İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi — yerli sahibkarlara müasir texnologiya və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərən, onların transferini təşkil edən, innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, o cümlədən startapları stimullaşdıran, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirən agentlikdir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Yaradılma tarixi 6 noyabr 2018
Baş qərargah Bakı, Azərbaycan
Rəhbərlik
İdarə Heyətinin sədri İnarə Vəliyeva

Rəsmi saytı digital.gov.az

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 noyabr 2018-ci il tarixli 325 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb.

eGov – Elektron Hökumət Portalı

[redaktə | mənbəni redaktə et]
eGov – Elektron Hökumət Portalı

Azərbaycan Respublikası Prezidentinin 1885 nömrəli Fərmanı ilə "Elektron hökumət" portalı texniki-texnoloji infrastrukturu ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansına verilib.

Portal dövlət qurumlarının elektron xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, vətəndaşların bu xidmətlərdən istifadəsinə, dövlət qurumlarının portala qoşulmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq sənədlər barədə qanunla müəyyən edilmiş qaydada informasiya əldə edilməsinə xidmət edir.

Portalın başlıca fəaliyyət istiqamətləri vətəndaşlar və dövlət qurumları arasında "bir pəncərə" prinsipini tətbiq etməklə, bütün xidmətlərin vahid platforma üzərindən elektron qaydada həyata keçirilməsini əhatə edir.

Portal vasitəsilə həm vətəndaş (G2C), həm sahibkar və biznes qurumları (G2B), həm də digər dövlət qurumları (G2G) istiqamətlərində xidmətlər həftənin bütün günləri fasiləsiz şəkildə həyata keçirilir.

myGov

Vətəndaşların rəqəmsal portfeli rolunu oynayan "myGov" elektron hökumət portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb.

"myGov"u əsas fərqləndirən xüsusiyyət, qabaqlayıcı hökumət konsepti əsasında fəaliyyət göstərməsidir. Vətəndaşlar "myGov" portalında (https://my.gov.az/) qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yarada və burada dövlət qurumları tərəfindən verilmiş şəxsi məlumatları ilə tanış ola, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilirlər. Vətəndaş, həmçinin şəxsi kabinetindəki bütün növ əməliyyatlarının tarixçəsini (kabinetə giriş, giriş vasitəsi, xidmətlərdən istifadə, çıxış) izləmə imkanına sahibdir.

Portalın funksiyaları:

1. Şəxsi məlumatların vətəndaş tərəfindən əldə olunması.

2. Vətəndaşa dair məlumatlar yeniləndikdə, onun hər hansı sənədinin etibarlılıq müddəti başa çatdıqda və sistemə yeni xidmətlər əlavə edildikdə vətəndaşa bununla bağlı şəxsi kabinet vasitəsilə məlumatlandırma və xatırlatma xarakterli bildirişlər göndərilir.

3. Şəxsi kabinet vasitəsilə vətəndaş öz fikirlərini, şərhlərini, şikayət və təkliflərini aidiyyəti quruma göndərə bilir. Eyni zamanda vətəndaş özü haqqında sistemdə aşkarladığı səhv məlumatlar barədə müvafiq quruma müraciət ünvanlaya bilir.

4. "Sorğulanmış məlumatlarım" bölməsi vasitəsilə vətəndaş məlumatlarının hansı qurum tərəfindən və nə zaman sorğulandığını öyrənə bilər.

5. Portala müxtəlif qurumların sistem və xidmətləri inteqrasiya olunub. Hər bir vətəndaş şəxsi kabinetinə daxil olaraq dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərdən istifadə edə bilir. Vətəndaşla bağlı sistemdə olmayan məlumatların inteqrasiyası istiqamətində digər dövlət qurumları ilə işlər davam etdirilir.

Dövlət xidmətlərinin vətəndaşlar üçün daha da əlçatan olmasını təmin etmək, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi sürətləndirmək məqsədilə 2021-ci ildə "myGov" elektron hökumət portalının mobil tətbiqi istifadəyə verilib. Vətəndaşlar, artıq rəqəmsal hökumət xidmətlərindən mobil tətbiq vasitəsilə də istifadə edə bilərlər. "myGov" mobil tətbiqini yükləməklə vətəndaşlar qurumlar tərəfindən təqdim edilən arayışlar, o cümlədən COVID-19 sertifikatları ilə tanış ola bilər, habelə yükləyərək və ya mobil tətbiq üzərindən müvafiq qurumlara təqdim edə bilərlər.

"myGov" mobil tətbiqini həm "Android", həm də "iOS" əməliyyat sistemləri vasitəsilə yükləmək mümkündür. Yükləmək üçün linklər:

· "Android": https://play.google.com/store/apps/details?id=az.gov.my

· "iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540

"digital login"

[redaktə | mənbəni redaktə et]

"Digital login" “ASAN Login” Vahid Giriş Sistemi adı ilə EHİM tərəfindən yaradılıb. Yeni e-Gov infrastrukturunun əsas hissələrindən biri olan bu sistem vasitəsilə istifadəçilər bir yerdən qeydiyyatdan keçməklə bütün digər inteqrasiya olunmuş portallara giriş əldə edirlər.

"Digital login" sisteminin üstünlükləri:

• Çoxsaylı istifadəçi adı və şifrələri yadda saxlamaq məcburiyyəti aradan qalxır;

İlk loqosu

• Eyni şəxsin fərqli istifadəçi məlumatlarının yaranmasının qarşısı alınır;

• Səlahiyyətlərin vahid mərkəzdən idarə etmək imkanı yaranır;

• İnteqrasiya olunan bütün xidmətlərə vahid məkandan giriş və çıxış imkanı əldə olunur.

Sistemdən istifadə üçün ilkin olaraq https://digitallogin.my.gov.az/ saytına daxil olmaq lazımdır.

"Digital login" sisteminə hal-hazırda 4 üsul ilə daxil olmaq mümkündür:

• Şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi ilə;

  • SİMA (rəqəmsal imza)
  • SİMA (elektron imza)

• ASAN İmza;

• Elektron İmza;

• BSXM-nin (Bank Sertifikat Xidmətləri Mərkəzi) elektron İmzası ilə.

Sistemdə qeydiyyat 2 formada həyata keçirilir:

1. Mobil nömrə vasitəsilə

Əgər mobil nömrə vətəndaşın öz adınadırsa, şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi və mobil nömrə ilə qeydiyyatdan keçmək mümkündür. Təlimat videosu

2. Video vasitəsilə

Əgər mobil nömrə vətəndaşın öz adına deyilsə, vətəndaş videoqeydiyyat vasitəsilə hesab aça bilər. Təlimat videosu

Bundan əlavə şifrəni unudan və şifrəni bərpa etmək üçün aktiv mobil nömrəsi əlçatan olmayan istifadəçilər videoyazı vasitəsilə sistemə digər aktiv mobil nömrəni əlavə edərək unudulmuş şifrəni bərpa edə bilərlər. Təlimat videosu

İcazələrin alınması və Monitorinqi Sistemi

[redaktə | mənbəni redaktə et]
icaze.e-gov.az

"Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" EHİM tərəfindən Daxili İşlər Nazirliyi ilə (DİN) birgə əməkdaşlıq əsasında ərsəyə gətirilib. Sistem Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin tətbiqi zamanı vətəndaşların fəaliyyət göstərməsi və evdən çıxmalarına dair icazələrin alınması üçün nəzərdə tutulub.

Xüsusi karantin rejiminin tətbiqi zamanı vətəndaşların evdən çıxmalarına dair icazənin əldə edilməsi üçün isə 8103 SMS İcazə Sistemi tətbiq edilib. Sistem hər vətəndaşa bir gün ərzində limitli sayda icazə vermək, müvafiq kod və şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin uyğunluğu məlumatlarını emal etmək, icazə üçün müraciətləri təsdiq və ya ləğv etmək funksiyalarına malikdir.

"İcazələrin alınması və monitorinqi sistemi" üzərindən 1 milyon 270 mindən çox vətəndaşın və 139 mindən artıq qurumun fəaliyyətinə icazə verilib. Vətəndaşlardan SMS icazə sisteminə 112 milyondan artıq SMS daxil olub və 95 milyon müraciətə müvafiq icazələr verilib.

Rəqəmsal icra hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

"Rəqəmsal icra hakimiyyəti" portalı – rih.gov.az EHİM tərəfindən yaradılıb. Portal icra hakimiyyətləri tərəfindən göstərilən bir sıra xidmətləri rəqəmsal formatda vətəndaşlara təqdim edir, habelə icra hakimiyyətlərinə görüş üçün elektron formatda müraciət və aktual mövzular haqqında sorğular formalaşdırmaq imkanı yaradır. "Rəqəmsal icra hakimiyyəti" portalı yaradılmadan öncə vətəndaş iştirakını təmin etmək məqsədilə Gəncə şəhəri, habelə Quba və Masallı rayonlarında vətəndaşlar arasında sorğular təşkil olunub (sorğuların nəticələri ilə burada tanış ola bilərsiniz). Portal, həmçinin elektron formatda məlumatlandırma moduluna malikdir.

rih.gov.az portalı

• "Rəqəmsal icra hakimiyyəti" portalının xidmətlər bölməsində vətəndaşlara 12 elektron xidmət təqdim olunur. Bu xidmətlərdən 9-u yerli icra hakimiyyətlərinin vətəndaşlara göstərdikləri dövlət xidmətləridir. Bu xidmətlərdən istifadə etmək üçün vətəndaşlar tələb olunan sənədlər əsasında məlumatları təqdim etməklə müraciət edə bilərlər. Vətəndaşların bəzi fərdi məlumatları avtomatik şəkildə portal vasitəsilə əldə olunur. Bu isə öz növbəsində vətəndaşların vaxtına və resurslarına qənaət edir.

"E-iştirakçılıq" bölməsi vasitəsilə vətəndaşlar ictimai aktual mövzularla bağlı icra hakimiyyətinə müraciət göndərə bilərlər. Vətəndaş "E-iştirakçılıq" bölməsinə keçid etməklə, Yerli icra hakimiyyətini, daha sonra müraciətin istiqamətini seçməklə Yeni Müraciət" yaratmaq imkanına malikdir. Müraciət Yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunduqdan sonra sorğu portalın "E-iştirakçılıq" bölməsində digər vətəndaşların səs verməsi üçün yaradılır. Səs vermə anonim qaydada aparılır və nəticəsi portalda hər kəslə açıq şəkildə paylaşılır. Eyni zamanda, Yerli icra hakimiyyəti orqanları da həyata keçirilməsi planlaşdırılan layihələr və yeniliklər barəsində vətəndaşların fikir və münasibətlərini bu modul vasitəsilə əldə etmək imkanına malikdirlər.

"Vətəndaş Qəbulu" modulu Yerli icra hakimiyyəti orqanlarında görüş üçün onlayn müraciət etmək imkanını yaradır. Vətəndaşlar yerində qəbula müraciət etdikdən sonra müraciət müvafiq icra hakimiyyəti tərəfindən baxılır. Daha sonra vətəndaşın şəxsi kabinetində görüşün vaxtı və görüşüləcək şəxs barədə məlumat yerləşdirilir.

"Məlumatlandırma" bölməsi vasitəsilə vətəndaşlar Yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlər haqqında məlumat əldə edə bilərlər.

Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən "Yerli İnkişaf üçün Yaxşı İdarəetmə" proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və müvafiq yerli icra hakimiyyətləri ilə birgə həyata keçirilir. Layihənin ilkin mərhələsində sosial-iqtisadi aktiv 3 bölgə — Gəncə şəhəri, Masallı və Quba rayonları seçilib. Bu rayonlar Azərbaycanın hər bir zonasını (şimal, cənub və qərb) təmsil etməsinə, əhali çoxluğuna və "ASAN xidmət" mərkəzlərinin yerləşməsinə görə təyin edilib.

"Rəqəmsal icra hakimiyyəti" portalı qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib. Portaldan istifadəyə dair təlimat videosu

İdarə Heyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2019-cu il tarixli 1375 nömrəli Sərəncamı ilə Tural Kərimli İnnovasiyalar Agentliyi İdarə Heyətinin sədri təyin edilib.

2023-cü ildə agentliyin sədri vəzifəsinə İnarə Vəliyeva təyin edilib. O, bundan əvvəl bu vəzifəni müvəqqəti olaraq icra edib.[1]

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yarandığı 2021-ci ildə 4,163 milyon, 2022-ci ildə isə 4,626 milyon manat zərər edib.[2] Qurum 2023-cü ili də 7,652 milyon manat zərərlə bitirərək, bununla da yığılmış zərərini 45,9% artıraraq 24,309 milyon manata çatdırıb.[3]

Agentlik həmçinin təlim proqramı çərçivəsində əməkdaşlıq etdiyi şirkətlərin aylardır ödənişlərini verməməsi, səbəbsiz yerə gecikdirməsi ilə bağlı tənqid olunub.[4][5]

  1. "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr təyin edilib". Report İnformasiya Agentliyi (az.). 2023-11-28. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  2. "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ötən ili daha ₼4.6 mln. üzərində xalis zərər edib". Banker.az. 2021-08-28. 2023-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  3. "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini 65 % artırıb". Report İnformasiya Agentliyi. 2024-07-29. 2024-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  4. bizim.media. "İnarə Vəliyevanın rəhbərlik etdiyi Agentlik şirkətlərə borcunu niyə ÖDƏMİR? – Şikayətə rəsmi CAVAB". bizim.media (az.). 2024-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  5. "İnarə Vəliyevanın rəhbərlik etdiyi Agentlik şirkətlərə borcunu niyə ödəmir?". Editor.az (az.). 2024-07-05. İstifadə tarixi: 2024-08-25.