İranın hərbi sənayesi zavodları ordunu müxtəlif növ silah və hərbi texnika ilə təchiz etmək məqsədilə yaradılıb. İran rəsmilərinin açıqlamalarına əsasən, ölkə 2003-cü ildə 100 milyon $ dəyərində xaricə silah ixrac etmişdir. İranın hərbi sənayesi İran Müdafiə Nazirliyinin nəzarəti altında fəaliyyət göstərir və aşağıdakı əsas bölmələrdən ibarətdir:
Təşkilat | Fəaliyyət sahəsi |
---|---|
Elektronika Sənayesi Təşkilatı | Elektronika, kommunikasiya, elektron mübarizə, radar, peyk və s. |
Müdafiə Sənayesi Təşkilatı | Tank, raket, bomba, silah, zirehli maşın və s. |
Aerokosmik Sənaye Təşkilatı | İdarə olunan raket sistemləri və s. |
İran Aviasiya Sənayesi Təşkilatı | Təyyarə, PUA, helikopter və s. |
Dənizçilik Sənayesi Təşkilatı | Gəmi, sualtı gəmi, sualtı qanadlı raketlər və s. |
Həmçinin, İnformasiya texnologiyaları və Telekommunikasiya təhlükəsizliyi (STI) də İran müdafiə sənayesinin bir hissəsidir.
İranın hərbi sənayesi ölkənin xaricdən asılılığını azaltmaq məqsədilə İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin əmri ilə yaradılıb. 1973-cü ildə İran Elektronika Sənayesi (IEI) xarici ölkələrdən alınan silahların təmir olunması məqsədilə yaradılmışdır. Ölkədə İslam İnqilabı baş verməzdən əvvəl İran öz silahlarının əksəriyyətini ABŞ və digər Avropa ölkələrindən alırdı. 1971–1975-ci illər arasında şah təkcə ABŞ-dən 8 milyard $ dəyərində silah almaq haqqında müqavilə imzalamışdı. 1979-cu ildə İslam İnqilabı baş verənə qədər ABŞ bu ölkəyə böyük miqdarda silah satmaqda davam etdi.
1977-ci ildə İran Müdafiə Sənayesi Təşkilatı İsraillə birlikdə Proyekt Flower adı altında birgə raket istehsalı üzərində işləməyə başladı. 1979-cu ildə ölkə ilk mərhələdə Sovet istehsalı olan RPQ-7, BM-21 "Qrad" və "Strela-2" raketlərini istehsal etməyə başladı.
İslam İnqilabı baş verdikdən sonra İran-İraq müharibəsi olduğuna görə ABŞ İrana silah satışına embarqo qoydu. Buna görə də İran İslam İnqilabı Keşikçiləri Korpusu yerli istehsala üstünlük verməyə başladı.
1992-ci ildən etibarən burada tank, piyadaların zirehli maşını, raket, sualtı gəmi və döyüş təyyarəsi istehsalına başlanmışdı.
2007-ci ildə BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramına görə bu ölkədən istənilən növ silah və texnikanın alışına qadağa qoydu. Bu sanksiyalara baxmayaraq Sudan, Suriya, Şimali Koreya kimi ölkələr İrandan silah almağa davam etdi. Həmçinin, İran Rusiyadan S-300 HHM sistemləri aldı və onu Bavar-373 adı ilə istehsal etdi.
2 noyabr 2012-ci ildə İran Ordusunun briqada komandiri olan General Hasan Seifi öz müsahibəsində bildirmişdir ki, "İran müdafiə sənayesi sahəsində əhəmiyyətli inkişaf əldə etmişdir və bütün ölkələr İranın silah istehsalı sahəsindəki inkişafından xəbərdardır". 2016-cı il məlumatına əsasən, İran Müdafiə Nazirliyi 3150-dən çox milli firma, eləcə də 91 universitetlə qarşılıqlı əlaqədədir.