2023-cü ildə İranda dron hücumları — 2023-cü ildə, 28 yanvardan 29 yanvara keçən gecə İranda pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar. Hadisə zamanı üç pilotsuz uçuş aparatı İsfahanda yerləşən sursat fabrikinə hücum etmişdir.[1][2]
İranda dron hücumları | |
---|---|
Yeri | |
|
Son bir neçə ildə İranın hərbi, nüvə və sənaye obyektləri ətrafında bir sıra partlayışlar və yanğınlar baş vermişdir. 2021-ci ildə İran İsraili onun əhəmiyyətli Nətəzn nüvə obyektini sabotaj etməkdə günahlandırmış, qisas alacağına söz vermişdir. İran hökuməti 2022-ci ilin iyulunda İsfahanda həssas müdafiə sənayesi mərkəzini partlatmağı planlaşdıran, İsrailə işlədiklərini iddia etdiyi kürd silahlılarından ibarət təxribat qrupunu həbs etdiyini bildirmişdir.[3][4]
Hücum Azərbaycan və İran arasında yüksək gərginlik dövründə, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı şəxsin hücumundan, onun mühafizə rəisini öldürməsindən və iki nəfərin yaralanmasından bir gün sonra baş vermişdir.[5]
28 yanvar 2023-cü ildə, yerli vaxtla saat 23:30-da İran Müdafiə Nazirliyinin İsfahan şəhərindəki sursat fabrikinə üç pilotsuz təyyarənin hücumu nəticəsində böyük partlayış baş vermişdir. Nazirlik binalara dəymiş ziyanın az olduğunu açıqlamışdır.[6][7] Məlumata görə, partlayış İsfahanın İmam Xomeyni küçəsində baş tutmuşdur.[8][9][10] Bundan başqa, nazirlik üç pilotsuz uçuş aparatının vurulduğu və hücumun uğursuz alındığı bildirmişdir.[3][5] Nazirlik hücumda şübhəli bilinən şəxs barədə məlumat verməmişdir.[11] "The New York Times" nəşri qeyd etmişdir ki, İran bu hücumda rəsmi olaraq heç bir dövləti günahlandırmasa da, İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli "Telegram" kanalları İsraili günahlandırmışdır.[12] Bəzi vətəndaşlar üç-dörd partlayış səsi eşitdiklərini bildiriblər.[13]
Elə həmin gün Xoy şəhəri yaxınlığında zəlzələ baş vermişdir ki, bu da hədəflərin vurulduğuna görə, yoxsa zəlzələyə görə zərər çəkməsi ilə bağlı çaşqınlığa səbəb olmuşdur.[14][15][16]