İstanbul Wildcats (azərb. İstanbul vəhşi pişikləri) və ya sponsorluq razılaşmasına əsasən DenizBank İstanbul Wildcats – 2006-cı ildə İstanbulda qurulmuş Türkiyə kiberidman klubu. Türkiyənin ilk kiberidman klubudur. 2019-cu ilin aprelinə qədər HWA Gaming adı ilə çıxış etmişdir.[1]
Yaranma tarixi | 2006 |
---|---|
Region | Türkiyə |
Şəhər | İstanbul |
Rənglər | tünd göy-sarı |
Bölmələr | League of Legends, Starcraft, Counter-Strike Go, Apex Legends, Fortnite |
Talisman | Anadolu parsı |
Sayt | Rəsmi saytı |
Hazırda "League of Legends", "Starcraft", "Counter-Strike Go", "Apex Legends" və "Fortnite" komandalarına malikdir. Anadolu parsı klubun talismanıdır.[2][3]
Klub 2013-cü ildə "HWA Gaming" adı ilə Türkiyə Çempionluq Liqasında mübarizə aparmağa başlamışdır. 2013-cü ilin həm qış, həm yaz, həm də yay splitlərində finalda "Dark Passage" klubuna uduzaraq ikinci yeri tutmuşdur. 2014-cü ilin qış splitində yenə "Dark Passage" klubuna məğlub olaraq ikinciliklə kifayətlənmişdirlər.
2015-ci ildə Türkiyə Çempionluq Liqası yeni sistemə keçmişdir. Klub həm qış, həm də yay splitlərində yarımfinalda məğlub olaraq mübarizəni dayandırmışdır. 2016-cı ilin yay splitində komanda növbəti dəfə yarımfinalda məğlub olaraq heç bir uğur qazanmamışdır. 2017 mövsümündə isə komanda ümumumiyyətlə 1/4 finalda məğlub olmuşdur. 2018 və 2019 mövsümlərində liqada 7-ci və 8-ci yerləri tutmuş, pley-offa çıxa bilməyərək ən pis mövsümlərini keçirmişdirlər.
2019-cu ildə klub adını "İstanbul Wildcats" olaraq dəyişdirmişdir. 2020 mövsümündə klub yaxşı nəticə göstərib qış splitinin finalına çıxmış, lakin "Fenerbahçe" klubuna 0–3 məğlub olaraq çempion ola bilməmişdir. Həmin mövsümün yay splitində normal liqanı 1-ci yerdə bitirsələr də, yarımfinalda məğlub olmuşdurlar.
2021 mövsümündə klub ilk böyük uğurlarını qazanmağa başlamışdır. Onlar qış splitinin normal liqasını 2-ci yerdə tamamlamış, finalda "Fenerbahçe" klubunu 3–1 məğlub edərək ilk dəfə Türkiyə çempionu olmuşdurlar. Nəticədə, ilk dəfə MSI turnirində çıxış etməyə haqq qazanmışdırlar. "MAD Lions", "PSG Talon" və "paiN Gaming" komandalarının olduğu qrupda cəmi 1 qələbə qazanaraq mübarizəni dayandırmışdırlar.
2022 mövsümünün qış splitində komanda normal liqanı 1-ci yerdə bitirməklə yanaşı finalda "Galatasaray" klubuna 3–0 qalib gərək növbəti Türkiyə çempionluğunu əldə etmişdir. Onlar ikinci dəfə qatıldıqları MSI turnirində "Royal Never Give Up", "PSG Talon" və "Red Canids" klublarının olduğu qrupda yenə 1 qələbə qazanaraq mübarizəni dayandırmışdırlar.[4] Həmin mövsümün yay splitində normal liqanı 2-ci yerdə tamamlamış, finalda "Fenerbahçe" klubuna 3–2 qalib gələrək üçüncü dəfə Türkiyə çempionu olmuşdurlar.[5] Nəticədə, ilk dəfə Dünya Çempionatına qatılmaq hüquq qazanmışdırlar. Dünya Çempionatının play-inn mərhələsində "DRX", "Royal Never Give Up", "MAD Lions" və "Isurus" klubları ilə eyni qrupa düşmüş, bütün oyunlarını uduzaraq axırıncı yeri tutmuşdurlar.
2023 mövsümünün qış splitində normal liqanı 1-ci yerdə tamamlamış və finalda "FUT Esports" klubuna 3–0 qalib gələrək ardıcıl üçüncü Türkiyə çempionluğunu qazanmışdır. Türkiyə Çempionluq Liqası əsas liqaların siyahısından çıxarıldığı üçün klub MSI turnirinə yox, EMEA Masters turnirinə qatılmağa haqq qazanmışdır. Klub "Los Heretics", "Geekay Esports" və "Zero Tenacity" klublarının olduğu qrupu 1-ci yerdə tamamlamış, finalda "Unicorns of Love Sexy Edition" klubuna 3–2 qalib gələrək turnirin çempionu olmuşdurlar.[6] Yay splitində də komanda finalda "NASR Esports" klubuna 3–1 hesabı ilə gələrək növbəti dəfə Türkiyə çempionu olmuşdur.[7]