Çeçen musiqisi cənubdan Dağıstan xalqları, qərbdən Gürcüstan və Şimali Osetiyanın etnik qrupları ilə qarşılıqlı təsir zəminində inkişaf etmişdir. Milli musiqi ənənələri şifahi xalq yaradıcılığı abidəsi olan "Nart" eposundan qaynaqlanır. Çeçen xalq mahnı və rəqs melodiyaları, instrumental musiqisi janr etibarilə rəngarəngdir (laduqlu yiş, xalxaran yiş). Yiş tipli mahnıların mətni ifaçılar tərəfindən tamam və ya qismən improvizə olunur (məzəli – zabariyn yiş, beşik mahnısı – aqanan yiş). Kişi xorunun ifasında dini məzmunlu mahnılar xüsusilə qeyd olunmalıdır (nəzm, zikr). Xalq mahnılarının solo, xor, birsəsli və çoxsəsli ifası ənənələri mövcuddur. Bəzi spesifik janrlı mahnılardan (laylalar, ağılar) başqa, hamısı instrumental müşayiətlə ifa olunur. Zərb aləti gema, nəfəsli tsuzam, dutra, máa, şedaq qədim xalq çalğı alətləridir. XIX əsrin 80–90-cı illərindən komuz (kexat-pondur, yəni Qafqaz qarmonu) çeçenlərin ən populyar aləti olmuşdur. Zurna, iki tərəfli təbil, bayan, akkordeon, gitara geniş yayılmışdır.
Çeçen xalq musiqisinin toplanması, öyrənilməsi və nəşri üzrə geniş tədqi qatlara XX əsrin 20-ci illərində başlanmış, həmin dövrdə ilk dəfə T. Beybulatov tərəfindən yazıya alınmış çeçen melodiyaları dərc olunmuşdur. Respublikada musiqi folkloru sahəsindəki işi Q.X. Mepurnov, N.S. Reçmenski, A.M. Şahbulatov, X. Axmadov və b. davam etdirmişlər. 1917-ci ildən respublikada yeni tipli milli musiqi mədəniyyəti, peşəkar bəstəkarlıq yaradıcılığı yayılmağa başladı (A.A. Davidenkonun fp. üçün xalq melodiyalarının 30 işləməsi və acapella xoru üçün "Çeçen süitası", 1920-ci illər). Azərb. bəstəkarı M. Maqomayev çeçen musiqisinin inkişafına yaxından kömək etmişdir. Milli bəstəkarlıq məktəbinin banisi, ilk milli əsərlərin (çeçen inqilabçısı Aslanbəy Şəripova həsr edilmiş "Qəhrəmanlıq poeması", "Çeçenistan muxtariyyətinin on illiyinə həsr olunmuş poema", "Kollektiv dağlı rəqsi" və s.) müəllifi Q.X. Mepurnovdur. U. Beksultanov, S. Dimayev, A. Şahbulatov tanınmış bəstəkarlardır. İfaçılardan M. Aydəmirovanı, V. Daqayevi, A. Xamxoyevi, rəqqas M. Esembayevi göstərmək olar.[1]
XX əsrin 80-ci illərindən mahnı-ballada janrı geniş yayılmışdır (müğənni İ. Alimsultanov).[2] Çeçen bard mahnıları böyük populyarlıq qazanmışdır. Mahnıların əsas mövzusu çeçen müharibəsi və islam dininə aiddir. T. Mutsurayevin özünəməxsus ifaçılıq üslubu çeçen mahnı janrında mədəni hadisəyə çevrilmişdir. M. Aydayeva, A. Aydəmirova, A. Aydəmirov, J. Yevloyeva, Aza (X. Batayeva), E. Murtazaliyeva müasir çeçen estradasını təmsil edirlər. Xalq artisti T. Dadaşova, S. İslamov, M. Saqaipova, M. Mintsayev (Moskva Böyük Teatrının solisti) çeçen musiqi və mahnılarını geniş təbliğ edirlər. Bəstəkar, müğənni, xalq artisti Ə. Dimayevin yaradıcılığı folklor, klassik estrada, rok elementləri olan caz musiqisi ilə bağlıdır. L. Axmatova 2000-ci illərdə pop mu siqisi janrında ilk ifaçı olmuşdur. A. Asa lamov, B. Barakoyev, M. Yasayev və b. rok musiqiçiləridir. Resp.-da Dövlət simfonik orkestri, Dövlət filarmoniyası fəaliyyət göstərir.