Mirmahmud Kazımovski

Mirmahmud Mirələkbər oğlu Kazımovski (27 fevral 1882, Bilgəh, Bakı qəzası1 dekabr 1940, Bakı) — Azərbaycan aktyoru, pedaqoq, dramaturq, bir sıra birpərdəli pyeslərin, vodevillərin və musiqili komediyaların müəllifi, rejissor, 1906-cı ildə yaradılmış Bakı Müsəlman teatrının ilk üzvlərindən biri və təşkilatçısı, Azərbaycan SSR əməkdar artisti (1938).[1]

Mirmahmud Kazımovski
Doğum tarixi 27 fevral 1882(1882-02-27)
Doğum yeri
Vəfat tarixi 1 dekabr 1940(1940-12-01) (58 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Uşağı
Fəaliyyəti aktyor, kinorejissor, dramaturq, pedaqoq, rejissor
Fəaliyyət illəri 1897–1940
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1938
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirmahmud Kazımovski 1882-ci ildə Bakının Bilgəh kəndində anadan olmuşdur. İlk təhsil illərini Hüseyn Ərəblinski ilə birlikdə alan Mirmahmud sonralar onunla möhkəm dost olmuşdur. Hələ məktəbdə oxuyarkən onlar dram dərnəklərində fəaliyyət göstərmiş, bir sıra epizodik rollarda çıxış etmişlər.

Sonralar Mirmahmur Kazımovski peşəkar artist kimi tanınmağa başladı. O, Qoqolun "Müfəttiş"ində Filippoviç, Nəcəf bəy Vəzirovun "Pəhləvani Zəmanə" əsərində Cahangir bəy, Şəmsəddin Saminin "Gavə" əsərində zabit və kəndli rollarında, "Müsibəti-Fəxrəddin" əsərində Əhməd rolunda, eyni zamanda bir sıra Qərbi Avropa dramaturqlarının əsərlərində uğurla çıxış etmişdir. Bu əsərlərin içərisində Uilyam Şekspirin "Otello" faciəsi xüsusi yer tuturdu.

Mirmahmur Kazımovskinin ən böyük uğurlarından biri də Azərbaycanda qadınların teatr səhnəsinə hələ qalxmadıqları bir dövrdə qadın rollarını gözəl ifa etməsi idi. O, Leylinin anası, eyni zamanda altıncı və yeddinci ərəb rollarında çıxış etmişdir.

Mirmahmud Kazımovski təkcə aktyor deyildi, o, həm də ədəbi yaradıcılıqla məşğul olurdu. Müəllimlik edir, xalqın maariflənməsi yolunda əlindən gələni əsirgəmirdi. Böyük maarifpərvər Həsən bəy Zərdabi ilə çiyin-çiyinə çalışan M. Kazımovski onun ölümündən sonra da ideyalarını təbliğ etmişdir.

Mirmahmud Kazımovskinin pedaqoji fəaliyyətinə Həsən bəy Zərdabinin böyük təsiri olmuşdur. O, bir müddət rus dili, rəsm, nəğmə, hesab dərsləri deməklə yanaşı, həm də məktəblərdə idman dərsi aparmışdır. Azərbaycanda idmana aid ilk dərsliyin müəllifi də elə Mirmahmud Kazımovski olmuşdur. Orta məktəb dərsliyi həcmində yazılmış bu kitabın 200-ə yaxın şəkli vardır. Maraqlı burasıdır ki, müəllif çapa hazırladığı dərsliyin şəkillərini də özü çəkmişdi.

Mirmahmud Kazımovski uşaqlarda Azərbaycan ədəbiyyatına böyük məhəbbət oyadırdı. O, həmişə şagirdlərinə deyərdi: "Ədəbiyyat xalqın güzgüsüdür. Əgər bir xalqın tarixi və mədəni həyatı ilə, onun arzu və istəkləri ilə, sevinc və kədəri ilə tanış olmaq istəyirsinizsə, onun ədəbiyyatına müraciət edin". O, məktəblərdə tez-tez ədəbi gecələr təşkil edər, Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin qəzəllərini uşaqlar üçün hədsiz bir həvəslə oxuyardı.

Mirmahmud Kazımovski bir çox tamaşaların rejissoru olmuşdur. 1912-ci ildə "Molla Cəbi" vodevili Bakıda çap edilmişdir.

Görkəmli sənətşünas Cəfər Cəfərov Mirmahmud Kazımovski haqqında yazır: "Teatrda əsasən o adamlar qalır ki, onların adı hər bir zaman teatr aləmində çəkilir. Mirmahmud Kazımovski məhz belə insanlardandır".

Mirmahmud Kazımovski 1940-cı il dekabrın 1-də, 58 yaşında vəfat edib.

  • Nə qanır, nə qandırır (məzhəkə bir pərdədə). Bakı: [s.n.], 1911;
  • Daşım-daşım (bir pərdəli məzhəkə). Bakı: [s.n.], 1911;
  • Molla Cəbi (operetta 4 pərdədə). Bakı: Mirbabayevin "Zarya" mətbəəsi, 1912;
  • Vurhavur (operetta 3 pərdədə). Bakı: [s.n.], 1915

Mirmahmud Kazımovski rejissor Rauf Kazımovskinin atası və rejissor Ələkbər Kazımovskinin babasıdır.

  1. Neft və milyonlar səltənətində (film, 1916)
  2. Bismillah (film, 1925)
  3. Bakılılar (film, 1938)
  4. Kəndlilər (film, 1939)
  5. Sovqat (film, 1942)
  1. Azərbaycan Kinosu. Ensiklopedik lüğət. "Elm və Təhsil". Bakı, 2017. s.229