Şəfiqə Əfəndizadə (tam adı: Şəfiqə Məmmədəmin qızı Əfəndizadə; (Əsma Sultan Şeyxzadə); 19 may 1883, Azğur, Tiflis quberniyası – 1959, Bakı) — Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, maarif xadimi, yazıçı, publisist.
Şəfiqə Əfəndizadə | |
---|---|
Doğum tarixi | 19 may 1883 |
Doğum yeri | |
Vəfat tarixi | 1959 |
Vəfat yeri | |
Fəaliyyəti | jurnalist, publisist, maarifçi |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, pedaqoq, publisist və yazıçı Şəfiqə Məmmədəmin qızı Əfəndizadə 1883-cü il, may ayının 19-da[1] Axaltsixe rayonunun Azğur kəndində tanınmış pedaqoq Hafiz Məmmədəmin Şeyxzadənin ailəsində anadan olmuşdur. İlk təhsilini evdə öz atasından almışdır. 1918-ci ilin martında bolşevik-daşnak quldurları tərəfindən türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımdan sonra qaçqın düşmüş Qubada, Azqurda, İstanbulda yaşamışdır. Şəfiqə Əfəndizadə 1959-cu ildə Bakı şəhərində vəfat etmişdir.[2]
Hələ 1896-cı ildə 14 yaşında ikən Şəfiqə Əfəndizadə Nuxa şəhərində şəxsi qadın məktəbində dərs demişdir. Qafqaz Müsəlmanları Ruhani İdarəsində və Bakıda III Aleksandr kişi gimnaziyasında imtahan verərək ibtidai məktəbdə türk dili və şəriət müəllimi vəsiqəsi almışdır. 1901-ci ildə Tiflisdə Zaqafqaziya ruhani idarəsində müəllimlik attestatı almış və həmin ildən məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycan qadın təhsili tarixində ilk dəfə olaraq Bakı şəhərində yenicə yaradılmış rus-müsəlman qadın məktəbində ana dilindən dərs deməyə başlamışdır. Həmin məktəbdə 1910-cu ilə kimi fəaliyyət göstərmişdir. 1906-cı ildə o Azərbaycan müəllimlərinin I qurultayının iştirakçısı olmuşdur. 1910-cu ildən 1920-ci ilədək o, şəhər rus-tatar (azərbaycan) qadın məktəbinin müəllimi olmuşdur. 1915-ci ildən həmçinin qadın pedaqoji məktəbindəki pedaqoji kurslarda da dərs demişdir. 1917-ci ildə Cənubi Qafqaz müsəlman qadın müəllimlərinin Kazan şəhərində çağırılmış qurultayına nümayəndə seçilmiş, qurultayda iştirak edərək söylədiyi nitqində Şərq qadınlarının hüquqsuzluğundan danışmış, yeni məktəblərin, teatrların açılmasını tələb etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra 1919-cu ilin aprelində Bakıya dönmüş, pedaqoji işə bərpa olunmuş, 1920-ci ilin fevralında ərizə verərək istefaya çıxmışdır. Şəfiqə Əfəndizadə 1920-ci ildə Əli Bayramov klubunun təşkilində fəal iştirak etmiş və orada yaradılmış savadsızlığın aradan qaldırılması kurslarında dərs demişdir. 1920-ci ildən sonrakı dövrlərdə dəfələrlə Zaqafqaziyada, Qafqazda, Moskvada keçirilmiş qadınlar konfransında və qurultaylarında nümayəndə kimi iştirak etmişdir. Sovet hakimiyyəti illərində mədəni quruculuq işlərinə cəlb olunmuş, 1920–1926-cı illərdə darülmüəllimatda (qadın müəllim kadrları hazırlayan pedaqoji məktəb) dərs demiş, 1923-cü ildə "Şərq qadını" jurnalı fəaliyyət göstərməyə başlayan andan Şəfiqə Əfəndizadə jurnalla fəal əməkdaşlıq etməyə başlamış, redaksiya heyətinin üzvü seçilmiş, jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olmuşdur. Şəfiqə Əfəndizadə həmçinin 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdir.[2][3]
Şəfiqə Əfəndizadə bədii-publisistik yaradıcılıqla məşğul olmuş, ilk dəfə 1903-cü ildə "Şərqi-rus" qəzetində (1903-cü il, № 7) başlamışdır. Sonralar o "Dəbistan", "Məktəb", "Füqara füyüzatı", "Dirilik" jurnalları və "Açıq söz" qəzeti ilə əməkdaşlıq etmiş, təlim-tərbiyə mövzularına dair məqalələr, uşaqlar üçün hekayələr dərc etdirmişdir. Eyni zamanda mətbuatda yazıçı kimi də çıxış etmiş, adları çəkilən nəşriyyatlarda bədii əsərlərini çap etdirmişdir. 1914-cü ildə onun yazdığı "İki yetim" yaxud "Kərimin himməti" povesti isə ayrıca kitab şəklində "Kaspiy" tipoqrafiyasında ("Azərbaycan kitabı", Bakı, 1963., s.139) nəşr olunmuşdur. 1916-cı ildə o "Açıq söz" qəzetində (№ 187, 17 may 1916-cı il) Cəlil Məmmədquluzadənin "Ölülər" pyesinə ilk rəyi dərc etdirmişdi.[2]
"Şərq qadını" onun haqqında belə yazmışdı: "Şəfiqə xanım bütün Zaqafqaziyada ilk Azərbaycan dili müəlliməsi və bununla yanaşı ilk Azərbaycan qadın jurnalisti və yazıçısı olmuşdur" (1924-cü il, № 1).
Şəfiqə Əfəndizadənin şagirdləri içərisində respublikamızın görkəmli dövlət xadimi olan Azərbaycan SSR-nin maarif üzrə xalq komissarı Ayna Sultanova və Azərbaycan xalq şairi Mirvarid Dilbazi və başqalarını qeyd etmək olar.
Hazırda Bakı şəhəri Yasamal rayonunun 13 saylı orta məktəbi Şəfiqə Əfəndizadənin adını daşıyır.