Məmmədli İsmayıl Oruc oğlu (15 noyabr 1946, Sədənağac, Basarkeçər rayonu) — Azərbaycan filoloq-alimi, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü.[1]
İsmayıl Məmmədli | |
---|---|
İsmayıl Oruc oğlu Məmmədov | |
Doğum tarixi | 15 noyabr 1946 (78 yaş) |
Doğum yeri | |
Atası | Aşıq Oruc |
Elm sahəsi | etnolinqvistika |
Elmi dərəcəsi | filologiya elmləri doktoru (1993) |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Tanınmış yetirmələri | 27 fəlsəfə doktoru, 5 elmlər doktoru |
Tanınır | dilçi-alim |
Mükafatları | H.B.Zərdabi mükafatı, , "Qızıl Qələm", "Səməd Vurğun", "Məhəmməhüseyn Şəhriyar", Nəvai medalı, AMEA Prezidentinin Fəxri fərmanı |
Vikianbarda əlaqəli mediafayllar |
İsmayıl Məmmədli 15 noyabr 1946-cı ildə Ermənistan SSR-nin Basarkeçər rayonunun Sətənəxaç kəndində Aşıq Oruc Əhmədovun ailəsində anadan olub. 1948-53-cü illərdə Azərbaycan türklərinin Ermənistandan – ata-baba torpaqlarından deportasiyası zamanı ailələri Azərbaycan Respublikasının Gədəbəy rayonunun Zəhmət kəndində məskunlaşmışdır. 1952-1962-ci illərdə Zəhmətkənd orta məktəbində oxumuşdur.
1967-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun filologiya ixtisasını bitirmişdir. 1968-ci ildən 1969-cu ilin mayınadək hərbi xidmətdə olmuşdur.
1970-1973-cü illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında əyani təhsilini davam etdirmişdir.
1974-cü ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır.
1993-cü ildə "Azərbaycan türk dili" indeksi ilə "Azərbaycan dilinin etnolinqvistikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək "Filologiya elmləri doktoru" alimlk dərəcəsi almışdır.
250-dən artıq elmi əsəri və 18 kitabı çap olunmuş, həmçinin xaricdə 7 elmi məqaləsi nəşr olunmuşdur.
Əsas elmi nailiyyətlərindən "Azərbaycan dilində etnolinqvistika sahəsinin əsasları"nı göstərmək olar.
Kadr hazırlığı sahəsində elmlər namizədlərinin sayı 27, elmlər doktoru isə 5-dir.
Elmi fəaliyyətə 1967-ci ildə Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi və ədəbi nəzarət redaksiyasında transkripsiyaçı-redaktor vəzifəsində başlayıb. 1968-ci ildən 1969-cu ilin mayınadək hərbi xidmətdə olub. 1969-1970-ci illərdə yenidən Ensiklopediyada böyük elmi redaktor vəzifəsində çalışıb. 1970-ci ildə Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasına qəbul olunub, 1973-cü ildə oranı bitirib. 1974-cü ildən 1979-cu ilədək nitq mədəniyyəti şöbəsində kiçik elmi işçi, 1980-cı ildən 1989-cu ilədək baş elmi işçi vəzifələrində çalışıb. 1974-cü ildə “Kommunist” qəzetinin leksikası” adlı namizədlik dissertasiyasını, 1993-cü ildə “Azərbaycan dilinin etnoqrafik leksikası” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. 2008-ci ildə AAK tərəfindən ona “professor attestatı” təqdim edilmişdir.[2]
İsmayıl Məmmədli Respublikamızda elmi konfrans və beynəlxalq konfrans və simpoziumlarda, habelə Orconikidze, Mahaçqala, Maykop, Ufa, Şimali Kipr Respublikasında, Sivasda, Səmərqənddə, Kiyevdə, Kişinyovda, Nukusda keçirilmiş beynəlxalq və respublika konfrans və simpoziumlarda maraqlı məruzələrlə çıxış etmiş, materialları dərc olunmuşdur.
İ.Məmmədli institutun ictimai həyatında da yaxından iştirak etmişdir. O, uzun illər institutun həmkarlar ittifaqının sədri, ilk partiya təşkilatı katibi vəzifələrində çalışmış, kollektivin hörmətini qazanmışdır.[3]
İ.Məmmədli institutda fəaliyyət göstərən Dissertasiya Şurasında 1994-cü ildən şura üzvüdür. 20 nəfər aspirant və dissertanta rəhbərlik etmişdir (18 fəlsəfə doktoru və 2 elmlər doktoru).
Yeni Azərbaycan Partiyasının üzvü (2001-ci il), Azərbaycan Respublikası Ədliyyə Nazirliyi insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi, Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının üzvü ( 2001-ci il), Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər birliyinin, Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur (2013-cü il). Həsən bəy Zərdabi diplomu və mükafatı laureatı (2004), Səməd Vurğun mükafatı laureatı (2014), "Cəfər Cabbarlı" mükafatı laureatıdır (2024).[4][5]
Əmək veteranı medalı ilə təltif olunub.
İnstitutda keçirilən gənc alimlər konfransının təşkili və keçirilməsində fəal iştirakına, leksikologiya və lüğətçilik bölməsinə rəhbərliyinə görə Lüğətçilik şöbəsinin müdiri filologiya elmləri doktoru professor İsmayıl Oruc oğlu Məmmədliyə fəxri fərman təqdim edilmişdir.
Rəhbərlik etdiyi elmi kadrların 11 nəfəri fəlsəfə doktoru diplomu, 2 nəfəri doktorluq diplomu almışdır. Hal-hazırda filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 7 nəfərin dissertasiya işinə rəhbərlik edir. Təxminən 100 nəfərin rəsmi opponenti, 30-dan çox iddiaçının, publisistin, gənc yazarların əsərlərinin rəyçisi olmuşdur.
İ.Məmmədli bu gün də ictimai elmlərin (dilçilik, ədəbiyyatşünaslıq və etnoqrafiya) müxtəlif sahələrinə aid intensiv tədqiqatlar aparır.
1993-1995-ci illərdə Azərbaycan Pedaqoji Universitetində müəllim, 1993-1999-cu illərdə 291 saylı və 43 saylı liseylərdə Azərbaycan dili və ədəbiyyatı fənlərindən dərs deyib.
1999-2002-ci illərdə Bakı Dövlət Universitetində müəllim, 1994-2002-ci illərdə Bakı Ali Pedaqoji Qızlar seminariyasında (indiki Bakı Qızlar Universiteti) professor işləmişdir.
1970-ci ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda işləyir.
1989-cu ildən hal-hazıra kimi isə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Tətbiqi dilçilik şöbəsinin müdiridir[6].