İraqeyn yürüşü — Osmanlı ordusunun şərqə doğru tərtiblənən ən böyük və ən uzun müddətli hərbi səfəridir. Səfər 2 mərhələdən ibarətdir. Birinci mərhələ 1534-cü ilin yayında baş tutmuş və İraq-i Əcəm adlanan İranın şimal-qərbinə yönəlmişdi. İkinci mərhələ isə 1535-ci ilin yazında başlamış, Bağdad və ətrafına yönəlmişdir. Buna görə də tarixi mənbələrdə İraqeyn (iki İraq) Səfəri adlanır.[1]
İraqeyn yürüşü türk. Irakeyn Seferi | |||
---|---|---|---|
Səfəvi-Osmanlı münasibətləri | |||
Tarix | 1534-cü ilin yayı — 1536-cı ilin qışı | ||
Yeri | Təbriz və ətrafı | ||
Səbəbi | Cənubi Azərbaycan və İranın şimal-qərbinə hakim olmaq | ||
Nəticəsi | Səfəvilər Osmanlı qoşunları önünə çıxmadı. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Mənbələrdə deyilir ki, Üləma bəy Osmanlı sultanını Azərbaycana və İraqa yürüş etməyə sövq edirdi. O, şahı əmin edirdi ki, indi şahın başlıca qüvvələri özbəklərin Xorasana basqınını dəf edirlər və sultanın qızılbaş qoşunlarının olmadığı ölkəni ələ keçirməsi çətin olmayacaqdır. 1534-cü ilin yayında Sultan Süleyman çox böyük ordu ilə Azərbaycana hərəkət etdi. Ordunun ön dəstəsini Sədrəzəm İbrahim Paşanın 90 min nəfərlik qoşunu təşkil edirdi. Üləma bəy 10 min nəfərlə irəli çıxarılmışdı.
Üləma bəy ilə əlaqəsi olan bəzi qızılbaş əyanları Səfəvilərə xəyanət edərək düşmənin tərəfinə keçdilər. Məsələn, Musa sultan Mosullunun vəziri Xacə Şahqulu öz adamlarını sultanın yanına göndərərək onu Təbrizə dəvət etmişdi. Səbəb isə Musa sultanın qoşunların arasında yayılmış taun xəstəliyi səbəbilə paytaxtı tərk etməyə məcbur olması idi. Üləma bəy, Osmanlı qoşunları ilə Təbrizə daxil oldu. Bir neçə gündən sonra İbrahim Paşa şəhərin yaxınlığında öz düşərgəsini saldı. Üləma bəy Ərdəbilə, Hüsrəv Paşa isə Əlincə qalasını ələ keçirməyə göndərildi. Cənubi Azərbaycanın bir çox yerləri türklər tərəfindən tutuldu.
Osmanlı mənbələrinə görə, Sultan Süleymanın ilk yürüşü zamanı İbrahim Paşanın hərbi hissələri hicri 940-cı il 1 zilhiccə tarixində (13 iyun 1534) Təbrizə daxil oldular. I Süleymanın da olduğu Osmanlıların əsas qüvvələri isə şəhərə 27 sentyabrda çatdılar.
Osmanlı qoşunları Təbrizdə olduqları zaman işğalçıların zülm və zorakılığı nəticəsində şəhərdə çoxlu iğtişaşlar baş verdi. Osmanlı əsgərləri şəhərliləri qarət edir və öldürürdülər. Sünni üləmaları isə bu cinayətləri şiələrə qarşı yol verilən hərəkətlər kimi qanuniləşdirirdilər.
Düşmənin basqını barədə məlumat alan şah Xorasandan hərəkət etdi və Reyə çatdı. Qızılbaşların atları və dəvələri məsafəni sürətlə qət edərək gücdən düşmüşdülər. Bu üzüntülü yol onların bir çoxunu sıradan çıxarmışdı. Üstəlik də şah qoşununun sayı 7 min nəfərdən çox deyildi. Halbuki sultanın ordusu, Həsən bəy Rumlunun obrazlı ifadəsinə görə, "səhranın qum zərrələrindən və payız yarpaqlarından daha çox" idi. Şah Qəzvinə, oradan isə Əbhərə hərəkət etdi və burada əmirlərin müşavirəsini çağırdı. Onlardan hər biri öz fikrini söylədi. Hüseyn xan Şamlı dedi: "Bizim atlarımız əldən düşmüşlər, biz Rum qoşununun qarşısına çıxa bilmərik". I Şah Təhmasib ona belə cavab verdi: "Məgər mən dedim ki, biz rumlularla üz-üzə vuruşmaq istəyirik? Mən atamın qaydası ilə gedə bilmərəm. Bu düşmən çox güclüdür".
Sultan Süleyman I Şah Təhmasibə göndərdiyi məktubda onu qorxaqlıqda təqsirləndirdi və döyüşə başlamağı təkid etdi. Şah cavabında yazdı ki, o, ağlını itirməyib, bir qızılbaşa qarşı on türkün dayandığı qeyri-bərabər şəraitdə düşmənlə vuruşa bilməz.
Bəhram Mirzənin başçılığı ilə qızılbaşların irəlidə gedən hissələri Qızılüzən çayının sahilindəki Qaraağac yaxınlığında İbrahim Paşanın qoşunları ilə üz-üzə gəldilər. Qızılbaşlar döyüşə-döyüşə dağa doğru geri çəkilməyə məcbur oldular. Ardı-arası kəsilməyən axınla gələn Osmanlı qoşunları qızılbaşların sıralarını sarsıdırdı və onlar şah düşərgəsinə doğru çəkilirdilər. Bu vaxt Fars vilayətinin hakimi Əvənd xan Əfşar yeni qüvvələrlə şah qərargahına gəldi. Sultan Süleymanın çox böyük qoşunla Miyanəni keçərək Sultaniyəyə çatması barədə xəbər alındı. Bu təhlükəli anda qızılbaş əmirləri arasında ixtilaflar baş verdi. Məhəmməd xan Zülqədər oğlu, Hüseyn xan Təkəli və başqaları düşmənin tərəfinə keçdilər. Şah, Hüseyn xan Şamlıya, Qazi xan Təkəliyə və Məlik bəy Xoyluya da inanmırdı və bu onu düşmən qoşunları ilə vuruşa girməkdən çəkinməyə məcbur edirdi.
Payızın sonunda Sultaniyə ərazisində bərk qar yağdı və güclü şaxtalar düşdü. Osmanlı ordusu şiddəətli soyuqlar və azuqə çatışmazlığı səbəbindən böyük itkilər verdi. Osmanlılar qızılbaşların artilleriyanı ələ keçirmələrinin qarşısını almaq üçün yüzə qədər topu tonqalda yandırdılar. Sultan qışlamaq üçün Bağdada tərəf döndü, Üləmanı isə Təbrizə göndərdi. Sultanın Bağdada getmək cəhdini əsirlərdən öyrənən Şah Təhmasib Təbrizə hərəkət etdi. Bu vaxt Qazi xan Təkəli şaha xəyanət etdi və ondan əvvəl Təbrizə gələrək şah ordusunun yaxınlaşdığını xəbər verdi. Onlar qaçaraq hündür qüllələri və divarları olan, hər tərəfdən dərin xəndəklərlə əhatə olunmuş Van qalasında gizləndilər. Qızılbaş qoşunları qalanı mühasirəyə aldılar. Mühasirə qış qurtaranadək uzandı.
Qızılbaşların qalanı tutması ərəfəsində şaha, sultanın "öz oğlu" adlandırdığı və "Əcəm" hakimi kimi tanıdığı qardaşı Sam Mirzənin xəyanəti haqqında xəbər verdilər. Buna görə də şah mühasirədən əl çəkdi, tələsik Azərbaycana yola düşdü. Bu zaman Sultan Süleyman böyük çətinliklərlə Şəhrizurdan keçərək Bağdada yaxınlaşdı. Şəhərdəki iğtişaşlar onun hakimi Məhəmməd xan Şərəfəddin oğlu Təkəlini şəhəri heç bir müqavimət göstərmədən türklərə verməyə məcbur etdi. Həmin hadisələrin iştirakçısı olmuş Budaq Qəzvininin dediyinə görə, Sultan Süleymanın yaxınlaşması barədə xəbərlər alındıqda Məhəmməd xan öz "ağalarını" bir yerə toplayıb yaranmış vəziyyət haqda məlumat verdi. Təqribən 3 min nəfər olan təkəli tayfası şaha imtina etdi, lakin bildirdi ki, Bağdadı sultandan müdafiə edəcəkdir. Onları yola gətirməyin mümkün olmadığını görən Məhəmməd xan bildirdi: türklərin tərəfini saxlayanlar, arvad – uşaqları və əmlakı ilə şəhərdən çıxmalıdırlar. 700-ə qədər ailə şəhəri tərk etdi. Yerdə qalanlara ümid bəsləyən xan yenidən adamlara müraciət etdi və bu dəfə də o etirazla qarşılandı. Təkəli tayfası şahdan üz döndərmişdi. Belə olanda xan iğtişaş və ədavət salanlardan yaxa qurtarmaq üçün hiyləyə əl atdı. O bildirdi ki, şahın yanına getmək arzusundan əl çəkmişdir və qalanı türklərə təslim etmək istəyir. Xana tabe olmayan başçılar məktub və qala açarları ilə Sultanın yanına göndərildi. Bundan sonra Məhəmməd xan ona sadiq olan adamlardan ibarət dəstə ilə qaladakı ehtiyatlara od vurdurdu, qalan əmlakı çapıb-talayaraq döyüşə-döyüşə Dəclə çayının sağ sahilinə keçdi.[2]
1534-cü ilin qışını Bağdadda keçirən Sultan Süleyman 1535-ci il yazın əvvəlində Təbrizə hərəkət etdi. Bundan əvvəl şah, sakinləri Təbrizdən köçürmüş, şəhəri boşaltmışdı. Həmin ərazidə yaşayan tayfalar İraqa və Farsa köçürülmüşdü. Suvarma kanalları və kəhrizlər torpaqla doldurulmuşdu. Taxıl və əkinlər yandırılmış, yerdə qalan nə varsa, mal-qaraya yedizdirilmişdi. Bu tədbirləri gördükdən sonra şah Sultaniyəyə çəkildi. Onun arxasınca Osmanlı qoşunları Təbrizə daxil oldu. Şah sultan və İbrahim Paşa ilə sülh danışıqlarına başlamq üçün iki dəfə öz elçilərini onların yanına göndərdi, lakin rədd cavabı aldı. Şah qoşunları Sultaniyədən Dərcəzinə gedən yolda əkinləri yandırdılar. Osmanlı ordusu Sultaniyə ərazisinə çatanda aclıq və baş verən taun xəstəliyi sultanın canlı qüvvəsinə böyük tələfat verdi. Burada (Dərcəzində) qızılbaşların irəlidə olan hissələri Əmir Sultan Rumlu və Çıraq Sultan Ustaclının başçılığı ilə Osmanlı qoşunları ilə toqquşdular. Osmanlılar qızılbaşlara hücum etdilər, lakin məğlub olub geri çəkildilər.
Bəhram Mirzə bir dəstə əmirlə-Məntəşə Sultan, Əmir Sultan, Şahqulu xəlifə möhrdar, Məhəmməd Əmin bəy Süfrəçi ilə birlikdə İbrahim Paşanı təqib etmək üçün göndərildi. Halbuki, şah özü Van qalasına yola düşmüşdü. Qalada mühasirəyə düşmüş Osmanlılara yardım göstərmək üçün sultan Diyarbəkir hakimi Mehmed Paşanı və Üləma bəyi 2 min nəfərlik yeniçəri və 10 minlik sipahi ilə ora göndərdi. Onlar Vostan yaxınlığında türkman tayfasından olan şah qorçuları ilə qarşılaşdılar. Xain Üləmanın yaxınlıqda olması xəbərini alan şah 2 min nəfərlə onun üzərinə yeridi.
Üləmanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Mehmed Paşa özünün sayca üstünlüyünə arxalanıb yeniçəriləri ön sırada yerləşdirərək qızılbaşlarla döyüşə girməyi qərara aldı. Lakin Şiraz hakimi Qazi xan Zülqədər türkman və zülqədər tayfalarından qorçular dəstəsi ilə düşmənə hücum etdi. Həsən bəy Rumlunun sözləri ilə desək, “bir anda dörd yüzə qədər türk qızılbaşlar tərəfindən öldürüldü və onların başları şah atının ayaqları altına atıldı". Sultanın bir neçə əyanı əsir alındı. Qızılbaşlar düşməni Bitlisədək təqib etdilər. Onlar böyük qənimət ələ keçirdilər. Bəhram Mirzə əmirlərlə Ərcişə yola düşdü. Oranın müdafiəçiləri qızılbaşları qalanın qarşısında qarşıladılar. Qızılbaşların hücumuna davam gətirməyən türklər qalaya çəkilib sultandan kömək göndərməsini xahiş etdilər. Sultan Süleyman buraya Sinan Paşa başda olmaqla qoşun göndərdi. Lakin Budaq xan Qacarın dəstəsi onları qarşılayarq darmadağın etdi. Sinan Paşa və başqa Osmanlı sərkərdələri ilə birlikdə yüzlərlə türk məhv edildi. Onların başları Van yaxınlığında olan şaha çatdırıldı. Sinan Paşanın həlak olmasından xəbər tutan Sultan Süleyman öz ordusunun seçmə hissələrini İbrahim Paşanın başçılığı altına keçirdi və Ərcişdə mühasirədə qalanlara köməyə göndərdi. Lakin qızılbaşlar İbrahim Paşanın göndərdiyi dəstəni də darmadağın etdilər. Bundan sonra İbrahim Paşa qalanın sakinlərini də özü ilə götürərək oranı tərk etdi. Beləliklə, Van və Ərciş əraziləri şahın əlinə keçdi. Sultan Süleyman Əhlətdən Bitlisə, oradan da Diyarbəkirə gələrək Hələb, Antakya, Konya istiqamətində irəliləyərək İstanbula çatdı (8 yanvar 1536).