İbrahim İbiş oğlu İbrahimov (azərb. İbrahim İbiş oğlu İbrahimov; 28 fevral 1912, Qarğabazar, Qaryagin qəzası – 6 noyabr 1994, Bakı) — Azərbaycanda ilk dəfə olaraq riyaziyyat sahəsində elmlər namizədi adını almış azərbaycanlı alim, professor, fizika-riyaziyyat elmləri doktoru (1947), AMEA-nın həqiqi üzvü (1968), Əməkdar elm xadimi (1968).[1][2][3][4][5]
İbrahim İbrahimov | |
---|---|
İbrahim İbiş oğlu İbrahimov | |
Doğum tarixi | |
Doğum yeri | Qarğabazar, Qaryagin qəzası, Yelizavetpol qəzası, Rusiya imperiyası |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | akademik |
İş yerləri | |
Alma-mater | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Elmi rəhbərləri | A.O. Gelfond |
Tanınmış yetirmələri | akad.Akif Hacıyev, Əməkdar Elm Xadimi Məlik-Baxış Babayev, prof.Rəşid Məmmədov, prof.Camal Məmmədxanov, |
İbrahim İbiş oğlu İbrahimov 28 fevral 1912-ci ildə Azərbaycanın Füzuli rayonunun Qarğabazar kəndində anadan olmuşdur. Orta təhsilini Gəncədə tamamlayan İbrahim İbrahimov 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika-riyaziyyat fakültəsini Riyaziyyat ixtisası üzrə fərqlənmə diplom ilə bitirmişdir.[1][2][4][5]
İbrahim İbiş oğlu İbrahimov əmək fəaliyyətinə 1935–1936-cı illərdə Mühəndislərin İxtisasartırma İnstitutunda başlamış, 1939–1947-ci illərdə Bakı Dövlət Universitetinin Funksiyalar nəzəriyyəsi kafedrasının müdiri, 1947–1958-ci illərdə isə Pedaqoji Universitetin Riyazi analiz kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1958-ci ildən onun elmi-pedaqoji fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı olmuşdur. 1958–1959-cu illərdə Fizika və Riyaziyyat İnstitutunda şöbə müdiri, 1959–1963 illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifələrində çalışmışdır. İbrahim İbrahimov 1963-cü ildən ömrünün sonunadək həmin institutun Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri olmuşdur. 1977-ci ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olmuşdur. [1][2][5]
İbrahim müəllim Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirdikdən sonra həm bu institutda, həm də Bakı Dövlət Universitetində çalışmağa başlayır. Sonra Moskvaya aspiranturaya göndərilir və orada riyaziyyatçı A. O. Gelfondun rəhbərliyi altında aspirant olur. 1939-cu ildə namizədlik dissertasiyasını müdafiə edir və riyaziyyat üzrə ilk azərbaycanlı elmlər namizədi olur, 1947-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə edir.[1][2][4][5]
İbrahim İbrahimov Sovetlər Birliyi və dünya riyaziyyatçıları tərəfindən tanınmış bir alim idi. Onun rəhbərliyi altında ölkəmizdə həqiqi və kompleks dəyişənli funksiyaların yaxınlaşması nəzəriyyəsi, interpolyasiya nəzəriyyəsi, tam funksiyalar nəzəriyyəsi, funksiyalar sistemlərinin tamlığı kimi sahələrdə geniş tədqiqatlar aparılmış və bunların böyük bir hissəsi İbrahim İbrahimovun yazdığı, o cümlədən Moskvada da çap edilən, monoqrafiyalarına daxil edilmişdir. İbrahim İbrahimov dövrün ən görkəmli alimlərindən olan M. V. Keldışla və A. O. Gelfondla birlikdə yazdığı məqalələr dünya riyaziyyat ədəbiyyatında böyük iz qoymuş əsərlərdir. Funksiyaların konstruktv nəzəriyyəsinin yaradıcılarından biri sayılan akademik S. N. Bernşteynin xatirəsinə həsr edilmiş Beynəlxalq konfransda onun yaradıcılığı haqqında məruzənin edilməsinin İbrahim İbrahimova tapşırılması da onun nüfuzunun göstəricisidir. Alim 1959-cu ildə AMEA-nın müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü (akademik) seçilmişdir.[1][2][5]
Akademik 170-dən çox elmi əsərin, 3 monoqrafiyanın, 5 dərsliyin müəllifi olmuşdur. Onun elmi rəhbərliyi (məsləhətçiliyi) ilə 40-dan çox fəlsəfə doktoru hazırlanmış, sonralar 6 tələbəsi elmlər doktoru olmuşdur. İbrahim İbrahimov 1960-cı ildə Stokholmda, 1974–1981-ci illərdə Varnada, 1974-cü ildə Praqada, 1968-ci ildə Budapeştdə, 1970-ci ildə Nitsada, 1974-cü ildə Poznanda keçirilən Beynəlxalq Konfransların iştirakçısı olmuşdur.[2][3][5]
İbrahim İbrahimovun 1955-ci ildə "Ədədlər nəzəriyyəsinin əsasları", 1957-ci ildə "Sıralar nəzəriyyəsinin əsasları" və 1962-ci ildə "Riyazi analiz kursu" dərslikləri çap edilmişdir. O, 1950-1952-ci illərdə K.Rosse və İ.Privalov tərəfindən ali məktəblər üçün yazılmış "Diferensial hesabı" və "İnteqral hesabı" kimi iki hissədən ibarət olan kitabları rus dilindən azərbaycan dilinə tərcümə etmişdir.[3][4]
İbrahim İbiş oğlu İbrahimov 6 noyabr 1994-cü ildə vəfat etmişdir.[1]