Çeçenistan Respublikasının ərazisi Böyük Qafqazın şimal yamacında yerləşir. Səthi şimalda düzənlik (Çeçen düzənliyi və Terek-Kuma ovalığı), cənubda dağlıqdır (ən yüksək nöqtəsi Tebulosmta dağıdır, 4493 m).
Neft, qaz, tikinti materialları (əhəngdaşı, mergel, gips və s.) yataqları, mineral sular var.[1] İqlimi kontinentaldır. Yanvarın orta temperaturu –3°C-dən (Terek-Kuma ovalığında) –12°C-yədək (dağlarda), iyulda müvafiq olaraq 24–25°C və 5–7°C-dir. Yağıntının illik miqdarı 300–600 mm-dir (dağlarda 1200 mm). Böyük çayları Terek, Sunja və onun qolu Arqundur. Çoxlu xırda göl var.
Düzənliklərdə, əsasən, çəmən torpaqları yayılmışdır. Daha yüksək sahələrdə qara torpaqlar, çay dərələrində bataqlıq-çəmən, dağlarda dağ-meşə və dağ-çəmən torpaqları yayılmışdır. Çeçen düzənliyində çöl və meşə-çöl bitkiləri bitir. Dağlarda 2200 m-ədək olan yüksəklikdə enliyarpaqlı meşələr, daha yuxarıda subalp çəmənləri, Terek-Kuma ovalığında yovşan və şoran bitkiliyi yayılmışdır; rütubətli sahələr ceyranotulu və topal-şiyavlı çöldən ibarətdir.
Heyvanlardan daşlıq və meşə dələsi, qonur ayı, qaban, canavar, meşə pişiyi; quşlardan vəhşi ördək, qaz, Qafqaz qırqovulu və tetrası, qarabaş kərkəs, dağ hind toyuğu, çoxlu sayda gəmiricilər, sürünənlər yaşayır.