İntiqam Yaşar (azərb. Cavanşir İntiqam Yaşar oğlu; d. 3 oktyabr 1990-cı il, Gədəbəy rayonu) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2015), Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü (2024)[1], Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri (2019)[2], Prezident təqaüdçüsü[3], Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın katibi (2021).
İntiqam Yaşar | |
---|---|
Cavanşir İntiqam Yaşar oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Gədəbəy rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Universiteti Filologiya fakültəsi |
İxtisası | filoloq |
Fəaliyyəti | şair, publisist |
Əsərlərinin dili | azərbaycan dili |
İlk əsəri | İlk görüş |
Tanınmış əsərləri | "İlk görüş" (2012), "…və susarsan" (2016), "Evdə yoxam" (2018), "Bütün xatirələr sənə qalacaq" (2021, Təbriz), "Adını çəkirəm" (2024) |
Üzvlüyü | |
Mükafatları | Prezident təqaüdçüsü(2016); “Gənclər mükafatı” (2015); "Uğur"(2019); TÜRKSOY "Molla Pənah Vaqif" medalı (2023), "TÜRKSOY- 30" yubiley medalı (2024), Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü (2024) |
Cavanşir İntiqam Yaşar oğlu 3 oktyabr 1990-cı ildə Gədəbəy rayonunda anadan olub. 1997–2008-ci illərdə Gədəbəy rayonu, Çobankənd kəndində orta məktəbdə, 2008–2012-ci illərdə isə Azərbaycan Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2012–2013-cü illərdə həqiqi hərbi xidmətdə olub.
İntiqam Yaşar geniş yaradıcılıq arealı ilə diqqət cəlb edir. Bunu onun həm bədii əsərlərində, həm də publisistik yazılarında görmək mümkündür. O, "Ulduz", "Yazı" jurnallarında, "Ədəbiyyat", "Aydın yol", "525-ci qəzet", "Kaspi" kimi qəzetlərdə mütəmadi olaraq dərc olunur. Şairin 2012-ci ildə "İlk görüş" adlı ilk şeirlər kitabı nəşr olunub. 2016-cı ildə "…və susarsan", 2018-ci ildə "Evdə yoxam", 2021-ci ildə "Bütün xatirələr sənə qalacaq" (Təbriz), 2024-cü ildə "Adını çəkirəm" [4]adlı şeir kitabları işıq üzü görüb. O, Azərbaycan Yazıçılar Birliyinin "Ən yaxşı şeir" müsabiqəsinin qalibidir.
İntiqam Yaşar 2009-cu ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, 2013-cü ildən Məclis üzvü, 2016-cı ildən Məclis Başqanı əvəzi olub. Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi bir çox layihələrin rəhbəri olub. 2018-ci ildə Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan "Səmərqənd şeir axşamları" adlı beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib, 2019-cu ildə Dünya Gənc Türk Yazarlar Birliyinin nümayəndəsi kimi Özbəkistanın "Gənc Yaradıcılar Birliyi" təşkilatı ilə birgə əməkdaşlığa dair Memorandum imzalayıb.
İntiqam Yaşar eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, 2015-ci ildə Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülüb. Habelə 24 iyun 2019-cu ildə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı seçilib. Şairin şeirləri yerli türkcəyə uyğunlaşdırılaraq Özbəkistanda, Türkiyədə, Qazaxıstanda nəşr olunan dərgilərdə və antologiyalarda yayımlanıb, həmçinin rus, ingilis, belarus dillərinə tərcümə edilib.[5][6][3] 2024-cü ildə Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.