İsmayıl Sadıqov (zooloq)

İsmayıl Ələkbər oğlu Sadıqov (15 yanvar 1928, Gədəbəy — 29 dekabr 2008, Bakı) — ekoloq alim, biologiya elmləri doktoru (1974), professor (1989), AMEA-nın müxbir üzvü (2001).[1][2][3]

İsmayıl Sadıqov
İsmayıl Ələkbər oğlu Sadıqov
Doğum tarixi
Doğum yeri Gədəbəy, Azərbaycan SSR
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Ələkbər Sadıqov
Elm sahəsi biologiya
Elmi dərəcəsi biologiya elmləri doktoru (1974)
Elmi adı professor (1989)
Təhsili Moskva Baytarlıq Akademiyası
Üzvlüyü AMEA (2001)

İsmayıl Sadıqov 15 yanvar 1928-ci ildə Gədəbəy rayonunun Soyuqbulaq kəndində anadan olub. 1945-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinə daxil olub, sonra təhsilini Moskva Zoobaytarlıq İnstitutunda və Moskva Baytarlıq Akademiyasında davam etdirib və oranı 1950-ci ildə bitirib.[1][2]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İsmayıl Sadıqov 1950–1974-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Parazitologiya şöbəsində kiçik və böyük elmi işçi olub, daha sonra 1974–2008-ci illərdə Helmintologiya laboratoriyasına rəhbərlik edib.[1]

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İsmayıl Sadıqov Moskvada K. İ. Skryabin adına Ümumiittifaq Helmintologiya İnstitutunun əmkədaşı, professor A. M. Petrovun rəhbərliyi altında 1956-cı ildə "Azərbaycanda xəzdərili vəhşi heyvanların helmint faunası" mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru, 1974-cü ildə isə akademik S. M. Əsədovun rəhbərliyi altında "Azərbaycanda xəzdərili sənaye heyvanlarının helmintləri" mövzusunda dissertasiya müdafiə edərək bilologiya elmləri doktoru elmi adını alıb. 1989-cu ildə "Helmintologiya" ixtisası üzrə professor elmi adına layiq görülən İsmayıl Sadıqov 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

İsmayıl Sadıqov vəhşi heyvanların helmint faunasını öyrənən alimdir. O, helmintoz törədicilərindən insan üçün xərçəng xəstəliyi kimi təhlükəli olan trixinella, exinokokkyumru qurdların təbii ocaqlarını aşkar edib. Habelə İsmayıl Sadıqov belə ocaqların ləğv edilməsi yollarını müəyyən etmiş və aşkar edilmiş helmintləri təhlil edərəkən parazitlə sahib orqanizm arasında filogenetik bağlılıq prinsipini irəli sürmüşdür.

Alim tərəfindən müəyyən edilib ki, Azərbaycanda vəhşi məməlilərdə aşkar edilən 76 növ helmint insan və heyvanların helmintləri ilə ümumilik təşkil edir. O, həmin helmintlərdən 38 növün epidemioloji və epizootoloji, 34 növün isə epizootoloji rolu olduğunu sübut edib.

İlk dəfə olaraq Azərbaycanın ev və vəhşi xəzdərili heyvanların, yarasaların, cücüyeyən və digər xırda məməlilərin müxtəlif zonalarda onların helmintfaunası və bioekoloji xüsusiyyətləri tədqiq edilib. Onlarda 173 növ helmint aşkar edilib. 10 növü elm üçün yenidir və dünya ədəbiyyatlarında öz əksini tapıb. 104 növü Azərbaycan faunası üçün yeni qeyd edilib. Azərbaycan heyvanlarında parazitlik edən 71 növün insan və ev heyvanları üçün təbii ocaqlığı aşkar edilib. Ev heyvanlarının başlıca helmintozlarının zonalar üzrə yayılması və onlara qarşı mübarizə tədbirləri hazırlanıb. İlk dəfə olaraq geohelmintlərin sürfələrinin süni yolla alınması, işlənməsi və nematodlara öldürücü və fiksəedici maddə tapılıb.

"Azərbaycanda xəzdərili heyvanların helmintləri" (1962), "Azərbaycanın sənaye əhəmiyyətli heyvanlarının helmintləri" (1981) və "Zaqafqaziyada xırda məməlilərin parazit qurdlar faunası" (1989) monoqrafiyalarında alimin tədqiqat işlərinin nəticələri öz əksini tapıb. İsmayıl Sadıqovun çapdan çıxmış elmi əsərlərin ümumi sayı 193, xaricdə çıxmış elmi əsərlərin ümumi sayı 56, müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 3-dür. İsmayıl Sadıqovun rəhbərliyi altında 8 elmlər namizədi və 1 elmlər doktoru dissertasiyası müdafiə edilib.

Əsas elmi əsərlərin adları

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycanda xəzdərili heyvanların helmint faunası (az.). Bakı şəhəri, Az. EA nəşriyyatı, 1962, 173 səh.
  • Azərbaycanda sənaye heyvanlarının helmintləri (rus dilində). Bakı şəh., "Elm" nəşr., 1981, 167 səh.
  • Zaqafqaziyanın xırda məməlilərin parazit helmintləri. Tiflis şəhəri, 1989, "Metsnizeba" nəşriyyyatı. Kuraşvili B. E., Matsabaridze G. V., Rodonaya T. E.
  • Şirvan dövlət qoruğunda ceyranda (Casella subqutturosa) nəhəng fassiolanın (F.giganti'ca Cobbold,
  • 1989) tapılması. AEA "Xəbərlər" biol.ser. 1–2, 1991, səh. 3–6 (az. dilində).
  • İnsan və ev heyvanlarının başlıca helmintozlarının təbii ocağına dair. AEA "Xəbərlər", 1999, № 1, səh.38–42

İsmayıl Sadıqov 29 dekabr 2008-ci ildə Bakı şəhərində vəfat edib.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • "1941–1945-ci illərdə Böyük Vətən müharibəsi rəşadətli əməyinə görə" medalı (1947);
  • Azərbaycan SSR "Bilik" Cəmiyyətinin Fəxri Fərmanı (1968);
  • "V. İ. Leninin 100 illiyinə" həsr olunmuş yubiley medalı (1970);
  • Az. EA-nın RH "1973-cü il sosializm yarısında qələbə" nişanı (1973);
  • Ümumittifaq "Bilik" Cəmiyyətinin Fəxri Fərmanları (1976, 1979, 1981, 1982);
  • "1977-ci il sosializm yarışında qələbə" nişanı (1977);
  • Azərbaycan Kənd Təsərrüfatı Elmi-Texniki Cəmiyyətinin Fəxri Fərmanı (1980);
  • "1941–1945-ci illər Böyük Vətən müharibəsinin 40 illiyi" medalı (1985);
  • "Əmək veteranı" medalı (1989);
  • İ. Sadıqov 1991-ci ildə respublikanın bir qrup parazitoloq alimləri ilə birlikdə "Azərbaycanda kənd təsərrüfatı heyvanları, quş və balıqlarının başlıca parazitar xəstəliklərinə qarşı profilaktikanın elmi əsasları"nı işləyib təsərrüfatlara tətbiqinə görə Azərbaycan Respublikası Dövlət mükafatı laureatı layiq görülüb.
  • AMEA-nın Fəxri Fərmanı (1998);
  • AMEA-nın və AMEA-nın Azad Həmkarlar Təşkilatının Fəxri Fərmanı (2003);
  1. 1 2 3 "Sadiqov İsmayıl Ələkbər oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
  2. 1 2 "İsmayıl Sadıqov". nkpi.az. 2016-01-16. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  3. "İsmayıl Ələkbər oğlu Sadıqov" (PDF). preslib.az. 2024-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22-01-2024.