Çinili məscid külliyəsi — İstanbulda XVII əsrə aid külliyə. Osmanlı sultanı I Əhmədin məşhur hasəkisi və IV Muradla I İbrahimin anası olan Validə Kösəm Sultan tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, məktəb, hamam və çeşmədən ibarətdir. Külliyə hasarla iki hissəyə ayrılır. Daxildə qalan hissədə məscid və mədrəsə, hasardan çöldə isə qoşa hamamlar, məktəb və çeşmə yerləşir. Məscidin qapısındakı kitabədə mədrəsədən söz açılmır. Buna görə də, mədrəsənin o illərdə deyil, daha sonra tikildiyi düşünülür. Sarayın baş memarı Qoca Qasım ağa tərəfindən inşa olunan külliyə yerləşdiyi səmtə də adını vermişdir.[1][2]
Çinili məscid külliyəsi | |
---|---|
Çinili Camii | |
| |
41°01′11″ şm. e. 29°01′45″ ş. u. | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | Üsküdar, Murad Rəis məhəlləsi |
Memar | Qoca Qasım ağa |
Tikilmə tarixi | 1638 - 1640 |
Üslubu | Osmanlı memarlığı |
Vəziyyəti | Fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Külliyənin xərclərinin maliyələşdirilməsi üçün banisi Validə Kösəm Sultanın İstanbul, Rumeli, Anadolu, Məkkə və Mədinədə 1617 və 1639 tarixlərində inşa etdirdiyi imarətlərin gəlirləri bura vəqf olunmuşdur.[3]
Adını daşıdığı küçənin mərkəzində yerləşən məscid kvadrat planlı və tək gümbəzlidir. 20 mərmər sütunun üzərində saxladığı taxta tavanlı bu məscidin divarlarının üst hissəsində 3, aşağı hissələrində isə dəmir konstrukturlu 2 pəncərə məscidin daxilinin işıqlandırılmasında rol oynayır. Məscidin daxili gümbəzi də daxil olmaqla tamamilə çini ilə örtülüdür. Gümbəzi üzərindəki bəzəmələr isə 1938 tarixli bərpa işləri əsnasında hazırlanmışdır. Tək şərəfəli minarəsi isə məscidin sağ küncündən yüksəlir. 1965-ci ildə minarə barokko üslubunda bərpa edilmişdir.[4][5][6]
Mədrəsə məscidin həyətinin cənub şərqində "L" şəklində sıralanmış hücrələrdən ibarətdir. Hücrələrin hər biri kiçik gümbəzlərlə örtülüdür. Mədrəsənin sağında kiçik bir məzarlıq, solunda isə kvadrat bir hovuz yerləşir.
Kiçik bağçanın önündə yerləşən bu məktəb kvadrat planlı və tək gümbəzlidir. 15 pilləli daş pilləkanla çıxılan binanın şərq cəbhəsində 3, digərlərində isə 2 pəncərə var. Binanın daxilində isə qərb divarında bir ocaq yeri, digərlərində isə divar oyuqları vardır. 1966-cı ildən bu yana uşaq kitabxanası olaraq fəaliyyət göstərən bina hələ də fəaliyət göstərir.[7]
Məktəb binasının Çavuşdərə küçəsinə baxan cəbhəsinə bitişik bu çeşmə klassik üslubda kəsmə daşdan hazırlanmışdır. Qızılı rəngli bəzəmələrlə çərçivələnmiş kitabəyə görə, 1642-ci ildə inşa olunmuşdur. Hal-hazırda fəaliyyət göstərmir.[8][9]
Külliyənin ən böyük binası olan bu hamam dönəmin digər Osmanlı hamamları kimi qoşadır. Hamamın giriş hissəsində mərmər hovuz yerləşir. Kişilər üçün olan hissə qadınlar üçün olan hissədən nisbətən kiçikdir, kvadrat planlı olub bir gümbəzlə örtülmüşdür. Hamam 1923-1947-ci illər ərzində bağlı qalmışdır. 1947-ci ildə hamamın kişilər üçün, 1963-cü ildə isə qadınlar üçün nəzərdə tutulan hissələri fəaliyyətini davam etdirmişdir. Bağlı qaldığı illərdə hamamın daxili fasadını bəzəyən rəngli çinilər isə oğurlanmışdır.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |