Hüseyn Məmməd oğlu Xələfov (Hüseyn Ərəblinski) (1881, Bakı – 4 mart 1919, Bakı) — Azərbaycan aktyoru və rejissoru, Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri.
Hüseyn Ərəblinski | |
---|---|
Hüseyn Məmməd oğlu Xələfov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (38 yaş) |
Vəfat yeri | Bakı, Bakı qəzası, Azərbaycan Xalq Cümhuriyyəti |
Dəfn yeri | |
Vətəndaşlığı | azərbaycanlı |
Atası | Məmməd Xələfov |
Anası | Pəri Xələfova |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1902-1919 |
Təhsili | |
IMDb | ID3622582 |
Vikianbarda əlaqəli mediafayllar |
Hüseyn Ərəblinski 1881-ci ildə Bakı şəhərində yoxsul bir ailədə dünyaya gəlib. Atası pişkah Məmməd Xələf oğlu yelkənli gəmidə işləyirdi. Hüseyn Ərəblinski azyaşlı olarkən atası dəniz fırtınasında batmışdı. Ərəblinskinin həyatı hələ uşaq yaşlarından ehtiyac və maddi sıxıntılar içində keçmişdi. Anası Pəri xanım oğlu Hüseyni və qızı Dürsədəfi böyük çətinliklə saxlamasına baxmayaraq, Hüseyni təhsil alması üçün mollaxanaya qoyub. O, mollaxanada Molla Hadinin yanında təlim almışdır.[1] Hüseyn Ərəblinski 12–13 yaşınadək mollaxanada oxumuş, lakin sonra təhsil xərcini ödəyə bilmədiklərinə görə, mollaxanadakı təhsilini yarımçıq qoymağa məcbur olmuşdu.[2]
Ərəblinski 14 yaşlarında ikən "Üçüncü rus-tatar" məktəbinin müəllimi Həbib bəy Mahmudbəyovun yoxsul uşaqlarını məktəbə pulsuz götürdüyündən xəbər tutub oraya daxil olmaq üçün müraciət edib. Həbib bəy Mahmudəbəyov Hüseyni məktəbə qəbul etməklə bərabər, onun maddi cəhətdən çox yoxsul olduğunu nəzərə alıb, kitab və başqa dərs ləvazimatı xərcini də öz üzərinə götürüb. Beləliklə, "Üçüncü rus-tatar" məktəbinə daxil olan Hüseyn burada eyni zamanda rusca oxuyub-yazmağı öyrənib. O, məktəb illərində ədəbiyyata xüsusi marağı ilə seçilib, məhz o illərdə teatrla tanış olub. Bu, peşəkar teatrdan uzaq olan dərviş oyunları, səyyar sirk tamaşaları idi.[2][3]
"Hüseyn Ərəblinski. Aktyorun həyat və fəaliyyətinə dair sənədlər məcmuəsi" adlı kitabda isə belə qeyd olunub ki, Hüseyn Ərəblinski səkkiz yaşında axund Molla Hadinin yanında altı il təhsil almış, daha sonra Sultan Məcid Qənizadənin himayəsində olan üç şöbəli məktəbinə daxil olmuşdur. Oranı bitirdikdən sonra Mixaylovski məktəbinin üçüncü şöbəsinə qəbul olunmuşdur.[1]
Hüseyn Ərəblinskinin sənətə gəlişinin səbəbkarı da Həbib bəy Mahmudbəyov olub. Belə ki, dövrünün qabaqcıl ziyalılarından olan Həbib bəy Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundovun Sərgüzəşti-vəziri-xani-Lənkəran əsərini tamaşaya qoymaq istəyir. Əsas heyəti müəyyənləşdirsələr də, epizodik rollarda oynamağa aktyor tapmırlar. Mahmudbəyov epizodik rollara öz şagirdlərini cəlb eləmək qərarına gəlir. Bu şagirdlər sırasında Hüseyn Xələfov də olur.[2][3]
Hüseyn özünün ilk məşqlərini Cahangir Zeynalovun evində edir. Hüseyn Ərəblinskinin teatra ilk dəfə gəlməsi də həmin dövrə təsadüf edir. Ancaq sonralar teatr tariximizdə ən yerlərdən birini tutan Hüseyn Ərəblinski özünün ilk rolunu oynaya bilmir. Səhnədə çaşan Hüseyn susmağa məcbur olur. Hərgah bu, tamaşanı pozmur. Çünki Hüseynin rolu tamaşada, demək olar ki, nəzərə çarpmırmış.[3] Ərəblinski o zaman səhnəyə birinci dəfə mehtər Kərimin rolunda çıxmışdı. Sonralar Hüseyn Xələfov özünü gizlətmək və təqiblərdən yaxa qurtarmaq məqsədilə "Ərəblinski" ləqəbini qəbul etdi.[2]
Bundan sonra, o, 1897-ci ildən 1900-cu ilədək yalnız kiçik rollarda çıxış edir.[3] Ərəblinskinin ailəsi çox böyük maddi ehtiyac içində idi. Buna görə o, otağını Mariya İvanovna İvanovaya icarəyə verir. Sonralar həmin qadın Ərəblinskinin yaradıcılıq inkişafına çox böyük təsir göstərmişdir. Belə ki, onun yardımı ilə Ərəblinski rus dilini mükəmməl öyrənmişdir. Hüseyn Ərəblinskinin teatr fəaliyyəti 1903–1904-cü illərdə yaradılan Müsəlman Artistləri Cəmiyyəti ilə sıx bağlıdır. Onun səhnədə ilk uğuru da məhz bu dövrə təsadüf edir.[2]
Belə ki, Müsəlman Artistləri Cəmiyyəti 1905-ci ildə Lənkərana qastrol səfərinə gedir. Bu, teatr tarixində ilk qastrol idi. Hüseyn Ərəblinskinin ilk müəllimlərindən biri olan Əbülfət Vəliyev truppanın rejissoru, Murad Muradov isə inzibatçısı idi. Əbülfət Vəliyev mahir aktyor və rejisor idi. O, sonralar Ərəblinskinin istedadına valeh olub rejissorluq və aktyorluq fəaliyyətində onun yolu ilə getmişdir.[2][3]
Əbülfət Vəliyevin başçılıq etdiyi truppa üzvlərinin əksəriyyəti həmişə arxa planda olan Hüseynin də bu qastrola getməsini təəccüblə qarşılayırlar. Onlar Lənkəranda "Müsibəti-Fəxrəddin" və "Pulsuzluq" pyeslərini tamaşaya qoymalı idilər. Səfər zamanı "Müsibəti-Fəxrəddin" tamaşasını göstərən truppa gözlənilməz fakt qarşısında qalır – tamaşaya bir-iki saat qalmış məlum olur ki, Ərəblinski bəzi xatirələrə görə Rüstəm bəy, bəzi xatirələrə görə isə xəstə olan aktyoru əvəz edərək Fəxrəddin rolunu oynamışdır.[2][3]
O gecənin şahidi olan teatr xadimləri sonralar öz xatirələrində yazırdılar ki, Hüseyn bu rolu son dərəcə uğurla oynadı. Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan Hüseyn, beləliklə, indiyə qədər onun haqqında olan fikirləri də alt-üst edir. Tezliklə teatr ictimaiyyətində aktyor kimi tanınan Hüseyn Ərəblinski "Nicat" teatr cəmiyyətinə baş rejissor və aktyor kimi dəvət alır. Yalnız sənət yenilikləri ilə kifayətlənməyən Hüseyn teatr mühitində bir sıra dəyişikliklər edir. O, əldə bilet satmağı, qapı-qapı gəzib tamaşaçı toplamağı qadağan edir və aktyorlara məvacib müəyyənləşdirir. Repertuardan isə mövhumatı təbliğ edən əsərləri çıxarır. Rus dramaturgiyasının ən gözəl nümunələri — L.Tolstoy, Turgenev, Qoqol və s. — Azərbaycan səhnəsində tamaşaya qoyulmağa başlanılır, rus səhnəsinin sənətkarları ilə sıx yaradıcılıq əlaqəsi yaradılır.[2]
Hüseyn Ərəblinskinin sənətə gəlişi dövründə ayrı-ayrı həvəskar qrupların, teatr dərnəklərinin simasında qərarlaşan Azərbaycan teatrı, sözün əsl mənasında, çətin günlərini yaşayırdı. Təqib olunan teatr truppalarının əsas problemlərindən biri də səhnə idi. Tamaşa göstərmək üçün bina icarəyə götürmək külli miqdarda vəsait tələb edirdi. Çox zaman pul tapmayan aktyorlar nəyi isə girov qoymağa məcbur olurdular. Hüseyn Ərəblinskinin də tez-tez girov qoyduğu bir üzüyü var idi. Həmkarlarının "sehirli üzük" adlandırdığı bu üzük illərlə girov qalırdı. Azərbaycanın ilk peşəkar aktyoru, peşəkar rejissoru sayılan Hüseyn Ərəblinskinin şəxsi qayğıları, eləcə də, maddi çətinlikləri yetərincə idi. Onu nəinki mürtəce qüvvələr başa düşmürdü, eləcə də, bəzi qohumları onun sənəti ilə heç cür barışmaq istəmirdilər.[2][3]
Xüsusən də, qadın rolunu oynamaq üçün bığını qırxdırandan sonra Hüseynin ailəsi ilə münasibəti bir qədər də gərginləşir.[2] Bütün bunlara baxmayaraq, Hüseyn səhnəni hər şeydən uca tuturdu. Və bütün həyatının mənasını sənət məbədinə xidmət eləməkdə görürdü.[3]
Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi bir əxlaq sahibi olmalıdır. Heç bir hərəkəti və sözü ikrah doğurmamalıdır. Bazarlarda dolaşmaq, çayxanalarda və meyxanalarda əyləşib zarafatlaşmaq, səliqəsiz geyinmək, özgəsinə boyun əymək və sair kimi hərəkətlər aktyorun təbiətinə, vəzifəsinə və məqsədinə tamamilə ziddir. Həyatda yüngül və şərəfsiz kimi tanınan aktyor heç bir zaman səhnədə tamaşaçını inandıra bilməz. Tamaşaçı həmişə aktyora qarşı ehtiram və hörmət hissi bəsləməli, onu axtarmalı və rast gələrkən sevinməlidir. |
Hüseyn Ərəblinskinin Azərbaycan teatrına göstərdiyi ən böyük xidmətlərdən biri də odur ki, o, dünya klassiklərini, eləcə də, rus dramaturqlarının bir sıra əsərlərini ilk dəfə olaraq, Azərbaycan səhnəsinə gətirmişdi.[3] O, Qoqolun "Revizor" ("Müfəttiş") komediyasını tamaşaya qoymuş, həmçinin Şillerin "Qaçaqlar" əsərinin quruluşunu verməklə bərabər, Frans Moorun rolunu müvəffəqiyyətlə ifa etmişdir. Müasirlərin dediklərinə əsasən, rus aktyorları və xüsusən Bakıdakı rus teatrının rejissoru Valentinov Azərbaycan səhnəsində "Qaçaqlar"a tamaşa etdikdən sonra Frans rolunu rus səhnəsində də ifa etməyi Ərəblinskiyə təklif etmişdilər.[2]
Bakıya qastrola gəlmiş rus teatrı Lanskoyun "Qəzavat" pyesini tamaşaya qoymuşdu. Pyesin qəhrəmanı Əhməd bəy Şamxalın rolunu rus tragiki Şorşteyn ifa edirdi. Ərəblinski bu pyesə tamaşa etdikdən sonra onu Azərbaycan dilinə tərcümə etməyi Əbdürrəhim bəy Haqverdiyevdən xahiş etdi. "Qəzavat" pyesi ilk dəfə 1908-ci ildə Ərəblinskinin benefisinə olaraq oynandı. Bu haqda "Kaspi" qəzeti yazırdı:
Oktyabrın 28-də "Nicat" Cəmiyyəti truppasının rejissoru Hüseyn Ərəblinskinin nəfinə tamaşa oldu. Bu, professional müsəlman artistinin ik benefisi idi. Teatr tamaşaçılarla dolu idi. "Qəzavat" pyesi tamaşaya qoylumuşdu. Pyesin qəhrəmanı Əhməd bəy Şamxalın rolunu Ərəblinski ifa edirdi. |
Ərəblinski ilk dəfə Otello rolunu 1910-cu ildə oynayıb. Xatırladaq ki, Hüseyn Otellonu 1910-cu ildə oynasa da, bu rol üzərində düz üç il çalışıb. Aktyorun bu rolun əvəzsiz ifaçı olması barədə bir sıra mənbələrdə məlumat verilib. O cümlədən, rus rejissoru Levini Ərəblinskinin Otellosu barədə bu fikirdə olmuşdur:[3]
Mən bir çox tragik artistlər görmüşəm. Lakin sizdəki istedad və məharətin misli və bərabərini görməmişəm. Hərgah siz bu rolu rus səhnəsində ifa etsəydiniz, mən rejissorluğumu buraxıb, sizinlə birlikdə bütün Rusiyanı və hətta Avropanı gəzərdim. |
Ərəblinski tarixi surətlərin yaradılmasında da mühüm rol oynamışdır. Baxmetvin "1812-ci il" adlı pyesində Napoleon surəti və Volterin "Sultan Osman" pyesində Sultan Osmanın surəti Azərbaycanda birinci olaraq Ərəblinski tərəfindən yaradılmışdır. Hüseyn Ərəblinski həm Azərbaycan realist səhnə sənətinin, həm də Azərbaycan kino incəsənətinin banisidir.[2]
Hüseyn Ərəblinskinin ən uğurlu işləri sırasında olan rolları aşağıdakılardır: Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar"ında Qacar, Lanskoyun "Qəzavət"ində Əhməd bəy Şamxal, Qoqolun "Müəffətiş"ində Xlestakov, Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərində Fəxrəddin, Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərində Heydər bəy, Şillerin "Qaçaqlar"ında Frans, Şekspirin "Otello"sunda Otello.[3]
Tarixi faktlardan məlum olur ki, Hüseyn 1916-cı ildə Bakıda çəkilən "Neft və milyonlar səltənətində" filmində Lütfəli bəyi oynamışdır.[2][3][4]
1949-cu ildə Cəfər Cəfərov aktyorun qətlinin 30 illiyi münasibətilə "Hüseyn Ərəblinski" kitabçasını nəşr etdirmişdir. Əsər 1950, 1959, 1961-ci illərdə təkrarən nəşr olunmuşdur. Ərəblinski haqqında bəzi tədqiqat əsərləri və bir neçə bədii əsər yazılmışdır. Ərəblinksi Azərbaycan dramaturgiyasının təbliğatçısı idi. O, "Bəxtsiz cavan", "Müsibəti Fəxrəddin", "Ağa Məhəmməd şah Qacar", "Nadir şah", "Bahadır və Sona" və "Ölülər"i ifa etmişdir.[1]
Eyni zamanda, Ərəblinskinin ən böyük xidmətlərindən biri də rus və Qərbi Avropa dramaturgiyasından geniş istifadə etməsi olmuşdur. Molyerin, Şillerin, Şekspirin, Heynenin və Volterin ilk dəfə başlıca olaraq tanınmasında Ərəblinskinin əvəzsiz rolu olmuşdur. Ərəblinskinin sevimli rolları içərisində klassik və müasir rus pyeslərinin qəhrəmanları, o, cümlədən, Xlestakov ("Müfəttiş"), Naxman ("Yəhudilər"), Əhmədbəy Şamxal ("Qəzəvat"), Napoleon ("1812-ci il") da mühüm yer tuturdu. Təkcə Qərb və Rusiya deyil, Şərq də Ərəblinskinin repertuarında əsaslı yer tuturdu.[1]
"Kavə", "Vətən", "Nacibəy", "Akif bəy", "Bəxtsiz cavan", "Bəxtsiz igid", həmçinin Heynədən tərcümə edilmiş "Əlmənsur" tamaşalarında rol almışdır. Ərəblinskinin ən şöhrətli rollarından biri də Nadir şah idi. "Zakavkazye" qəzetində çap edilən bir resenziyada deyilir:
Ərəblinskinin ifasında Nadir şah ən xırda şeylərdə belə parlaq və gözəl idi. Əvvəlcə qaçaq dəstəsi başçısı, sonra sərkərdə, son pərdədə isə ölülərin kölgəsi tərəfindən təqib olunan Nadirin ekspansiv xarakterinin öz yüksək adının səviyyəsində duran aktyor heyranedici bir sənətkarlıqla aça bilirdi. |
Xələfovun birinci dəfə səhnəyə çıxması 1897-ci ildə olmuşdur. O zaman Bakıda, tamam Qafqazda türk səhnəsi və ya müntəzəm aktyorlar dəstəsi yox idi; ancaq həvəskarlar tərəfindən yoxsul tələbələrə ianə toplamaq məqsədilə ildə bir-iki dəfə teatr tamaşası verilirdi. Səhnəyə dair əlbisə və s. ləvazimat tədarükü Xələfov çox çalışırdı. Həmin 1897-ci ildə Novruz bayramı münasibətilə Mirzə Fətəli Axundovun "Xan Sərabi" adlı komediyası oynanılmışdı.[1]
1906–1908-ci illərdən sonra Ərəblinski Azərbaycan sərhədlərindən uzaqlarda da öz fəaliyyətini nümayiş etdirməyə başlamışdı. O, ilk dəfə Dərbənd və Aşqabad şəhərlərinə, habelə İrana qastrola getdi. Dərbənd və Aşqabadda xoş qarşılansa da, "Ağa Məhəmməd şah Qacar" pyesi birinci dəfə tamaşaya qoyulduqdan sonra Ərəblinskinin çıxışı qadağan olundu, çünki Ərəblinski İran şahını qan içən bir müstəbid kimi ifa edirdi.[2]
1906-cı ildən 1919-cu ilədək Hüseyn Ərəblinski hər il qastrola getmişdir. Ərəblinskinin bu qastrollarından da Azərbaycan səhnəsi üçün aktrisalar tapmaq idi. O, hara gedirdisə ən əvvəl aktrisalarla tanış olur və onları Azərbaycan səhnəsində işləməyə dəvət edirdi. Azərbaycan SSR Xalq artisti Mərziyyə Davudova Azərbaycan səhnəsinə Hüseyn Ərəblinski tərəfindən cəlb edilmişdi. Ərəblinski Mərziyyə Davudovayla 1918-ci ildə Həştərxanda tanış olmuş və onu Azərbaycana gəlmək üçün həvəsləndirmişdir.[2]
O zamanlar aktrisa məsələsi, Hüseyn Ərəblinski üçün ən çətin və həll olunmaz məsələ idi. Aktrisa məsələsi o qədər ciddi şəkil almışdı ki, Ərəblinski dramaturq Əbdürrəhim bəy Haqverdiyevdən qadın rolu olmayan pyes yazmağı xahiş etməyə məcbur olmuşdu. Haqverdiyev Azərbaycan səhnəsinin vəziyyətini və xüsusiyyətini nəzərə alaraq "Ağa Məhəmməd şah Qacar" dramasında qadın rolu verməmişdir.[2]
Rol | Əsər | Müəllif | Şəhər | Tarix |
---|---|---|---|---|
Kərim | "Vəzir-xan-Lənkəran" | M.F.Axundov | Bakı | 1897 |
Hacı Murad | "Müsibəti Fəxrəddin" | N.B.Vəzirov | 1901 | |
Rüstəmbəy | Lənkəran | 1905 | ||
"Axtaran tapar" | H.Rzayev(Sarabski) | Bakı | 18/VIII 1906 | |
Ağa Cavad | "Axşam səbri xeyir olar" | S.M.Qənizadə | 18/VIII 1906 | |
Süleymanbəy | "Dağılan Tifaq" | Ə.Haqverdiyev | 25/VIII 1906 | |
Məmməd xan | "Nadir şah" | N.Nərimanov | 10/IX 1906 | |
Ağa Cəfər | "Dursunəli və Ballıbadı" | S.M.Qənizadə | Dərbənd | 22/IX 1906 |
Əbdürrəhmanbəy | "Daldan atılan daş topuğa dəyər" | N.Vəzirov | 28/IX 1906 | |
Rəsul | "Ev tərbiyəsinin bir şəkli" | 28/IX 1906 | ||
Dobçinski | "Müfəttiş" | N.B.Qoqol | Bakı | 8/IX 1906 |
Ağa Məcid | "Döymə qapımı, döyərlər qapını" | N.Vəzirov | 28/IX 1906 | |
Gürcübəy | "Nadir şah" | N.Nərimanov | 24/XI 1906 | |
Xudaverdiyev | "Yağışdan çıxdıq, yağmura düşdük" | N.Vəzirov | 1/XII 1906 | |
Əli | "Əlmənsur" | H.Heyne | 5/XII 1906 | |
"Bədəfkarın külfəti" | H.Ərəblinski(tərc.) | 26/I 1907 | ||
Nadir | "Nadir şah" | N.Nərimanov | Tiflis | 15/VI 1907 |
Naçalnik | "Hacı Qara" | M.F.Axundov | Bakı | 27/VII 1907 |
Frans | "Qaçaqlar" | F.Şiller | 5/XI 1907 | |
Ağa Məhəmməd şah | "Ağa Məhəmməd şagh Qacar" | Ə.Haqverdiyev | 3/XII 1907 | |
Əlmənsur | "Əlmənsur" | H.Heyne | Bakı | 17/XII 1907 |
Ətabəy | "Bəxtsiz bala" | Namiq Kamal | Tiflis | 14/XII 1908 |
Eyvaz | "Zorən təbib" | Molyer | İrəvan | 23/V 1908 |
Sultan Osman | "Sultan Osman" | Volter | Bakı | 24/X 1908 |
Xlestakov | "Müfəttiş" | N.V.Qoqol | 7/XI 1908 | |
Naxman | "Yəhudilər" | Y.Çirkov | 14/XI 1908 | |
Gavə | "Gaveyi ahəngar" | Ş.Sami | 21/XI 1908 | |
Əhmədbəy Şamxal | "Qəzəvat" | S.V. Lanskoy | 28/XI 1908 | |
Qəhrəman | "Qaranlıqda işıqlar" | Məhəmməd Əmin Rəsulzadə | 5/XII 1908 | |
Fərhad | "Bəxtsiz cavan" | Ə.Haqverdiyev | 7/I 1909 | |
Ağabala | "Dövlətli bisəmər" | İ.Rüstəmbəyov | 11/III 1909 | |
Zakir | "Bəxtsiz igid" | Ələsgər Kəmal | 16/IV 1909 | |
Cövdətbəy | "Cövdətbəy" | Məhəmməd Ehsan | 2/XI 1909 | |
Pərviz | "Gaveyi ahəngar" | Ş.Sami | Tiflis | IV 1909 |
Vəli | "Artistlər məişəti" | Lentovski | Bakı | 18/XII 1909 |
Cəmilbəy | "Pulsuzluq" | İ.S.Turgenev | 19/III 1910 | |
Otello | "Otello" | Şekspir | 29/X 1910 | |
Xalid | "Xalid və Vəlid" | Talıbzadə | 15/XI 1910 | |
Aslan | "Qafqaz çiçəkləri" | Batşala | 5/XI 1910 | |
Hamlet | "Konsert" | V.Şekspir | Moskva | 25/IV 1911 |
Hacıbəy | "Hacıbəy-fədakari-hürriyyət" | Namiq Kamal | Bakı | 20/V 1911 |
Tariq | "Tariq ibn Ziyad" | 16/III 1911 | ||
Səd Vəqqas | "Sədi Vəqqas" | M.M.Axundov | 21/X 1911 | |
Napoleon | "1812 il" | Baxmetyev | 25/ I 1912 | |
İslambəy | "Vətən" | Namiq Kamal | 21/I 1910 | |
Fəxrəddin | "Müsibəti Fəxrəddin" | N.Vəzirov | Salyan | 13/VII 1913 |
Səidbəy | "Zülmün nəticəsi" | S.Vəzirov | Tiflis | 3/III 1914 |
Səttarxan | "Ləkkeyi taci kəyan" | Ehrabi | Tiflis | IV 1914 |
Yusif | "Şamdanbəy" | N.Nərimanov | 3/III 1914 | |
Kərəm | "Qaçaq Kərəm" | Maçedişvili | Bakı | 17/X 1914 |
Rüstəm | "Rüstəm və Söhrab" | Ə. Qəmərlinski | Bakı | 30/X 1914 |
Kupletlər | Konsert | 18/IX 1915 | ||
Lütfəlibəy | "Neft və milyonlar səltənətində (film)" | İ.Musabəyov | 1916 | |
Xosrov Pərviz | "Xosrov Pərviz" | A.Abdullazadə | 16/IX 1916 | |
Əbu Dəyyab | "Əbul-Ula" | H.Bədrəddin; M.Rüfət | 4/XI 1916 | |
Bahadır | "Bahadır və Sona" | N.Nərimanov | 15/XII 1916 | |
Akifbəy | "Akifbəy"("Namus") | Namiq Kamal | 16/IX 1916 | |
Şah Abbas | "Şah Abbas" | 12/V 1917 | ||
Gülməli hekayələr | Konsert | 13/II 1918 | ||
Hekayələr | Konsert | 19/II 1918 | ||
Rəqs "Dağıstan" | Konsert | 1/III 1919 | ||
Millət şərqisi | Konsert | 1/III 1919 |
Deyilənlərə görə, 1919-cu il mart ayının 4-də axşam saat 6-da Hüseyn Ərəblinskini dayısı oğlu Əbdülxalıq evlərinə qonaq çağırır. Dayısı Hacı Əbdülkərimlə aralarında mülk üstündə davaları olduğuna görə Hüseyn getmək istəməsə də, çox söhbətdən sonra həyat yoldaşı Asiyanı da götürüb onlara gedir. Qəflətən baş verən mübahisə nəticəsində Əbdülxalıq tapançasını çıxarıb Hüseyni boğazından vuraraq qaçır.[5] Bakı Polismeysterliyinin 4-cü pristavının martın 5-də, yəni hadisənin səhəri günü Şəhər Polismeysterliyinə təqdim etdiyi raportda deyilir:
"Məlumat verirəm ki, martın 4-də axşam saat 7 radələrində Çadrovı küçəsi 121№-li evdə səhnə təxəllüsü Ərəblinski olan, artist Hüseynbala Xələfov revolverdən açılan atəşlə Əbdülxalıq Hacı Əbdülkərim oğlu tərəfindən öldürülüb. Qatil həbs edilib. Bakı şəhəri 2-ci sahənin müstəntiqinə məlumat verilib".
— Azərbaycan Dövlət Arxivi, f. 2767, op. 2 q. 116, vər. 529
Hüseyn Quliyev Ərəblinskinin qətli haqqında söyləyib:[1]
1919-cu ilin mart ayının 4-də adamların Şors küçəsinə tərəf qaçdıqlarını gördüm. Deyirdilər ki, Hüseyn Ərəblinskini vurublar. Dayısı oğlu Xalıq vurmuşdu. Güllə boğazından dəymişdi. Asiya əlində gitara orada idi. Axşamüstü mən bunun səbəbini Asiyadan soruşdum, O dedi: "Xalıq Hüseyni qonaq çağırmışdı. O, heç getmək istəmirdi. O, dayısı və dayısı uşaqları ilə çoxdan idi ki, danışmırdı. Onlar Hüseyn ilə kin-küdurət saxlayırdılar. Xalıq onu dilə tutub aparmışdı. Bir azdan sonra mənə bir parça kağız gətirdilər. Hüseyn yazmışdı: "Asiya gitara və bir pyes götür gəl". Mən pyesi tapa bilmədim, gitaranı götürüb getdim. O vaxt çatdım ki, artıq Hüseyn öldürülmüşdü. Mən bilən Hüseyn vəziyyəti başa düşüb o kağızı mənə yazmışdı. |
Ərəblinski öldürüləndən sonra anası Pəri Xələfovanı qızı Dürsədəfin evinə köçürdürlər. Ərəblinskiyə məxsus olan əşyaları isə qohumları mənimsəyir. Həyat yoldaşı Asiya yaşadığı evdən qovulur. O, dost-tanış köməkliyi ilə bir otaqlı evdə yaşayır. Daha sonra Ələkbər Hüseynzadə ilə ailə həyatı qurur.[1]
1969-cu ildə Azərbaycan hökuməti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul etmişdir. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir.[6]
Yazıçı Elçinin "Sənətkarın taleyi" pyesi aktyorun həyat və fəaliyyətindən bəhs edir. Əsər əsasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırlanmış tamaşanın quruluşçu rejissoru İranə Tağızadədir.[7]