Neon Sənət Muzeyi və ya "Farhouse" neon ev-muzeyi – Azərbaycanın Novxanı kəndinə yerləşən neon muzeyi. Azərbaycanda yerləşən ilk və yeganə belə muzeydir.[1]
Neon Sənət Muzeyi | |
---|---|
| |
Əsası qoyulub | 2015 |
Mövzu | neon işıqlandırması[d] |
Ölkə | |
Yerləşir | Novxanı |
40°33′32″ şm. e. 49°48′08″ ş. u.HGYO |
Neon Sənət Muzeyi Azərbaycanın ən tanınmış neon sənətçilərindən biri olan Fərid Ələkbərov tərəfindən 2015-ci ildə yaradılmışdır.[2] Muzey kimi rəsmi fəaliyyətinə 2022-ci ilin yanvarında başlamışdır. Muzey hazırlanarkən fenşuy fəlsəfəsindən istifadə olunmuşdur.[3] Fərid Ələkbərov muzeyi yaratmaq üçün 7 il vaxt sərf etmişdir.[4] Muzeyi yaratmaq ideyası Laplandiyada olanda şimal işıqlarını görəndə yaranmışdır.[5] Rəssamın məkan kimi Novxanı kəndini seçməsinin səbəbi dənizə yaxınlığı olub. Belə ki, rəssam uşaqlıqdan "bütün dəyişən əhval-ruhiyyəsi ilə dənizə aşiq olub".[1] Fərid Ələkbərov elə burada yaşayır.[2]
Muzey fasaddan interyerə qədər neon üslubda bəzədilmiş iki mərtəbədən ibarətdir.[1] Bundan əlavə, su səviyyəsindən bir qədər aşağıda yerləşən industrial üslubda olan ərazidə kiçik sərgi zalı fəaliyyət göstərir. Muzeydə Fərid Ələkbərov, dostları və həmkarlarının neon əsərləri sərgilənir. Heykəltaraşlıq, metal üzərində nəqqaşlıq, vitraj sənəti və rəssamlıq kimi bir sıra sahələrdən olan sənətçilərin işləri neon naxışlarla birləşmişdir.[2] Əsərlərin çoxunu mistik obrazlar təşkil edir.[4]
Muzeyin həyətində rəssamın atası Kamal Ələkbərov tərəfindən hazırlanmış və Həzi Aslanov, Memar Əcəmi, İlyas Əfəndiyev kimi şəxslərin heykəlləri yerləşir. Otaqların birində rəssamın atasının gipsdən ürək formasında hazırladığı heykəli var. Ürəyin içərisində həyat yoldaşının üzünü təsvir edib. Bu əsər ziyarətçilərin ən bəyəndiyi eksponat hesab olunur. Otağın divarında iki qadın təsviri var. Biri mələyi, digəri şeytanı təmsil edir. Evin altındakı qalereyada isə kiçik heykəllər, yunan tanrısı Zevsin təsviri var ki, orada üz cizgiləri əks olunub. Rəssam heykəlləri daha canlı göstərmək məqsədilə üzərini neon boyalarla rəngləyib.[3]
Fərid Ələkbərov bir çox işlənməyən əşyalardan da yeni eksponatlar ortaya çıxarmışdır: işlənməyə cins parçalarla örtülmüş divan, amputasiya olunmuş həqiqi ayaq üzərində işlənmiş əsər, neon pərdə daxildir.[3] Fuad Ələkbərov Novruz bayramını çox sevdiyi üçün muzeydə nəhəng yaşıl neon səməni də yaratmışdır.[5] Rəssam özü yoqa ilə məşğul olduğu üçün bəzi əsərləri meditasiyadan və yoqadan ilhamlanaraq yaratmışdır. Muzeydə 350-ə yaxın eksponat var.[3]
Muzeydəki qapıların, əşyaların yerləri insanlara pozitiv aura vermək üçün seçilmişdir. Muzeydə yoqa mahnıları istifadə olunur ki, insanlar içəri daxil olduqda ruhi cəhətdən daha yaxşı təəssürata sahib olsunlar.[3] Muzeyi yerlilərlə yanaşı turistlər də ziyarət edir. Burda həmçinin master-klaslar keçirilir.[4]