İbrahim Mirzə Səfəvi

İbrahim Mirzə Səfəvi - Şeyx HeydərAləmşah bəyimin oğlu, Şah İsmayılın doğma qardaşı. İbrahim Mirzənin doğum tarixi haqqında mənbələrdə dəqiq məlumat yoxdur. Lakin ehtimal olunur ki, o Şah İsmayıldan 3 il öncə hicri 889-cu ildə (miladi 1484) anadan olmuşdur. Səfəvi saray tarixçisi İsgəndər bəy MünşiTarixi aləmarayi Abbasi” adlı kitabında İbrahim Mirzə və İsmayıl Mirzə arasında yaş fərqinin 1 olduğunu bildirir.[1]Vəfat tarixi haqqında mənbələrdə məlumatlar müxtəlifdir.

İbrahim mirzə Səfəvi
ﺳﻠﻄﺎﻥ ﺍﺑﺮﺍﻫﯿﻢ ﻣﯿﺮﺯﺍ ﺻﻔﻮﯼ
Sultan İbrahim Mirzə
Şəxsi məlumatlar
Doğum tarixi 1484 və ya 1486-cı il
Vəfat yeri Səfəvilər dövləti
Atası Şeyx Heydər
Anası Aləmşah bəyim
Dini Şiə İslam

Şeyx Heydər Səfəvinin uşaqlarının sayı və adları barədə mənbələrdə dəqiq məlumata rast gəlinmir. İbrahim Əmininin “Fütühat-ı Şahı”Əmir Mahmud Xandəmirin “Tarix-i Həbibüs Siyər ” əsərləri kimi tarixi mənbələrdə Şeyx Heydərin Aləmşah bəyimdən olan 3 oğlunun - Sultan Əli, İbrahim və İsmayılın adları çəkilir. Dövrün Venesiya səyahətnamələrində isə onların oğlan övladları yanaşı 3 qızlarının da olduğu haqqında məlumatlar öz əksini tapır. İbrahim Mirzə Şeyx Heydər Səfəvinin Aləmşah bəyimlə olan evliliyindən olan 2-ci oğludur. Bəzi mənbələrdə onun İsmayıldan yaşca kiçik olduğu qeyd edilsə də, tarix üzrə fəlsəfə doktoru Namiq Musalı bu faktın doğru olmadığını qeyd edir və əsas olaraq Gilanlı tarixçi Əli bəy Şəmsəddin Lahicinin Şah İsmayılın hakimiyyəti dövründə, hicri 921-ci ildə yazdığı Tarix-i Xani adlı əsərdən aşağıdakı sözləri sübut göstərir:[2]

“Şeyx Heydərin Həsən bəyin qızından doğma övladları içində ən böyüyü Sultan Xoca Əli idi. Ondan kiçiyi Sultan İbrahim və onda da kiçiyi, fəqət mənada hamısından böyüyü.. Hz.Şah İsmayıl idi.”

Həmçinin Səfəvi dövrü tarixçisi və xəttatı Qazi Əhməd Qumi də özünün “Xülasət ət- Təvarix” adlı əsərində bu evlilikdən 3 oğlan övlad dünyaya gəldiyini yazır. Müəllif bildirir ki, İbrahim Mirzə 3 oğlan uşağından ortancılı idi.[3]

İbrahim Mirzənin doğum tarixi haqqında mənbələrdə dəqiq məlumat yoxdur. Lakin ehtimal olunur ki, o Şah İsmayıldan 3 il öncə hicri 889-cu ildə (miladi 1484) anadan olmuşdur. Səfəvi saray tarixçisi İsgəndər bəy MünşiTarixi aləmarayi Abbasi” adlı kitabında İbrahim Mirzə və İsmayıl Mirzə arasında yaş fərqinin 1 olduğunu bildirir.[1]

1488-ci ildə Şeyx Heydərin Təbərsəranda öldürülməsindən sonra böyük oğlu Sultan Əli təriqətin rəhbəri seçilir.[4] Sultan Yaqub onu və qardaşları İbrahim Mirzə ilə İsmayıl Mirzəni həmçinin anaları Aləmşah bəyimi İstəxri qalasına həbs edir. Şərəf xan Bitlisi bildirir ki, bu zaman uşaqların yaşı az idi. Buna görə də Sultan Yaqub İbrahim və qardaşlarını öldürmür. Professor Süleyman Əliyarlı, Sara Aşurbəyli kimi bir sıra tarixçilər onların İstəxri qalasından həbsindən əvvəl Van gölündəki Əxtəmr qalasında həbs edildikləri fikrini irəli sürür. İbrahim Mirzə digər ailə üzvləri kimi 4 il bu qalada həbs həyatı yaşayır.[5]

Sultan Yaqubun ölümündən sonra baş verən çəkişmələr nəticəsində 1492-ci ildə Rüstəm Mirzə Təbrizdə taxta çıxır. O öz hakimiyyətini gücləndirmək məqsədilə İbrahim Mirzə və ailəsini sərbəst buraxır. Onlara atalarının intiqamını almaq sözü verir və 1493-cü ildə öz yanına Təbrizə gətirir. İbrahim Mirzənin böyük qardaşı Sultan Əlinin komandanlıq etdiyi Qızılbaş qoşunları Rüstəm Mirzənin qələbəsinə töhfə verdikdən sonra Ağqoyunlu sultanı şahzadələri Ərdəbilə göndərsə də, bir müddət sonra onları yenə öz yanına gətizdirir.[6]Lakin Sultan Əli qardaşlarını da yanına götürərək Təbrizi tərk edir. Ərdəbil istiqamətində hərəkət edən Sultan Əlinin arxası ilə ağqoyunlu sərkərdəsi Eybə Sultanın beş min nəfərlik hərbi qüvvəsi irəlilədi. Sultan Əli öldürüləcəyini bildiyi üçün İbrahim Mirzə bu zaman 8 yaşında olmasına baxmayaraq kiçik qardaşı İsmayıl Mirzəni öz yerinə təriqət şeyxi seçir. Sultan Əli İbrahim Mirzə və İsmayıl Mirzəyə 7 nəfərlə birlikdə əvvəl Ərdəbilə buradan Gilana getməyi və Gilan şahının xidmətində çalışmağı, fürsət düşmədikcə oranı tərk etməməyi tapşırır. 1494-cü ildə Ərdəbil yaxınlığında ağqoyunlularla qızılbaşlar arasında baş vermiş Şəmsi döyüşündə Sultan Əlinin tərəfdarları məğlubiyətə uğrayırlar. Sultan Əli həlak olur.[7]

İki qardaş əvvəlcə Ərdəbilə gəlir və burada 40 gün qalırlar. Buradan isə 80 (bəzi mənbələrdə 200) müridləri ilə birlikdə Rəştə yola düşürlər. Burada Gilanın Biyepiş vilayətinin hakimi Karkiya Mirzə Əlinin sarayına gəlirlər və ehtiram ilə qarşılanırlar. Tanınmış yerli alimlərdən biri-Şəmsəddin Lahici ərəb və fars dillərini öyrətmək, Quranı oxumaq üçün İbrahim və İsmayılın tərbiyəçisi təyin olunur.[8]

Çox keçmədən İbrahim Mirzə Gilandan ayrılıb Ərdəbilə doğru yola düşür. Bu məlumatı ilk dəfə Əmir Mahmud Xandəmir verir və bildirir ki, İbrahim Mirzə Qızılbaş tacını çıxarıb, Ağqoyunlu türkmənlərinin tərzində mübarək başına təkkə geyinib Ərdəbilə yolda düşdü. İsgəndər bəy Münşi kimi Qumi, Hüseyni, Cünabədi kimi başqa tarixçilər də bu məlumatı təsdiqləyirlər.[9]

İbrahim Mirzənin Ərdəbilə qayıtma səbəbi mənbələrdə müxtəlif şəkildə izah olunur. Namiq Musalı özünün Şah İsmayılın qardaşı İbrahim Mirzə və Qızılbaş hərəkatı içindəki rolu adlı məqaləsində bu mənbələri belə təsnif edir:[10]

  1. Qadı Əhməd Qumi, Mirzə bəy Cünabədi və Hacı Mirzə Həsən Hüseyni Fəsai bu vəziyyəti şahzadənin “vətən həsrəti çəkməsi” ilə izah edirdilər.
  2. Digər mənbələr İbrahimin Ərdəbilə qayıtmasını “möhtərəm anasını görmək həvəsi” ilə izah edir.
  3. Əbdüləziz Əfəndi Qaraçələbizadə bu qayıdışın Gilanda qalmaqdan sıxıldığı üçün olduğunu deyir.
  4. I Şah Abbas dövrünün tarixçilərindən İsgəndər bəy Münşi və Fəzli bəy İsfahaninin veridyi şərhə görə, İbrahim Mirzə Səfəvilər ailəsi daxilində siyasət və məzhəb məsələlərindən yaranan ayrılıq səbəbindən Ərdəbilə qayıtdı. Namiq Musalı bu şərhin doğruluq payının daha yüksək olduğunu bildirir.

İsgəndər bəy Münşi yazır:

Onlar Gilan vilayətinə çatıb, bir neçə gün Rəştdə qaldılar. Gilan valilərindən Karkiya Mirzə Əli Seyid İbrahimi izzət və ehtiramla qarşıladı. O həzrətin qardaşı Seyid İbrahim öz anası ilə görüşmək həvəsinə düşərək, dərvişliyə və dərviş təbiətinə malik olduğuna görə başına türkman taqiyəsi geyib, Ərdəbilə qayıtdı.”[1]

Bu sitatdan da göründüyü kimi, İbrahim Mirzə dərviş təbiətli olduğu üçün siyasi həmləyə hazırlaşan qardaşı İsmayılı və onun ətrafındakı qızılbaş başçılarını Lahicanda qoyub, Ərdəbilə, təriqətin mərkəzinə qayıtmaq, anasının və mistik həyatına burada davam edən sufilərin yanında olmaq istəyirdi.[11][12]

Fəzli bəy İsfahani vaqiyənaməsində Sultan Əlinin ölümü ərəfəsində Səfəviyyə təriqətini iki qola ayırdığını, təriqətin hərbi qanadına İsmayılı, ideoloji qanadına isə İbrahimi rəhbər təyin etdiyini yazır.[11][13] Fəzli bəy İsfahani İbrahimin Ərdəbilə qayıdışının gizli və ya kamuflyajllı şəkildə deyil, Ağqoyunlu iqtidarı ilə razılaşdırılmış şəkildə baş tutduğunu da söyləyir. İsfahani bildirir ki, Məhz Rüstəm Mirzənin əmri ilə Şah Paşa Bəgüm bu iki qardaş üçün Ərdəbildən hədiyyələr göndərərək Rüstəm Mirzənin dostluq mesajını onlara çatdırmış, həmçinin Ağqoyunlu hökmdarının onların Ərdəbilə gəlib sufilərin başçısı olmasını istədiyini söyləmişdir. Rüstəm Mirzə Səfəvilərin müsadirə edilən torpaqları qaytardı və bağlanan təkkəni yenidən açdı. Ərdəbil sufiləri də şahzadələri geri qayıtmağa çağırırdılar. Lakin qızılbaş əmirləri Sultan Əlinin İbrahim Mirzə üçün təyin etdiyi rolu nəzərə alaraq, ancaq onun qayıtmasına razılıq verdilər.[14][12]Con Vuds özünün “Ağqoyunlu, Tirə, Konfederasiya, Dövlət” kitabında Fəzli bəyin verdiyi məlumatı təsdiqləyir və yazır:

“Heydərin sağ qalan oğullarından olan Seyid İbrahim öz sələflərinin coşqunluğundan əl çəkərək Səfəvi təriqətinin hökumətyönlü mötədil qanadının rəhbəri kimi Ərdəbildə məskunlaşmağa üstünlük verdi.”[15]

Bu hadisədən sonra Səfəvi qaynaqlarının əksəriyyəti İbrahim Mirzə haqqında məlumat vermir. Bir digər qaynaqlar isə özündə ziddiyətli məlumatlar əks etdirir.[16]

Səfəvilər dövlətində rolu

[redaktə | mənbəni redaktə et]

İbrahim Mirzənin Ərdəbilə qayıtdıqdan sonrakı aqibəti haqqında tarixşünaslıqda bir çox fikir qarşımıza çıxır. Bəzi tarixçilər (Zahidi, Qəzvini, Aşityani) onun Ərdəbilə çatmadan yolda əsir düşərək öldürüldüyünü bildirsə də, bir digər qrup tarixçilər isə Gilanda olarkən vəfat etdiyini (Həyati Təbrizi) bildirir. “Fəvayed-e Səfəviyyə” əsərində olan bir məlumata görə, İbrahim Mirzə qardaşından və onun ətrafında olanlardan icazə alaraq Ərdəbilə qayıtdı. Lakin Ərdəbildə ələ keçirilərək qətlə yetirildi

İbrahimin Lahicanı tərk etdikdən sonra aqibətinin bəlli olmadığını söyləyən tədqiqatçılar da (Əbdüləziz Əfəndi Qaraçələbizadə) mövcuddur. Qadı Əhməd Qumi İbrahimin Ərdəbilə döndükdən sonra öz əcəli ilə öldüyünü yazır. Lakin Səfəvi dövlətinin tarixindən bəhs edən bir sıra mənbələrdə biz Sultan İbrahim Mirzə adına rast gəlirik. Səfəvi Osmanlı qaynaqlarına əsasən İbrahim Mirzənin 1514-cü ilə qədər həyatda olduğunu söyləmək olar.[17] İsgəndər bəy Münşi 1500-cü ildə İbrahim Mirzə ilə İsmayılın görüşündən yazır:

“İsmayıl qışlaq yurdundan hərəkət edib, yenə də darülirşad Ərdəbilə gəldi. Əvvəlcə o həzərətin müqəddəs məqbərəsini və məskənini cənnət olan ulu əcdadlarının mübarək qəbirlərini ziyarət etmək şərəfinə nail olub, ziyarət qaydalarını yerinə yetirdikdən və dualarının qəbul edilməsinin əlamətlərini gördükdən sonra möhtərəm anası və qardaşı ilə görüşdü”.[18]

İbrahim Mirzənin Gilandan sonrakı taleyi haqqında “Aləmara-yi Şah İsmayıl”, “Aləmara-yi Səfəvi” və “Cahanqoşa-ye xaqan” əsərlərində bir sıra məlumatlar mövcuddur. “Tarix-i aləmara-yi Şah İsmayıl” və “Tarix-i aləmara-yi Səfəvi” adlı anonim mənbələrdə İbrahim Mirzənin Səfəvilər dövlətinin ilk illərində Təbrizdə yaşaması və Möhrdar Sarı Əli bəy Təkəlinin onun lələsi olması barədə məlumatlar öz əksini tapır. Tarix elmləri doktori Mehman Süleymanov göstərilən mənbələrə istinadən yazır ki, Almaqulağı döyüşünə başlamazdan əvvəl Şah İsmayıl Sultan Muradın toplarının sıradan çıxarılmasını lazım bildi və bunun üçün İsfahan istiqamətinə xüsusi bir dəstə göndərdi. Bu dəstənin tərkibində 1500 nəfərlik döyüşçü var idi və onlar da Şah İsmayılın qardaşı Sultan İbrahimin (İbrahim Mirzə mənbədə Sultan İbrahim kimi təqdim olunmuşdur) rəhbərliyi altında idi. Sultan İbrahim bəy döyüşdə iştirak etmək arzusunu bildirdi və Şah İsmayıl da buna etiraz etmədi.[19] “Aləmara-yi Səfəvi ”əsərində bu məsələnin təsviri daha geniş verilmişdir. Bu təsvirdən aydın olur ki, ilkin olaraq Sultan İbrahim topların ələ keçirilməsinə hazır olduğunu bildirdi. Şah İsmayıl bundan çox sevindi və bildirdi ki, əslində ondan bu cavabı eşitmək istəyirdi. Mənbədəki məlumata görə, Şah İsmayıl bu cavabı eşidəndən sonra belə bir ifadə işlətdi ki, belimin ağrısına öz əlim və dırnağımdan başqa kim yetə bilər? Yəni, Şah İsmayıl ən yaxınlarını özünə simsar və arxa görmək istəyirdi və Sultan İbrahimin belə birisi olmasından məmnunluq hissi keçrirdi.[20] Sonra da Şah İsmayıl ondan soruşdu ki, bu işin icrası üçün özünlə nə qədər adam aparmaq istəyirsən? Sultan İbrahim də cavab verdi ki, 500 nəfər. Şah İsmayıl bununla razılaşmadı və ona özü ilə hətta 1500 nəfər aparmağı icazə verdi. Halvaçıoğluna da göstəriş verildi ki, onun dəstəsindən 1000 nəfər Sultan İbrahim üçün ayrılsın.

“Aləmara-yi İsmayıl”da yazılana görə Şah İsmayıl İbrahim Mirzə və Helvacıoğlu İlyas bəyi Cərfədqan ətrafında dayanan Ağqoyunlu sərkərdəsi İsfəndiyar Sultan Türkmənə basqın etmək üçün təyin etmişdi. Mənbələr Sultan İbrahim bu döyüşdə fəal iştirak etdiyini və meydanın mərkəzində nizəsi ilə İsfəndiyar bəyi vuraraq yerə saldığını yazırlar. Onun göstərişinə əsasən İsfəndiyar bəyin əlqolunu bağlayaraq top arabası içinə atdılar. İsfəndiyar bəyin dəstəsi də çoxlu itki verərək döyüş meydanını tərk etdi. Mehman Süleymanov bu hadisənin təsvirini belə verir:[21]

“Sultan İbrahim uzaqdan İsfəndiyar bəyin dəstəsinin yaxınlaşmasını müşahidə edəndə göstəriş verdi ki, toplar dayanmadan öz hərəkətini etdirsinlər. Özü isə qızılbaş döyüşçüləri ilə birlikdə döyüş mövqeyi tutdu. Halvaçıoğlu ona yaxınlaşaraq döyüşə qoşulmasına icazə istədi. Sultan İbrahim isə bildirdi ki, bu döyüşə də özü rəhbərlik etmək və onu özü başa çatdırmaq istəyir. Ona görə Halvaçıoğlu bu qarşıdurmada da elə bir fəallıq göstərmədi və təsvirdən belə məlum olur ki, buna heç ehtiyac da olmadı. Sultan İbrahimin bu dəfə də böyük sürət və qətiyyət nümayiş etdirməsi nəticəsində İsfəndiyarın dəstəsinə heç bir şans verilmədi. Qısa müddətdən sonra onun 300 döyüşçüsü qətlə yetirildi və özü isə əsir götürüldü. İsfəndiyar Mirzə fəallıq göstərərək atdığı nizə ilə Sultan İbrahimi atdan yerə salmağa cəhd göstərdi. Amma Sultan İbrahim öz sipəri ilə onun zərbəsinin qarşısını aldı və sonra da kəməndlə onu atdan yerə salaraq əsir götürdü.”[21]

1504-cü ildə Əlvənd Mirzə qoşunlarına qarşı mübarizədə İbrahim Mirzənin igidliyi barədə mənbələrdə bir çox məlumat var. İbrahim Mirzənin adına biz 1506-ci ildə Sarom xanın qiyamı zamanı rast gəlirik. Bu zaman Məhəmməd Kərhinin başqaldırdığı xəbərini eşidən Sarom xan Şah İsmayılın Yəzdin cənubuna yürüşündən istifadə edib 40 minlik ordu ilə Təbrizə hücum etmək məqsədilə Şah İsmayılın qardaşı İbrahim Mirzənin üzərinə Urmiya elinə doğru yeriyir. Sultan İbrahim məktub yazıb Şah İsmayıla göndərdi və ondan bu hücumun qarşısının alınması üçün kömək istədi. İbrahimin lələsi Sarı Əli bəy Möhrdarda Sarom xanla baş verən döyüşdə vəfat edir.[22] Daha sonra anonim mənbələr yazır ki, İbrahim Mirzə 1507-ci ildə Şah İsmayılın Zülqədəroğlu Əlaəddövləyə qarşı səfərinə qoşulmuşdu. Yenə Aləmara-yi Səfəvi əsərində Şah İsmayılın 1508-ci ildə Luristanda apardığı döyüş zamanı İbrahim Mirzənin adına rast gəlmək mümkündür.[23] Daha sonra 1510-cu ildə Mərv döyüşü ərəfəsində baş verən hadisələrdə İbrahim Mirzənin adı çəkilir. Aləmara-yi Şah İsmayıl əsərinə əsasən İbrahim Mirzənin bu zaman Təbrizdə səltənətin başında olduğu barədə məlumatlar öz əksini tapır.

Osmanlı tarixçiləri 1508-ci ildə Trabzon sancaqbəyi olan Səlimin Ərzincan yaxınlığında baş verən münaqişə zamanı İbrahim Mirzənin əsir düşdüyünü yazırlar.[24]Y.Öztuna isə İbrahimin 1507-ci ildə əsir düşdüyünü, 1508-ci ilsə isə sərbəst buraxıldığını bildirir.[25]Yenə Aləmara-yi Səfəvi-də verilən məlumata əsasən İbrahim Mirzənin Çaldıran döyüşü baş verən zaman hələ həyatda olduğunu bilirik.[26]«Tarix-e elçi-ye nizam şah” əsərində də İbrahim Mirzə ilə bağlı əlavə məlumatla rastlaşmaq mümkündür. Həmin məlumat 1516-cı ilə aiddir. Bu məlumatda bildirilir ki, Şah İsmayıl həmin ildə İbrahim Mirzəni Herata göndərdi.[27]

  1. 1 2 3 Münşi, 2009. səh. 78
  2. Musalı, 2018. səh. 208
  3. Məmmədova, 1991. səh. 28
  4. Əfəndiyev, 2007. səh. 42
  5. Musalı, 2018. səh. 209
  6. Süleymanov, 2018. səh. 13
  7. Münşi, 2009. səh. 74
  8. Əfəndiyev, 2007. səh. 44
  9. Musalı, 2018. səh. 210
  10. Musalı, 2018. səh. 213
  11. 1 2 Musalı, 2018. səh. 214
  12. 1 2 Musalı, 2018. səh. 216
  13. Morton, 1996. səh. 34
  14. Morton, 1996. səh. 37
  15. Woods, 1993. səh. 259
  16. Süleymanov M, 2018. səh. 118
  17. Musalı, 2018. səh. 217
  18. Münşi, 2009. səh. 81
  19. Süleymanov M, 2018. səh. 180
  20. Musalı, 2018. səh. 218
  21. 1 2 Süleymanov M, 2018. səh. 182
  22. Aləmarayi Səfəvi, 1350. səh. 103-104
  23. Aləmarayi Səfəvi, 1350. səh. 133
  24. Rasim, 1999. səh. 128
  25. Öztuna, 2005. səh. 775
  26. Aləmarayi Səfəvi, 1350. səh. 485
  27. Süleymanov M, 2018. səh. 717
  • İsgəndər bəy Münşi Türkman. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF). I. Bakı: Təhsil. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. 2009. səh. 792.
  • Məmmədova Ş. K. “Xülasət ət-təvarix” Azərbaycan tarixinin mənbəyi kimi. Bakı: “Elm” nəşriyyatı. 1991. səh. 120.
  • Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. səh. 344. ISBN 978-9952-34-101-0.
  • Nizami Süleymanov. Azərbaycan Səfəvilər dövləti 1501-1736-cı illər. Bakı: “İqtisad Universiteti” Nəşriyyatı. 2018. səh. 214.
  • Mehman Süleymanov. Şah İsmayıl Səfəvi. Bakı: Elm və təhsil. 2018. ISBN 978-9952-8176-9-0.
  • Anonim (red Yədullah Şükrü). Aləm ara-yi Səfəvi. Tehran: İntişarat-ı İttilat. 1350.
  • Ahmet Rasim. Osmanlı Tarihi. I. İstanbul: Emir Basın Yayın. 1999.
  • Yılmaz Öztuna. İslam Devletleri // Devlet ve Hanedanlar. I. Ankara. Kültür ve Turizm Bakanlığı Yayınları. 2005.
  • Woods, John E. The Aqquyunlu: Clan, Confederation, Empire. The University of Utah Press. 1999.
  • Alexander Morton. "The Early Years of Shah Ismail in the Afzal al-Tavarikh and Elsewhere" // Safavid Persia: The History and Politics of an Islamic Society,. London: I.B.Tauris & Co Ltd. 1996. 27–51.