Vokal musiqinin kollektiv ifası.[1]
Yəhudilik, xristianlıq və islam oxumalarının əsasını birsəsli oxuma tərzi tutur. Bu həm şərq xalqlarının musiqi təfəkkürü ilə, həm də monoteizmin ideologiyası ilə əlaqədardır:
Təksəsli oxuma tərzi barəsində ədəbiyyatda belə yanlış fikirlərə rast gəlmək olur ki, təksəslilik musiqini çoxsəslinin o biri səslərlə birləşib çətinlik yaratmasından azad edib. Beləliklə, çoxsəslilik təksəslinin mürəkkəb forması kimi tarixin inkişaf mərhələsində meydana gəlməsi fikri ortaya atılır. M. Xarlap qeyd edir ki, musiqişünasları düşündürən "çoxsəslinin nə vaxt yaranması" problemini, təksəslinin nə vaxt yaranması ilə əvəz etsələr, daha düzgün olar. Belə ki, musiqi əvvəlcə çoxsəsli yaranmışdır".
Skrebkov isə yazır: "Təksəsli oxuma çoxsəsli oxumanın bir növ monodik təkrarıdır. Təksəsliliyə kollektivdən yaranma kimi baxmaq lazımdır."[2]
Qədim tarixi əhəmiyyətə malik olan Yunanıstanın xor mədəniyyəti xüsusi maraq doğurur. Burada gənclərin tərbiyəsində əsas vasitə kimi çıxış edən xor musiqisi birincilik təşkil edərək, təlim-tərbiyə prosesində əsas yer tuturdu. Təsadüfi deyil ki, Yunanıstanda xorda oxuya bilməyənə "savadsız" adı verilirdi. Qədim zamanlardan bu ölkədə xor musiqisi xalq bayramlarında ifa olunurdu, bu da əsas məhsul yığımı ilə bağlı idi. Burada pantomik (qiporxemi) xarakter daşıyan rəqslər xalq arasında geniş yayılaraq, çox populyar olmuşdular. Ölkənin müxtəlif şəhərlərində xor ansamblının açıq və ümumi yarışları keçirilirdi.
Bizansın xor mədəniyyəti ancaq feodalizm dövründə yüksək inkişaf pilləsinə qalxmışdı. Onun çiçəklənmə dövrü isə VI–VII əsrlərə aid edilir. Öz melodikliyi, ahəngliyi və zəngin peşəkar yazı üslubu ilə fərqlənən himn musiqisi bu ölkədə xüsusi şöhrət qazanmışdı. Mədh edən mahnı-himnlərin yaradıcıları məşhur müğənni Roman Sladko – bir çox kondakların (çoxbəndli lirik-dramatik məzmunlu, solist və xor üçün bəstələnmiş əsər) müəllifi – və Kritli Andrey ilə Dəməşqli İoannın kanon (kondakdan daha mürəkkəb musiqili poetik əsər) quruluşunda yazılan əsərlərin yaradıcıları idilər.
Orta əsrlərdə Qərbi Avropa ölkələrinin profesional xor sənəti katolik kilsələri ilə monopoliya edilmişdi. Qriqorian oxuması adı katolik kilsəsində oxuyan reformatorlardan biri Roma papası böyük Qriqorinin adı ilə bağlıdır (reforma 590-cı ildən 690-cı ilə kimi) oxu musiqisi unison quruluşda və yalnız həmcins kişi xoruna aid edilirdi. Bu xor sənəti qapalı sistem kimi VII əsrdə tamamlanmışdır. Çox axtarışlardan sonra mahnı toplusu "antifonoriy" yaradılır, bu da ciddi üslübda yazılan melodiyalardan ibarət idi. Bu mahnılar orta əsr ladlarında yazılsa da, ciddi və sərt, lakin çox gözəl melodikliyi ilə fərqlənirdi. Ən qədim Qriqorian oxu formalarından sayılan psalmodiyalar — kiçik diapazon çərçivəsində yazılsa da, melodik hərəkətlərlə, ametrik ritmində, latın dilində yazılmış melodik reçitativ ifaya malik idi.[3][4]
Xor musiqisi qədim Misirdə və Babildə xalq hərəkatı zamanı səslənirdi. Qədim Hindistanın mahnıları rəqs və instrumental musiqi ilə sıx bağlıdır. Hindistanda qadın xorları yalnız çar və radja dövrlərində yüksək peşəkar səviyyəyə çatmışdılar. Qədim Fələstinin mahnıları, rəqsləri, kütləvi yürüşlərin xorla səslənməsi və müxtəlif alətlərlə müşayiəti haqqında "Əhdi-ətiq" ("Vetxiy zavet") kitablarında oxumaq olar.
Tarixi qaynaqlardan belə aydın olur ki, islam aləmində xor ifaçılığı müədzinlərin minarələrdə və sufi dərvişlərin Səma (dinləmə) zamanı kollektiv şəklində oxuması, eləcə də kölə qadınların məclislərdə oxuması şəklində olub[5].
Azərbaycanda ilk peşəkar xor mədəniyyətinin banisi dahi Üzeyir Hacıbəyov olub. O, tək bəstəkar deyil, həm xormeyster də və jurnalist kimi də xor sənətinin yayılmasında və sevilməsində çox işlər görmüşdür.
Xor mədəniyyətinin inkişafının nəinki musiqidə, həm də ictimaiyyətdə lazım və vacib olmasını Üzeyir bəyin silahdaşı Müslüm Maqomayev də dərk edərək (onlar Qori seminariyasında birlikdə oxumuşlar) 1905 – 1906-cı illərdə Lənkəran şəhərində işlərkən öz tələbələrindən və həvəskar musiqiçilərdən ibarət xor təşkil etmişdir.
Bakıda həvəskar və kilsə xorlarının təşkili nəticəsində milli klassik musiqisinin banisi Üzeyir Hacıbəyov ilk opera səhnə əsərlərini həyata keçirirdi. E. Abasova öz monoqrafiyasında Üz. Hacıbəyovun belə bir fikrini irəli sürür: "Mənim üçün və eləcə də Azərbaycan operası üçün Slavinskinin və Şatkovsinin simfonik orkestri və yəhudi xor qruppasının ifaçılarının köməyinin böyük rolu oldu"[6], lakin yalnız bunlarla milli xor mədəniyyətinin problemlərini həll etmək mümkün deyildi. Musiqi mədəniyyətinin müvəffəqiyyətli inkişafı həmişə peşəkar təhsil ilə əlaqədardır.
Xorla oxuma fənni Bakı Musiqi Akademiyasının və Azərbaycan Türk Musiqi Məktəbinin tədrisinə 1922-ci ildə Üzeyir Hacıbəyov tərəfindən daxil edilmişdir. Milli repertuar yaratmaq üçün Ü. Hacıbəyov kiçik xor əsərləri yazır. Bunun üçün o, öz məşhur melodiyalarını ikisəsli xor üçün işləyir.[7][8]
1926-cı ildə Ü. Hacıbəyov Azərbaycan Dövlət Koservatoriyasında ilk çoxsəsli Azərbaycan xoru yaratdı. Bu kollektiv çox az müddət fəaliyyət göstərdi. Yalnız 1936-cı ildə, 10 ildən sonra Hacıbəyov arzusuna nail olur. O, M. Maqomayev adına Azərbaycan filarmoniyasında vokal sahədə bacarıqlı, lakin xüsusi hazırlıqlı olmayan gənclərdən ibarət ilk Azərbaycan Dövlət xor kollektivi yaratdı.
Azərbaycanda çoxsəsli xor oxuması ənənələrinin olmamasını Üzeyir Hacıbəyov belə izah edirdi:
"Qədim zamandan xalqımızın vokal mədəniyyəti tarın və dəfin muşayiəti ilə solo muğamatla kifayətlənirdi. Ancaq nadir hallarda (kəndlərdə) toy zamanı, gəlinlə bəyi xor oxuması ilə tərifləyirdilər. Bu zaman da ifaçılar bir səslə – unison oxuyurdular. Xor oxumasının formasında Lənkəranda yaşayan talışlar bir az dəyişikliklər etmişlər. Onlar xoru iki yerə, qruppaya ayırmışlar. Birinci qruppa melodiyanı bitirəndə, ikincilər həmin tonla oxumağa başlayırdılar. Xor musiqisində çoxsəsli quruluşun olmamasını polifonik və harmonik fakturanın böyük çətinliklərlə rastlaşması ilə izah etmək olar".
Üzeyir Hacıbəyov tərəfindən işlənilib, hazırlıqlı milli intonasiyalar əsasında xor fakturasının tədricən mürəkkəbləşməsi metodikası müsbət nəticələr verdi. Azərbaycan bəstəkarlarının xor musiqisinə çoxsəslilik – mürəkkəb faktura əsaslı surətdə daxil olaraq möhkəm yer tutur.[9][10]
Xor üçün zəruri sayılan əlamətlər — ansambl, kök, nüanslardan ibarətdir. Xor opera, oratoriya, kantatanın önəmli iştirakçısıdır, eləcə də sərbəst ansamlı kimi instrumental müşayiətli və müşayiətsiz (a kapella) böyük rol oynayır.
Xor səslərinin sayına və keyfiyyətinə görə fərqlənir:
Xor dörd səs qrupuna bölünür: soprano, alt, tenor, bas.
Fərdxan — xor əsərinin başlanğıc melodiyasını oxuyan müğənni[12].
Messa – xor üçün (o cümlədən, müğənni solistlər üçün) çoxhissəli əsər. İnstrumental müşayiətdən istifadə olunur, bəzən müşayiətsiz olur. Katolik kilsədə sübh və ya günorta ibadəti zamanı ifa olunmaq üçün nəzərdə tutulan latın mətnləri əsasında bəstələnir[13].
Motet (lat. motetus, motus — söz) – XII–XIV əsrlərdə yaranmış çoxsəsli mahnı, eynivaxtda müxtəlif məzmunlu, müstəqil melodiyaların uzlaşmasından ibarətdir; sonralar a kapella ifa olunan çoxsəsli əsər növü[14]
Oratoriya (lat. oratorium – nitq, bəlağət) — xor, solist, orkestr üçün yazılmış böyük həcmli musiqi əsəri; epik-dramatik xarakterə və inkişaflı süjetə malikdir[15].
Kantata (it. cantata, cantare – oxumaq) – 1. solist müğənnilər, orkestr, həmçinin xor üçün yazılmış, bitmiş nömrələrdən ibarət olan və konsert planında ifa olunması nəzərdə tutulan əsər ; 2. XVII əsrin əvvəllərində (İtaliyada) sonatadan fərqli olaraq, oxumaq üçün müşayiətli əsər.
İfa tərzinə görə kantata oratoriyaya bənzəyir; tədricən kantata və oratoriyanın müəyyənləşdirən fərqlər yox olmuşdur; böyük həcmli kantata oratoriyaya yaxınlaşır və adətən daha bütöv və inkişaflı süjetə malik olan lirik elementlərlə seçilir[16].
Opera (it. opera – hadisə, əsər) – orkestrin müşayiətilə səhnədə ifa olunan musiqili dram.
A kapella (it. a capella – "kapella üslubunda" deməkdir) — xorun müşayiətsiz oxunması. Orta çağlarda katolik kilsəsində musiqiçilər üçün ayrılan yer. Əvvəllər kilsə musiqiçiləri yalnız müğənnilərdən ibarət olduğu üçün kapella sözü xoru bildirirdi, sonralar isə kilsə musiqisində alətlərdən istifadə olunması və kübar musiqinin inkişafı ilə əlaqədar olaraq hər hansı bir yerdə (kilsədə və ya sarayda) xidmət edən musiqiçilər qrupu Kapella adlandırılmağa başladı.[17]