İsrövşənə

UsruşanaOrta Asiyada tarixi vilayət.

Yaqut əl-Həməvi yazır: "Usruşana vilayəti Mavərəünnəhrdədir."[1] Vasili Bartoldun fikrincə, Səmərqəndlə Xocənd arasında olan yerlər Usruşanaya daxildir.[2] A. Y. Yakubovski yazır: "Daha sıx birlik Usruşanada idi. Usruşana—Cizaq, Xavast, Xocənd və Zəmin arasında yerləşən vilayətdir. Bu birliyin başında Afşin titullu Kavusun soyu dayanırdı".[3]

V əsrin ortalarından VI əsrə kimi Usruşana eftalilərin tabeliyində idi. 560-cı ildə Göytürk xaqanlığına daxil oldu. Göytürklərin təsiri azalınca, VII əsrdə müstəqil oldular. Formal olaraq Səmərqənd ixşidlərindən asılıqları vardı.

Cüneydin 734-cü ilin əvvələrində ölümü ilə, ərəb nüfuz və qüdrəti qırılmış olan Xorasan vilayətində "qara bayraq qaldıran", Abbasi tərəfdarı, Haris bin Sureycin üsyan edərək Bəlxi, ardından valilik mərkəzi Mərv şəhrini zəbt etməsi, Mavəraünnəhirdə durumu büsbütün qarışdırdı.

Yəni valilərin, üç il (734–737) onunla ilə uğraşmaq məcburiyyətində qaldıqları Haris, sonunda Türgişlərə iltica etdi. Türgiş xaqanı Su-lu, Mavəraünnəhirə qarşı son səfərində xeyli müttəfiq tapmışdı: Haris tərəfdarlarından başqa Sogd hökmdarı (yəni Gurək vəya oğlu), Usruşana hakimi, Şaş (Daşkənd bölgəsi) hökmdarı, Hutta hökmdarı. Bu siyahı "Mavəraünnəhirdəki ərəb nüfuzunun necə türklərə keçmiş olduğunu" açıqca göstərir. Xaqan, Bəlxə doğru irəlilədi. Cüzcana daxil oldu, öncə Toxarıstanı ərəblərə qarşı ayağa qaldıraraq məhalli bir dəstək yaratmağı faydalı görürdü. Amma vali Əsəd bin Abdullah, xaqanın ordusunu arxadan vurmağa müvəffəq oldu.

738-ci ildə usruşanalılar digər türklərlə bərabər ərəblərə qarşı vuruşdular. 739-cu ildə ərəb sərkərdəsi Nəsr ibn Səyyar Usruşananın afşini Xaraxurrunu məcbur etdi ki, ərəb hakimiyyətini tanısın.

794–795-ci illərdə xəlifə Harunərrəşid Usruşananı Bərməkilər soyundan Fəzl ibn Yəhyaya vermişdi.

820–821-ci illərdə doqquz-oğuzlar Usruşanaya yürüş ütmişdilər. Onlar vilayətin bir çox yerlərini yağmalamışdılar.

Sacilər dövlətinin (879–941) əsasını əslən Mərkəzi Asiyanın Usruşana vilayətinin qədim türk nəsillərindən olan Sacilər qoymuşdur. Sacilər türkmənşəli[4] və ya iranmənşəli olmuşlar. Sacilər (879–941) sülaləsinin nümayəndələri bir qayda olaraq, Afşin ləqəbi daşıyırdılar. Onlar Orta Asiyanın Usruşana vilayətinin qədim İran nəsillərindən idilər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan Heydər ibn Kavus bu nəsildən çıxmışdılar.

Usruşananın digər nümayəndələrinin Azərbaycandakı fəaliyyəti N. Nemətovun əsərində təsvir olunmuşdur.[5] Xəlifə Mütəvəkkil öləndən sonra Xilafətin paytaxtı Səmərrada (Samirədə) baş verən iğtişaşda Usruşana əmirlərindən bəziləri iştirak etmişdilər.[6]

V. V. Bartoldun dediyinə görə, ərəblərin Orta Asiyada son böyük hərbi əməliyyatı, hicri 208 (miladi 822/23)-ci ildə Usruşanaya edilən səfər idi[7]. O zaman Usruşana hakimi Afşin Kavus idi, onun Heydər, Fəzl, Xaş və Rəşid adlı dörd oğlu var idi. Ailə ixtilafı üzündən Heydər Bağdada xəlifə Məmunun yanına qaçmalı oldu, o da Kavusun köməyi ilə Usruşananı istila etməyə müvəffəq oldu və 822-ci ildən onu Xifafətin tərkibinə daxil etdi[8][9][10].

Mötəsim 835-ci ildə xürrəmi qiyamını yatırmaq üçün Afşin ləqəbli, Heydər ibn Kavus Usruşanini təyin etmişdi. Mötəsim şahzadəlik illərində Misir canişi ikən Afşin onun köməkçisi olmuşdu. Afşin Usruşanalı əsilzadə bir ailənin övladı idi. O, yeniyetməlik illərində ərəblərə əsir düşmüş və Bağdada gətirilərək burada təlimdən keçirilmiş və hərbi biliyə yiyələnmişdi. Afşin özündən əvvəlki sərkərdələrdən fərqli bir strategiya və taktika tətbiq etdi. O, Ərdəbilin şimal-qərbindəki Bərzənd şəhərinin müdafiəsini gücləndirərək buranı hərbi bazaya çevirdi.

Usruşanalı Afşin həbs edildi. Afşinin həbs edilməsinin səbəbi bu idi. Afşin Azərbaycan, Arran və Ermənistanda xəlifənin canişini olaraq topladığı sərvət və qiymətli əşyanı, habelə Babəklə müharibə zamanı ələ keçirdiyi hər şeyi Xilafət ərazisində saxlamayıb, mötəbər adamları gizlicə Usruşanaya göndərirdi. Sərvət dolu karvanlar Təbəristan yolu ilə göndərilirdi. Afşinlə şəxsi qərəzi olan Abdullah ibn Tahir isə bu barədə xəlifəyə məlumat verirdi. Mötəsim, Abdullah ibn Tahirə əmr etdi ki, ətraflı kəşfiyyatla məşğııl olub Afşinin gizli işlərinin üstünü açsın.

Bir gün Afşin həmişəki kimi, bir dəstə öz adamını min dinar va ya daha artıq pulla Usruşanaya göndərdi. Onlar pulu öz qurşaqlarına tikmişdilər. Nişapur yaxınlığında Abdullah ibn Tahir onları tutdu. O, adamların üstünü axtarıb pulu tapandan sonra maraqlandı ki, bu qədər böyük məbləğ haradan onların əlinə keçmişdir. Onlar cavab verdilər ki, pul Afşinindir. Abdullah aldığı pulu öz qoşununa payladı və bu xüsusda xəlifəyə və Afşinə xəbər verdi. Afşinə yazdı ki, tutulan adamların sözünə inanmır. Abdullahın hərəkətindən qəzəblənən Afşin ona cavab verdi ki, "onun pulu ilə Əmir əl-Möminin pulu eyni şeydir və xahiş etdi ki, adamları buraxsın ta onlar Usruşanaya gedə bilsinlər. Abdullah ibn Tahir onları azad etdi, onlar da çıxıb getdilər"[11]

Afşin dədə-baba yurdu Usruşanaya qaçmaq istərirdi. Lakin Afşinin niyyəti baş tutmadı, çünki sərkərdələrdən biri Vacin əl-Usruşani[12] onun planını bəyənmədi. Afşin onu tutub yox etmək qərarına gələndə, Vacin atın üstünə sıçrayıb düz xəlifənin sarayına çapdı. İtax[13] onu xəlifənin yanına buraxmadı, çünki xəlifə yatmışdı. Vacin görüş üçün təkid etməyə başladısa, yalnız səhər xəlifə tərəfindən qəbul olundu və Afşinin bütün sirlərini açıb ona dedi. Xəlifə Afşini çağırtdırdı və əmr etdi ki, onu Cövsək iqamətgahında içəri Ləl ("Mirvari") həbsxanasına salsınlar; sonralar bu yer "Afşinin həbsxanası" adlanmağa başladı.[14]

Abbasilər xilafətinin şəxsiyyətlərindən biri olan Afşinin yüksəliş yolu belə başa çatdı. A. J. Yakubovski Afşinə verdiyi xasiyyətnamədə belə yazır: "O, zahirdə xəlifəyə inam və sədaqətlə qulluq edərək, Ərəb xilafətinə qarşı yönəldilən çox böyük xalq hərəkatını yatırırdı, xüsusilə Azərbaycanda Babək hərəkatını darmadağın etdi, gizlində isə Usruşanada üsyan hazırlayaraq, öz əcdadının taxtını özünə qaytarmaq niyyətində idi".[15]

Heydər ibn Kavus Afşinin öldürülməsindən sonra Usruşanada hazırlanana üsyan yerindəcə boğuldu. Bu vilayət Samanilərin nümayəndəsi Yəhya ibn Əsədə verildi. 855-ci ildə onun yerinə oğlu Yaqub keçdi. 893-cü ildə müstəqil bölgə kimi ləğv edildi. Samanilər dövlətinin hakimiyyəti altına keçdi.

İbn Xordadbeh yazır ki, Orta Asiya Usruşana əmirləri Afşin ləqəbi daşıyırdılar.[16] Orta Asiyada Afşin ünvanı işləkdir.[17] Soqdiananın başçısı Gürək Qüteybə bin Müslümlə müqavilə bağlayarkən özünü "Soğdun ixşidi, Səmərqəndin afşini" adlandırmışdı.[5] V. Abayev "Afşin" titulu haqqında geniş araşdırma aparıb.[18]

Usruşananın mərkəzi Büncikənd idi. Şəhər əhalisi Zərdüştlük inancına tapınırdılar.

  • Смирнова О.И. Археологические разведки в Усрушане в 1953 г.// Материалы и исследования по археологии СССР, № 37. – М.-Л., 1953.
  • Негматов Н.Н. Усрушана в древности и раннем средневековье. – Сталинабад, 1957.
  • Н. Негматов, Т. И. Зеймаль, Усрушан-ский замок в Шахристане,—СА, 1959, № 2, стр. 205–217.
  • Смирнова О.И. Первые монеты Усрушаны. Эпиграфика Востока, вып. 20.— Л., 1971.
  • Уструшанско-худжандский узел Великого шелкового пути //Формирование и развитие трасс ВШП. – Ташкент: Фан, 1990. – С.118–120
  • Керамика Уструшаны саманидского периода // Мухтасари гузоришотхои Конфронси Байналхалки. – Худжанд, 1999. – С.67–70
  1. Yaqut əl-Həməvi, Mücam əl-Büldan, II cild, səh.177.
  2. Бартольд, В.В. Туркестан в эпоху монгольского нашествия. Ч.2. Исследование / В.В. Бартольд. – СПб, 1900. – 573 с. стр. 165.
  3. Якубовский А. Ю., Древний Пянджикент, в сборнике: По следам древних культур, М., 1951; стр. 123.
  4. "историческая энциклопедия". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-31.
  5. 1 2 Н.Негматов. Усрушана в древности и раннем средневековье. Сталинабад, 1957.
  6. Н.Негматов. Усрушана в древности и раннем средневековье. Сталинабад, 1957, стр. 157.
  7. В.В.Бартольд. Несколько слов об арийской культуре в Средней Азии, стр. 9.
  8. əl-Bəlazuri, səh. 340–341
  9. ət-Təbəri, III, səh. 1066
  10. İbn əl-Əsir, VI, səh. 271.
  11. Ət-Təbəri, III, səh. 1303–1305; İbn əl-İbri, səh. 242; əl-Uyun, səh. 62–63
  12. İbn əl-Əsir, VI, səh. 364. "Avacan".
  13. O da Usruşanalı idi
  14. Əl-Yəqubi, III, səh. 203; ət-Təbəri, III, səh. 1307; əl-Uyun, səh. 63–64
  15. А.Ю.Якубовский. Итоги работ Согдийского-таджикской археологической экспедиции в 1946–1947 гг., стр. 26.
  16. ", İbn Xordadbeh, "Kitab əl-məsalik və-l məmalik", səh. 40.
  17. Yəqubi, Tarix, II cild, səh.344.
  18. В.И.Абаев. "Среднеазиатский политический термин Афшин", стр. 112–116;