İbrahim Musabəyov

İbrahim bəy Musabəyov (1880, Qutqaşın14 sentyabr 1942) — azərbaycanlı maarifçi, yazıçı və pedaqoq.

İbrahim bəy Musabəyov
İbrahim bəy Mehdibəy oğlu Musabəyov
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Karaqanda, SSRİ
Vəfat səbəbi Quru plevrit xəstəliyi
Fəaliyyəti yazıçı

İbrahimbəy Musabəyov Qutqaşendə (indiki Qəbələ şəhərində) anadan olmuşdur. İlk təhsilini doğma Qutqaşendə alan İ.Musabəyov 1898-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olur, 1902-ci ildə oranı bitirir və Şəki şəhərindəki üçüncü rus-tatar məktəbində müəllimliyə başlayır. 1911-ci ildə Bakıya gələn gənc pedaqoq birinci rus-tatar məktəbində boş olan müəllim yerini tutmaq üçün həmin ilin oktyabr ayının 6-da müəllimlər komissiyası qarşısında imtahan verir və o vaxtdan müəllimlik fəaliyyətini Bakıda davam etdirir.

O vaxt Qafur Rəşad Mirzəzadənin redaktorluğu ilə çıxan "Məktəb" jurnalında XX əsrin demokratik əqidəli müəllimləri və yazıçıları şeir, hekayə və məqalələrlə tez-tez çıxış edirdilər. Nəriman Nərimanov, Süleyman Sani Axundov, Şəfiqə Əfəndizadə, Abdulla Şaiq, Rəşid bəy Əfəndiyev, Əli Fəhmi, Əlicabbar Orucəliyev və başqaları "Məktəb" jurnalının əsas müəllifləri idilər.

1913-cü ildən ədəbi fəaliyyətə başlayan İ.Musabəyov özünün didaktik, təlim və tərbiyəyə dair hekayələrini "Məktəb" jurnalında, iri həcmli əsərlərini isə müxtəlif nəşriyyatlarda kitabça şəklində çap etdirirdi.

Onun ədəbi irsi içərisində ideya və məzmunu ilə nəzəri daha çox cəlb edən və bu gün də aktuallığını itirməyən, ilk dəfə 1916-cı ildə kitab şəklində çap olunmuş "Neft və milyonlar səltənətində" povestidir. Bu, inqilaba qədər Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin və burjua əxlaqının, pul hakimiyyətinin ifşasına həsr olunmuş əsərlər içərisində xüsusi yer tutur.

"Neft və milyonlar səltənətində" povesti tez bir zamanda ictimaiyyətin nəzərini cəlb edir. 1916-cı ildə həmin povestin əsasında A.D.Panova-Potyomkinanın ssenarisi üzrə "Filma" fransız kino şirkəti dörd seriyadan ibarət kino-film çəkir ki, burada rus kino ustaları ilə yanaşı, məşhur Azərbaycan aktyoru Hüseyn Ərəblinski, xanəndə Cabbar Qaryağdıoğlu, tarzən Qurban Primov, Mirmahmud Kazımovski də iştirak etmişdilər.

V.Musabəyov 1925-ci ildə Nuxa dairəsindən Ümumrusiya müəllimlər qurultayına nümayəndə seçilmiş, 1931-ci ildə isə Azərbaycan müəllimlər qurultayının nümayəndəsi olmuşdur. Tanınmış pedaqoq Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 oktyabr 1932-ci il tarixli fərmanı ilə "Əmək qəhrəmanı" adına layiq görülmüşdür.

Musabəyov Sovet hökuməti tərəfindən xalq düşməni iddiası ilə həbs olunmuş, 1942-ci il sentyabrın 14-də sürgün yerində — Karaqanda şəhərində quru plevrit xəstəliyindən vəfat etmişdir.

Əsəri üzrə çəkilən filmlər

[redaktə | mənbəni redaktə et]
  1. Neft və milyonlar səltənətində (film, 1916) (tammetrajlı bədii film)
  2. Qızıl uçurum (film, 1980) (tammetrajlı bədii film)
  • Gülzar İbrahimqızı, Zülmətdən nura doğru. : İbrahimbəy Mehdibəy oğlu Musabəyovun həyat və yaradıcılığı / elmi red. X. Bəşirli ; red. A. Əbdülhəsənqızı. — Bakı : Letterpress, 2015. — 148 s
  • İbrahim bəy Musabəyov, Neft və milyonlar səltənətində / tərt., ön sözün müəl. G. Məmmədova, bur. məsul Ə. Güləliyev. — Təkrar nəşr. — Bakı : Şərq-Qərb, 2006. — 152 s. — 25000 tiraj. — ISBN 9952-34-030-6 oxu; yüklə
  • Sevda İsmayıllı. "Bakıya «Neft və milyonlar səltənəti» adını kim verib?" (az.). azadliq.org. 2009-05-14. 2017-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-12.
  • “Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu. "Azərbaycan tarixində iz qoyan Musabəyovlar" (az.). azadliq.info. 2013-08-07. 2017-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-12.
  • "Azərbaycanın İlk səssiz filmi "Neft və milyonlar səltənətində"" (az.). azens.az. 2017-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-13.
  • Aydın Kazımzadə. ""Neft və milyonlar səltənətində" – 100" (az.). kaspi.az. 2015-05-21. 2017-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-13.
  • Milyonlar səltənətinin 90 illik işığı Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]