İqlim maliyyəsi iqlim dəyişikliyinin təsirinin azaldılması, iqlim dəyişikliyinə adaptasiya və/yaxud dayanıqlılıq sahəsində kreditlər, investisiyalar və maliyyə kapitalının bölgüsünün digər formaları üçün ümumi termindir.
İqlim maliyyəsinin iki əsas alt kateqoriyası var: özəl və dövlət maliyyəsi. Bu iki maliyyə növü kəsişə bilər. Özəl iqlim maliyyəsi iqlim dəyişikliyi ilə mübarizə məqsədilə institusional və pərakəndə investorlardan gələn kapitala istinad edir. Buraya iqlim üçün vençur kapitalı, iqlim üçün aktivlərin idarə edilməsi (sabit gəlir və siyahıya alınmış səhm məhsulları kimi) və iqlim üçün bank kreditləri (kredit ittifaqlarından kreditlər daxil olmaqla) daxildir. Dövlət və ya ictimai iqlim maliyyəsi vergi ödəyicilərinin pullarından gələn və iqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə beynəlxalq, milli və sub-milli hökumətlər tərəfindən idarə olunan kapitala istinad edir.
İqlim maliyyəsi, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Maliyyə üzrə Daimi Komitəsi tərəfindən müəyyən edildiyi kimi, "emissiyaların azaldılması və parnik qazları bataqlıqlarının (parnik qazlarını özünə çəkən və saxlayan təbii sahələr) təkmilləşdirilməsi məqsədi daşıyan və insan və ekosistemlərin iqlim dəyişikliyinin mənfi təsirlərinə həssaslığının azaldılması, və davamlılığının saxlanması və artırılması məqsədi daşıyan maliyyədir".[2]
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əsasən, iqlim maliyyəsi yüksək gəlirli ölkələrdən aşağı və orta gəlirli ölkələrə dövlət pul köçürmələrini nəzərdə tutur. Bu, onların yeni və əlavə maliyyə resursları təmin etmək öhdəliklərinə dayanır. 2015-ci il BMT-nin İqlim Dəyişikliyi Konfransı iqlim maliyyəsi, siyasətləri və bazarları üçün yeni eranın əsasını qoydu. Həmin konfransda qəbul edilən Paris Sazişi qlobal istiləşməni sənaye inqilabından əvvəlki səviyyələrin ən az 2 °C altında saxlayaraq təhlükəli iqlim dəyişikliyinin qarşısını almaq üçün dünyanı relsə salmaq üçün qlobal fəaliyyət planını müəyyən etdi. Müqavilə iqlim dəyişikliyinin təsirinin azaldılması, uyğunlaşma və maliyyə məsələlərini əhatə edir. Maliyyələşdirmə elementinə iqlim üçün dəstək mexanizmləri və təsirin azaldılması və uyğunlaşma fəaliyyətləri üçün maliyyə yardımı daxildir. Bu fəaliyyətlərin məqsədləri aşağı karbonlu iqtisadiyyata enerji keçidini və iqlimə davamlı iqtisadi artımı sürətləndirməkdir.
2020-ci ilin Noyabr ayına olan məlumata görə, inkişaf bankları və özəl maliyyə 2020-ci il üçün BMT-nin iqlim danışıqlarında nəzərdə tutulan illik 100 milyard ABŞ dolları sərmayəsinə çatmamışdır.
2010-cu ildə Tərəflərin 16-cı Konfransında (Kankun 2010) inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını qarşılamağa dəstək məqsədilə 2020-ci ilə qədər hər il 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədini öhdələrinə götürdülər. Tərəflərin 21-ci Konfransının (Paris 2015) qərarı, həmçinin 2025-ci ilə qədər mövcud kollektiv səfərbərlik məqsədini davam etdirmək öhdəliyini ehtiva edirdi. 2025-ci ildə yeni hədəfin qəbul edilməsi gözlənilir.
Bununla belə, faktiki olaraq təchiz edilən maliyyənin məbləği bundan xeyli aşağı hesablanmışdır. OECD rəqəmlərinə görə, təmin edilən və səfərbər edilən iqlim maliyyəsi 2020-ci ildə 83,3 milyard dollara, 2021-ci ildə isə 89,6 milyard dollara çatmışdır.[3][4] Bu o deməkdir ki, 2020-ci ilə qədər ildə 100 milyard ABŞ dolları məbləğində maliyyə səfərbərliyi hədəfinə çatmaq mümkün olmamışdır.
Mitiqasiya maliyyəsi qlobal karbon emissiyalarını azaltmaq məqsədi daşıyan investisiyadır. Adaptasiya maliyyəsi iqlim dəyişikliyinin nəticələrinə cavab vermək məqsədi daşıyır. İqlim maliyyəsinin bu iki alt kateqoriyası adətən ayrıca nəzərdən keçirilir. Bununla belə, məlumdur ki, bu iki sahənin bir-birinə bir çox əks təsirləri, ortaq faydaları və üst-üstə düşən siyasət aspektləri var. Paris Sazişi hökumətlər arasında mühüm beynəlxalq sazişdir, hansı ki, həm də maliyyə institutlarını iqlim dəyişmələri agendasına cəlb etməyə kömək etmişdir. Sazişin üçüncü məqsədi (maddə 2.1 c) maliyyə axınlarını müqavilənin mitiqasiya və adaptasiya məqsədlərinə uyğunlaşdırmaqdır. Müqavilə iqlim maliyyəsinin adaptasiya və mitiqasiya qolları arasında balans yaratmağa çağırmışdır.
Qlobal iqlim maliyyəsi ciddi şəkildə iqlim dəyişmələrinin təsirlərinin azaldılmasına yönəlib. İnvestisiya üçün əsas sektorlar bərpa olunan enerji, enerji səmərəliliyi və nəqliyyat olmuşdur. 2020-ci ildə inkişaf etməkdə olan ölkələrə verilən təxmin edilən 83,3 milyard ABŞ dollarının böyük hissəsi mitiqasiya sahəsinə yönəldilib (48,6 milyard ABŞ dolları və ya 58%).[3] Dünya miqyasında mitiqasiya fəaliyyətlərinin maliyyələşdirilməsi ümumi iqlim maliyyələşdirməsinə investisiyanın 90%-dən çoxunu təşkil edir. Bu maliyyənin təxminən 70%-i bərpa olunan enerjiyə yönəldilib, lakin az karbonlu mobillik əsas inkişaf sektorudur. 2020-ci il COVID-19 pandemiya böhranından sonra qlobal enerji investisiyaları artıb. Bununla belə, böhran qlobal iqtisadiyyat, beynəlxalq borclar və maliyyə imkanlarını böyük əlavə təzyiq altına qoyub və bunun gələcək illərdə hiss olunacağı gözlənilir.
2010-cu ildə Dünya İnkişaf Hesabatında inkişaf etməkdə olan ölkələrdə mitiqasiya və uyğunlaşma fəaliyyətləri üçün növbəti 20 il ərzində maliyyə ehtiyaclarının ilkin təxminləri ildə 140–175 milyard ABŞ dolları arasında göstərilir və bununla əlaqədar maliyyə ehtiyacları 265–565 milyard ABŞ dolları təşkil edir. Bu məbləğ adaptasiya üçün 2010–2050-ci illər ərzində ildə 30–100 milyard ABŞ dolları təşkil edir.[5]
Beynəlxalq Enerji Agentliyinin (BEA) 2011-ci il Dünya Enerji Baxışı (DEB) hesablamalarına görə, 2035-ci ilə qədər enerjiyə artan tələbatı ödəmək üçün yeni enerji istehsalı üçün 16,9 trilyon ABŞ dolları həcmində yeni investisiya proqnozlaşdırılırdı və bərpa olunan enerjinin (BOE) ümumi enerjinin 60%-ni təşkil edəcəyi gözlənilirdi.[6] 2030-cu ilə qədər proqnozlaşdırılan enerji tələbatını ödəmək üçün tələb olunan kapital iri inkişaf etməkdə olan iqtisadiyyatlar (Çin, Hindistan, Braziliya və s.) və qalan inkişaf etməkdə olan ölkələr arasında paylanmış (demək olar ki, bərabər şəkildə) ildə orta hesabla 1,1 trilyon dollar təşkil edirdi. Növbəti 15 il ərzində dünyanın çoxu inkişaf etməkdə olan və orta gəlirli ölkələrdə olmaqla yeni infrastruktur üçün təxminən 90 trilyon dollar tələb edəcəyi güman edilir.[7] BEA-nın hesablamalarına görə, əsrin sonuna qədər qlobal temperatur artımını 2 Selsidən aşağı məhdudlaşdırmaq üçün 2050-ci ilə qədər enerji sektoru investisiyalarına ildə orta hesabla 3,5 trilyon ABŞ dolları tələb olunacaq.
Qlobal miqyasda iqlim dəyişikliyinin təsirləri adaptasiya üzrə iddialı fəaliyyətin təcililiyini artırıb. Bu, xüsusilə Afrika da daxil olmaqla, dünyanın ən həssas bölgələri üçün keçərlidir.[8] Xüsusilə aşağı gəlirli ölkələrdə insanların və onların etibar etdikləri infrastruktur və ekosistemlərin iqlim dəyişikliyinin təsirlərinə daha davamlı olmasına kömək etmək üçün adaptasiya maliyyəsinə böyük ehtiyac var.[9] Adaptasiya maliyyəsi icmaların qarşılaşdıqları riskləri və fırtına və ya quraqlıq kimi iqlim təhlükələrindən əziyyət çəkə biləcəkləri zərərləri azaltmağa kömək edən tədbirlər üçün maliyyədir. Bu, daha dayanıqlı yaşayış binaları, quraqlığa daha dözümlü məhsullar, sosial təhlükəsizlik şəbəkələri və ya iqlimlə bağlı risklər üzrə təkmil qərar qəbulu kimi sahələrə investisiyadır. Standart Çarterd, KPMG və BMT-nin Fəlakət Riskinin Azaldılması üzrə Ofisi tərəfindən hazırlanmış "Adaptasiya və Davamlılıq Maliyyəsi üzrə Təlimat"da adaptasiya maliyyəsi hər hansı bir qurumun aktivləri, əməliyyatları, müştəriləri, təchizat zəncirləri, fəaliyyət göstərdikləri icmalar daxilində adaptasiyanı təmin etmək və davamlılığı artırmaq üçün quruma təqdim edilən hər hansı maliyyə xidməti hesab olunur.[10]
Adaptasiya maliyyəsinə həm inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə buraxılan maliyyə (hansı ki, yüksək gəlirli ölkələrin 2020-ci ildən 2025-ci ilədək hər il 100 milyard ABŞ dolları təmin etmək öhdəliyini həyata keçirməyə yönəlmişdir), həm də dövlətlərin (inkişaf etmiş və inkişaf etməkdə olan) öz sərhədləri daxilində iqlim dəyişmələrinin xərclərini qarşılamaq üçün təmin etdikləri maliyyə daxildir. Adaptasiya üçün maliyyə həm də özəl mənbələrdən gələ bilər.[9]
Global energy investment in clean energy and in fossil fuels, 2015-2023 (chart)— From pages 8 and 12 of World Energy Investment 2023 (archive).