İsmayıl Urusbiyev

İsmayıl Urusbiyev (1829, Balkariya, Kabardin-Balkariya1888) — balkar ictimai xadimi və maarifçisi.[1]

İsmayıl Urusbiyev
Doğum tarixi 1829
Doğum yeri
Vəfat tarixi 1888
Mükafatları
"Müqəddəs Stanislav" ordeni

İsmayıl Mirzəqul oğlu Urusbiyev Baksan dərəsində hökm edən balkar soyu Urusbiyevlərdəndir.[2] Onun atası Mirzəqul İsmayıl oğlu Urusbiyev 1827-ci ildə general-leytenant Q. Emmanuelə Balkariya və Diqoriyanın Rusiya imperiyasına birləşdirilməsi üçün müraciət edən balkar-diqor nümayəndə heyətinin üzvü idi. Anası Tatlıxan Sultan qızı Şakmanova isə Xolam cəmiyyətində hökm edən Şakmanovlar nəslindəndir.[1]

1851-ci ildə öz kürəkəni svan knyazı Otar Dadeşkelianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Sankt-Peterburqda I Nikolay tərəfindən qəbul edilmiş və "Xidmətlərinə görə" medalı ilə təltif olunmuşdur. Sankt Peterburqa ikinci dəfə balkar əsilzadə soylarının heyətinin tərkibində gəlib. Bu nümayəndə heyətinin tərkibində iştirak etdiyi üçün zabit rütbəsi alır və ona illik 75 rubl maaş kəsilir. 1868-ci ilin oktyabr ayında isə podporuçik rütbəsinə yüksəldilir.[1] Urusbiyev dəfələrlə Dağ şifahi məhkəmələrinin üzvü seçilir.

İsmayıl Urusbiyev öz bölgəsinin tarixi etnoqrafiyası və coğrafiyası ilə bağlı biliklərə malik olduğu üçün professor M.Kovalevski balkarların etnoqrafiyası və tarixi ilə bağlı məlumatları məhz ondan almışdır. Daha sonra o bu məlumatlardan "Elbrusun altında", "Qafqazda qanunlar və adətlər" tədqiqat işlərində istifadə etmişdir. Urusbiyev milli adətlərdə balkarların, kabardinlərin, osetin və gürcülərin qədim mahnılarını ifa etməyi bacarırdı. Bəstəkar S.Taneyev tərəfindən qeydə alınmış musiqi və xoreoqrafik mahnılar İsmayıl Urusbiyevin ifasında qeydə alınıb. Musiqiçilər üçün böyük əhəmiyyəti olan bu orijinal mahnılardan iyirmisi hazırda Pyotr Çaykovskinin Klin şəhərində yerləşən ev muzeyində saxlanılır. Bundan başqa Urusbiyev öz imkanları ilə Qafqaza aid qədim əşyalar kolleksiyası toplamışdır. Hazırda bu kolleksiya Macarıstanda muzeylərin birində sərgilənir. Məhz Urusbiyevin səyləri nəticəsində balkarların mədəniyyəti və məişəti araşdırılmışdır. Onun sayəsində balkar tarixinin epizodları, eposlarının motivləri, xalq yaradıcılığı XIX əsrin ikinci yarısında xarici və rus tarixçiliyində öz əksini tapıb.[1]

Öz gücünə və xasiyyətinin sərtliyinə görə "dəmir İsmayıl" adını alıb.

İsmayıl Urusbiyev iki dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı svan knyazı Tsioxa Dadeşkelianinin qızı ilə ailə qurub. İkinci həyat yoldaşı isə çegem knyazı Balkarukovanın qızı Naqo Biynegerovna olub. Səfərəli, Novruz, Misirxan adlı oğulları, Gülcan, Zabidə, Safiyat adlı qızları olub.[1]

  1. 1 2 3 4 5 M.Barazbiyev. "Таубии Урусбиевы - офицеры Российской императорской и Белой армий / Dağ bəyləri Urusbiyevlər - Rusiya imperator ordusunun və Ağ ordunun zabitləri" (PDF). Krasnodar: Ekoinvest. 2014. səh. 216. ISBN 978-5-94215-175-1.
  2. Məhəmməd Bekaldiyev. История Кабардино-Балкарии. / Kabardino-Balkariyanın tarixi. Nalçik. 2014. səh. 382. ISBN 978-5-7680-2592-2.