Çingiz Mustafa oğlu Məmmədov (15 fevral 1951, Bakı – 9 avqust 2020, Bakı) — Azərbaycan və SSRİ hərbçisi, general-leytenant,[1] Azərbaycan Respublikası Müdafiə nazirinin sabiq şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin sabiq rəisi.
Çingiz Məmmədov | |
---|---|
2003 – 2014 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 fevral 1951 |
Doğum yeri | |
Vəfat tarixi | 9 avqust 2020 (69 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | əsgər |
Rütbəsi |
General-leytenant |
|
|
Təltifləri |
|
Çingiz Mustafa oğlu Məmmədov 15 fevral 1951-ci il tarixində SSRİ respublikalarından olan Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində anadan olmuşdur. O, 1968-ci ildə orta məktəbi qurtardıqdan sonra Rostov Ali Hərbi məktəbinin mühəndis fakultəsi qəbul olmuş, 1973-cü ildə oradan strateji raketlər, onların mühərrikləri və texnoloji avadanlığı ixtisası üzrə məzun olmuş və leytenant rütbəsi almışdır. O, 1975-ci ildə baş leytenant rütbəsi almış və 1976-cı ilə qədər həmin məktəbin kursantı olmuşdur.[2]
Məmmədov 1976–1978-ci illərdə Türküstan Hərbi Dairəsi divizionun raket silahları xidmətinin baş mühəndisi olmuş, həmin il kapitan rütbəsi almışdır. O, 1978–1979 Türküstan Hərbi Dairəsi h/h qrup komandiri, 1979–1981-ci illərdə isə Ural Hərbi Dairəsinin h/h qrup komandiri olmuşdur. Məmmədov 1981–1983 Dzerjinski adına Hərbi Akademiyanın dinləyicisi olmuş, 1983–1984-cü illərdə Pribaltika Hərbi Dairəsi h/h divizion komandiri kimi xidmət etmişdir. O, 1983-cü ildə F. E. Dzerjinski adına Hərbi Akademiyanın komandanlıq fakultəsini bitirmişdir. Bundan sonra Məmmədov 1984–1985-ci illərdə Sibir Hərbi Dairəsi h/h divizion komandiri vəzifəsində çalışmış, həmin il polkovnik-leytenant rütbəsi alaraq 1987-ci ilə qədər hərbi hissənin Qərargah rəisi-komandir müavini olmuşdur. O, 1987–1989-cu illərdə hərbi hissənin Komandiri kimi çalışmışdır.[3][4]
Məmmədov 1988-ci ildə ABŞ və Sovet ititifaqı arasında bağlanmış silahsızlanma müqaviləsinə əsasən başlığı sökülmüş ballistik raketlərin atılaraq məhv edilməsi zamanı rəhbərlik etdiyi hərbi hissənin keçirdiyi 10 raket atışından doqquz atış müvəffəqiyyətli icra edilərək təyin edilmiş hədəfə dəqiq olaraq çatmışdır. Bu yüksək göstəriciyə görə orden ilə təltif edilmişdir. O, 1989–1992-ci illərdə Stratejik Qərargahın növbətçi zabiti (Ballistik Raketlər) vəzifələrində çalışmışdır. O, bu təyinatı alan ilk azərbaycanlı olmuşdur. Məmmədov bu dövrdə polkovnik rütbəsi almışdır.[3][4]
SSRİ dağıldıqdan sonra Məmmədov peşakar mütəxəssis olaraq Rusiya Silahlı Qüvvələrində yüksək vəzifə təklif edilsə də, o bundan imtina etmişdir. Məmmədov Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra öz ölkəsinə qayıtmışdır. Birinci Qarabağ müharibəsi zamanı ordu quruculuğunun inkişafına töhfə vermiş Məmmədov 1992-ci ilin iyunundan 1993-cü ilin avqustuna qədər Azərbaycan Müdafiə Nazirliyinin Hərbi-elmi tədqiqatlar və nizamnamələr şöbəsinin rəisi, həmin ilin noyabrına qədər Müdafiə Nazirliyinin Kadrlar idarəsinin rəisi, dekabrına qədər isə yenidən Müdafiə Nazirliyinin Hərbi-elmi tədqiqat və nizamnamələr şöbəsinin rəisi və daha sonra Müdafiə Nazirliyinin Hərbi-elmi tədqiqatlar idarəsinin rəisi vəzifəsinin icraçısı kimi çalışmışdır.[3][4]
O, bundan sonra 1998-ci ilin mayına qədər Müdafiə Nazirliyinin Kadrlar idarəsinin rəisi vəzifəsinin icraçısı olmuşdur. Məmmədov hərbi təhsilini davam etdirərək 1997-ci ildə ildə C. Marşal adına Avropa Təhlükəsizlik Mərkəzinin strateji tədqiqatlar və müdafiə iqtisadiyyatı kolecini və İsveçrə Büdcə Proseslərinin idarə edilməsi və Silahlı Quvvələr üzərində demokratik nəzərət üzrə beynəlxalq kursları bitirmişdir. Növbəti il o, Türkiyədə konsepsiyaların inkişafı kursunu, 2000-ci ildə isə Britaniya Şurasının təhsil mərkəzində ingilis dili kurslarını uğurla başa vurmuşdur. Həmçinin, Məmmədov 2000-ci ilin sentyabrına qədər Müdafiə Nazirliyinin Hərbi elmi tədqiqatlar mərkəzinin rəisi kimi çalışmışdır.[3][4]
Məmmədov 2000-ci ildən 2003-cü ilin yanvarına kimi Müdafiə Nazirinin baş tapşırıqçısı olmuşdur. O, həmin tarixdən Azərbaycan Müdafiə nazirinin müavini vəzifəsinə təyin olunmuş, Azərbaycan Respublikası Müdafiə nazirinin 18 may 2003-cü il tarixli əmri ilə general-mayor, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2005-ci il tarixli əmri ilə isə general-leytenant rütbəsi almışdır. General-leytenant Məmmədov 20 dekabr 2013-cü il tarixində Azərbaycan Müdafiə nazirinin müavini vəzifəsindən azad edilmiş, 2014-cü ilin mayına qədər Müdafiə nazirinin Şəxsi Heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin (Q1) rəisi vəzifəsini icra etmişdir. O, 17 oktyabr 2014-cü il tarixində ehtiyata buraxılmış, ehtiyata buraxıldıqdan sonra son günə kimi Müdafiə Nazirliyi İnspektorlar Qrupunun inspektoru vəzifəsində işləmişdir.[3][4]
Çingiz Məmmədov 9 avqust 2020-ci il tarixində, 69 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir.[5][6]