Apex Legends (azərb. Zirvə əfsanələri; qısaca Legends, azərb. Əfsanələr) — "Respawn Entertainment" tərəfindən hazırlanan və "Electronic Arts" tərəfindən nəşr olunan free-to-play kral döyüşü videooyunu. "Titanfall" oyun seriyasındakı 1-ci spin-off epizoddur (bütövlükdə 4). Oyun 4 fevral 2019-cu ildə Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün buraxılmışdır. Oyun buraxılmazdan əvvəl haqqında heç bir açıqlama verilməmişdi və marketinq kampaniyası aparılmamışdı.
Apex Legends | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||
Hazırlayan | Respawn Entertainment | ||||||||
Yayımlayan | Electronic Arts | ||||||||
Seriya | "Titanfall" | ||||||||
Anons tarixi | 4 fevral 2019 | ||||||||
Buraxılış tarixi | 4 fevral 2019 | ||||||||
Janrlar |
Kral döyüşü Birinci şəxs atıcı |
||||||||
Yaş reytinqləri | ESRB: T — Teen | ||||||||
Prodüserlər |
Drü Makkoy Tina Sançez |
||||||||
Dizaynerlər |
Feyrfaks MakKendliş Aaron Rutlec Karlos Pineda Ceyk Kitinq Preston Qlenn Rodni Ris Rocer Abrahamsson Şon Sleybek Stiven De Roz |
||||||||
Ssenarist |
Məhəmməd Ələvi Menni Aqopyan Tomas Kasiyello |
||||||||
Proqramçı |
Pol Messerli Coel Qompert Maykl Kalas Mayk Dürnhofer Reym Vinson Rocer Hyuston Sonmin Honq Stiven Vonq Sin Lyu |
||||||||
Rəssamlar |
Todd Syu Robert Taube Ostin Arnett Bred Ellen Brayn Barrell Kliff Çaylz Denni Qardner |
||||||||
Bəstəkar | Stefen Barton | ||||||||
Texniki məlumat | |||||||||
Platformalar |
Microsoft Windows PlayStation 4 Xbox One |
||||||||
Mühərriklər | Source | ||||||||
Oyun rejimləri | Çoxnəfərli oyun | ||||||||
İnterfeysin dili | ingilis dili, rus dili | ||||||||
Daşıyıcılar | rəqəmsal dağılım (Origin, PSN, Xbox Live) | ||||||||
Sistem tələbləri |
|
||||||||
İdarəetmə |
Klaviatura və siçan qeympad |
||||||||
Rəsmi saytı | |||||||||
Vikianbarda əlaqəli mediafayllar |
"Apex Legends" videooyununun geympleyi "Respawn Entertainment" studiyasının əvvəlki oyunları, digər kral döyüşü oyunları, sinif-əsaslı atıcılar və inkişaf edən süjetlərə malik videooyunlar kimi müxtəlif videooyunların geympley elementlərini bir araya gətirir. Oyunda təqribən 60 oyunçu 3 nəfərlik dəstələrə bölünərək böyük bir adaya düşürlər və bir-birlərinə qarşı vuruşurlar. Hər raundda maksimum 20 dəstə olur ki, bu dəstələrin bir üzvü onların haraya düşəcəklərini müəyyənləşdirir. Daha sonra bu dəstələr digər dəstələrlə vuruşmaq üçün adada silahlar və ehtiyatlar axtarırlar. Hər raundda oyun ərazisi olur ki, bu ərazi müəyyən vaxt daxilində kiçilir. Axırda qalan son dəstə "Zirvə çempionu" (ing. Apex Champion), yəni raundun qalibi olur. Oyunda ehtiyat boğçaları və müəyyən bir vaxt çərçivəsində dəstə yoldaşlarını sağaltma kimi funksiyalar da mövcuddur. Dəstə yoldaşları arasında kommunikasiya səsli söhbətlə (İP telefoniya vasitəsilə) və ya pinq sistemi ilə saxlanılır. Pint sistemi ilə dəstə yoldaşları ehtiyatları, mövqeləri və düşmənləri asanlıqla işarələyə bilirlər. Oyunda səkkiz "Əfsanə" (Legends) var, ancaq onların ikisi normalda bağlı olurlar. Oyunda kozmetik əşyalar üçün nəzərdə tutulmuş bir mikroödəniş sistemi var.
Oyunun konsepsiyası "Electronic Arts" şirkəti 2017-ci ildə "Respawn Entertainment" studiyasını satın aldıqdan sonra yeni bir "Titanfall" videooyununun istehsalı zamanı əmələ gəlmişdir. Kral döyüşü janrının gözlənilməz uğuru müəllifləri eyni janrda bir videooyun istehsal etməyə vadar etmişdir. Oyunun istehsalçıları videooyunu gələcəkdə iOS, Android və Nintendo Switch platformaları üçün portlaşdırmağı planlaşdırırlar.
"Apex Legends" tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Oyun geympleyi, irəliləmə sistemi və müxtəlif janrların elementlərini birləşdirilməsinə görə təriflənmişdir. Bəzi tənqidçilər oyunun 2018-ci ildə qlobal populyarlıq əldə etmiş "Fortnite Battle Royale" üçün əhəmiyyətli bir rəqib olduğunu düşünmüşdülər. Oyunun buraxıldığı gün 2.000.000, birinci həftəsində 25.000.000, birinci ayında isə 50.000.000-dan çox oyunçusu var idi.
"Apex Legends" videooyununun əsas süjeti "Titanfall" kainatında və "Titanfall 2" videooyununun əsas süjetindən 30 il gələcəkdə cərəyan edir. "Zirvə oyunları" (ing. Apex Games) Autlendsdə yayımlanan bir qanlı idman növüdür. Kuben Blisk tərəfindən yaradılan bu televiziya verilişinə Hüduddakı (ing. Frontier) hər bir fərd qoşula bilir. Bu müsabiqənin iştirakçıları "Zirvə əfsanələri" (ing. Apex Legends), qalibləri isə "Zirvə çempionları" (ing. Apex Champions) adlanırlar. Müsabiqə iştirakçıların üç nəfərlik dəstələrdə olmaqla "Kral kanyonu" (ing. King's Canyon) adasına daxil olub bir-birləri ilə vuruşmasından ibarətdir. "Zirvə oyunları" Hüdudun ən məşhur müsabiqələrindən biridir və iştirakçılar burada pul və şöhrət üçün vuruşurlar.[1][2]
"Apex Legends" qəhrəman atıcılardan bəzi elementləri götürən bir kral döyüşü videooyunudur. Oyunun əksər hissəsi birinci-şəxs perspektivindən oynanılır, ancaq üçüncü-şəxsdə olan epizodlar da mövcuddur. Oyun tamamilə çoxnəfərli rejimdədir. "Apex Legends" digər kral döyüşü oyunlarından "Əfsanələr" (ing. Legends) ilə fərqlənir. Əfsanələr hücum, müdafiə, dəstək və kəşfiyyat kateqoriyalarına uyğun olan bacarıqlara malik əvvəlcədən hazırlanmış personajlardır. Oyunçular üç oyunçulu dəstələrə bölünürlər. Bu oyunçuların hər biri sırasıyla öz əfsanələrini seçirlər. Hər raundda cəmi 60 oyunçu, yəni 20 dəstə olur.
Bütün dəstələr raunda avadanlıq və ehtiyatlar olmadan başlayırlar. Onlar oyunun xəritəsində eniş gəmiləri (ing. Dropships) vasitəsilə enirlər.[3] Bu eniş gəmiləri ixtiyari bir istiqamətdən xəritənin bir hissəsindən digər hissəsinə doğru irəliləyir. Eniş gəmilərindəki oyunçular eniş gəmiləri xəritənin son hissəsinə çatana qədər istədikləri zaman xəritəyə enə bilərlər. Dəstələr oyun xəritəsini silahlar, mərmilər, zirehli geyimlər[a] və başqa ehtiyatlar üçün gəzirlər. Əlavə olaraq, dəstələr xəritəyə enən zaman real vaxtda irəliləyən bir "Ehtiyat gəmisi"nə (ing. Supply Ship) də daxil ola bilərlər. Gəminin irəliləyiş istiqaməti mini-xəritədə gəminin göy rənglə verilmiş bir şəkli ilə işarələnir. Bu ehtiyat gəmilərində yüksəksəviyyəli avadanlıqlar və zirehlər, eləcə də çoxlu ehtiyatlar olur. Buna baxmayaraq, oyunçular yerə enən bir ehtiyat gəmisinə də daxil ola bilərlər ki, bu da raundun bir qədər sonrakı mərhələlərində gerçəkləşir.[4]
Yerə enmiş oyunçular digər dəstələrlə də vuruşurlar ki, axırda qalan dəstə olsunlar. Onlar bunların hamısı müəyyən bir vaxt çərçivəsində kiçilən bir oyun ərazisində edirlər. Oyunçular nokaut ediləndə onlar qanamaq vəziyyətinə düşürlər. Bu vəziyyətdə onlar gələn zərbələrə çox həssas olurlar. Onlar dəstə yoldaşları tərəfindən sağaldıla bilərlər, ancaq bunu verilən vaxta qədər[b] etməlidirlər. Əgər bu yerinə yetirilməsə, qanayan oyunçu öldürülsə və ya rəqib oyunçu onlara sarsıdıcı zərbə endirsə o, oyundan uzaqlaşdırılır. Oyundan uzaqlaşdırıldıqdan dərhal sonra oyundan uzaqlaşdırılan oyunçu öz avadanlıqlarını və ehtiyatlarını buraxır ki, digər oyunçular onları götürə bilsinlər. Əlavə olaraq, onlar öz bannerlərini də buraxırlar. Bu bannerləri götürən dəstə yoldaşları oyundan uzaqlaşdırılan oyunçunu xəritədə səpələnmiş və yaşıl rənglə verilmiş "Spaun Radiomayakı" (ing. Spawn Beacon) vasitəsilə oyuna geri gətirə bilərlər. Geri gətirilən oyunçuların heç bir avadanlığı, zirehi və ya ehtiyatı olmur.[5] "Apex Legends" videooyununda İP telefoniya vasitəsilə kommunikasiya saxlamaq funksiyası və təkdüyməli pinq sistemi də var. Pinq sistemi vasitəsilə oyunçular silahları, ehtiyatları, rəqibləri və başqa şeyləri asanlıqla işarələyə bilərlər.[6]
"Apex Legends" free-to-play bir oyundur və gəlir mənbəyi kozmetik əşyalar və əfsanələr üçün nəzərdə tutulmuş mikroödənişlərdir. Yeni kozmetik əşyaları oyunun içərisində ixtiyari şəkildə verilən mükafatlar olan lutboksu – "Zirvə boğçaları"dan (ing. Apex Packs), eləcə də oyunun oyun-içi valyutası olan "Kraftinq materialları"nı (ing. Crafting Materials) xərcləməklə əldə etmək olar ki, "Kraftinq materialları" da "Zirvə boğçaları"dan çıxır. "Zirvə boğçaları" oyunçulara yeni səviyyəyə çatan zaman verilir, ancaq onlar "Zirvə boğçaları"nı mikroödənişlə də satın ala bilərlər. Yeni səviyyəyə çatan oyunçulara "Əfsanə jetonları" (ing. Legend Tokens) da verilir. Bu oyun-içi valyuta ilə yeni "Əfsanələr" və eksklüziv kozmetik əşyaları satın almaq olar. "Zirvə sikkələri" (ing. Apex Coins) real valyuta ilə satış alınır. Onlardan "Zirvə boğçaları"nı satın ala, "Əfsanələr"in kilidini aça və ya müəyyən kozmetik əşyalar satın ala bilərlər.[7]
"Respawn Entertainment" gələcəkdə oyuna "Döyüş biletləri"ni (ing. Battle passes) də əlavə etmək istədiyini bəyan edib. Bu biletləri oyun-içi tapşırıqlarla əldə etmək olar və onlardan istifadə edərək mövsümi kozmetik əşyalar satın almaq olar.[8] Oyunun ilk döyüş bileti və ilk yeni oynanıla bilən personajı 19 mart 2019-cu ildə buraxılmışdır.[9]
Oyunda hal-hazırda səkkiz oynanıla bilən personaj mövcuddur ki,[10] onların hər birinin 3 xüsusi bacarığı olur – passiv, taktiki və qəti. Onlar:
Miraj və Kostik oyunçular üçün birbaşa mövcud olmur. Bu personajların kilidini ya mikroödənişlərlə, ya da ki, oyun-içi valyuta ilə satın almaq olar.[11] Okteyn oyunun ilk döyüş bileti ilə birlikdə 19 mart 2019-cu ildə buraxılmışdır.[9]
"Respawn Entertainment" əvvəllər "Titanfall" (2014) və davamı olan "Titanfall 2" (2016) videooyunlarını müstəqil bir studiya olarkən istehsal etmişdir, "Electronic Arts" şirkəti isə bu epizodları nəşr etmişdir. 2017-ci ildə "Electronic Arts" şirkəti "Respawn Entertainment" studiyasını satın almışdır.[12]
"Respawn Entertainment" studiyası üçüncü bir "Titanfall" videooyunu üzrə işləyərkən studiyanın mütəxəssisləri 2017-ci ildə, "PlayerUnknown's Battlegrounds" videooyunu məşhurlaşdığı və kral döyüşü janrını populyar etdiyi bir vaxtda videooyun cəmiyyəti üzrə tədqiqatlar aparırdılar. "Respawn Entertainment" bundan əvvəl sağ qalma simulyatoru formatındakı "Titanfall" konsepsiyalarını sınaqdan keçirmişdi. Onların fikrinə görə, belə bir konsepsiya yaxşı alınmışdı. Buna görə də onlar bu konsepsiyalarla kral döyüşü janrı təməlində təcrübələr aparmağa başladılar. İstehsalçılar çox keçmədən idarə edilə bilən titanların[c] digər oyunçular üçün əlverişsiz olacağı qənaətinə gəldilər və diqqətlərini "Titanfall" kainatına uyğun gələn güclü personaj sinifləri yaratmağa cəmləşdirməyə başladılar.[13] Əlavə olaraq, "Respawn Entertainment" free-to-play videooyunlarında əldə edilən potensial gəlirlərdən faydalanmaq istəyirdi. Buna görə də studiyanın işçiləri "Zirvə" (Apex) ideyasını fikirləşdilər. Bu ideyaya əsasən, studiya səylərinin əksər hissəsini güclü bir ilkin buraxılış üçün sərf edəcək və buraxılışdan sonra yavaş-yavaş oyuna yeniliklər əlavə edəcəkdi. "Electronic Arts" şirkətinin vəzifəliləri bu yanaşma yoluna şübhəli baxırdılar və çox xətərli olduğunu hesab edirdilər. "Respawn Entertainment" studiyasının baş prodüseri Drü Makkoy "Fortnite Battle Royale" videooyununun cahanşümul müvəffəqiyyəti bu cür yanaşma yollarının əlverişli olduğunu sübut etmişdi.[12]
"Respawn Entertainment" rəhbərliyinin israrı ilə "Electronic Arts" oyunun istehsalı barədə KİV-lərə heç bir məlumat vermədi. Beləliklə, oyunun marketinq kampaniyası olmadı. Drü MakKoyun dediyinə görə, onlar oyunçuların oyun barədə öz fikirlərini onlayn forumlar yerinə, fərdi təcrübə iə formalaşdırmasını istəyirdilər.[12]
"Apex Legends" 2000-ci və 2010-cu illərin məşhur atıcılarından ilham almışdır. Bunlara "Bungie" studiyasının inkişaf edən süjetə malik "Halo" franşizası və "Destiny" videooyunu, " "Ubisoft" şirkətinin sadə bir formulu dinamik bir şəkildə dəyişdirmək üçün nəzərdə tutulmuş xüsusi siniflərə malik "Tom Clancy's Rainbow Six Siege" videooyunu və "Blizzard Entertainment" şirkətinin qəhrəman atıcı konsepsiyasını yenidən işləyən "Overwatch" videooyunu daxildir.[12] Oyun "Source" mühərriki ilə hazırlanmışdır ki, bu mühərrikdən əvvəlki "Titanfall" epizodlarında da istifadə edilmişdir.[14] Ağıllı kommunikasiya sistemi oyunun səsli danışıq sistemi olmadan bir ay sınaqdan keçirilməsindən sonra tamamlanmışdır.[15] "Respawn Entertainment" studiyasının icraçı direktoru Vins Zampellanın dediyinə görə, istehsal komandası oyunun xəritə həcmi, hər raundda oynayan oyunçuların sayı və dəstə sayı kimi amilləri dəyişdirirərək sınaqdan keçiriblər və ən yaxşı variantın bir raundda hər dəstədə 3 oyunçu olmaqla ümumi olaraq, 60 oyunçunun oynaması olduğu qərarını alıblar.[16]
Oyunun bazara buraxılmasından əvvəl MakKoy gələcəkdə "Apex Legends" üçün bir platformalararası oyun funksiyasını əlavə edəcəyini demişdir. Əlavə olaraq, MakKoy oyunu iOS, Android və Nintendo Switch platformaları üçün də buraxmaq istədiyini, ancaq bunu planlaşdırmadıqlarını bildirmişdir.[17]
"Tencent" şirkətinin nümayəndələri "Apex Legends" videooyununu Çinə gətirmək barədə "Electronic Arts" şirkəti ilə danışıqlar apardığını açıqlamışdır. "Tencent" şirkəti oyunun ÇXR hökumətinin sərt təsdiq qanunlarından keçməsinə kömək edəcəyini vəd etmişdir.[18]
Rəy toplayıcısı "Metacritic"ə əsasən "Apex Legends" bütün platformalarda "ümumiyyətlə yaxşı" rəylər almışdır. Oyun ilk həftəsində PlayStation 4 və Xbox One platformaları üzrə 2019-cu ilin ən yaxşı rəylər almış videooyununa çevrilmişdir.[19][20][21] "Destructoid",[22] "Game Informer",[23] "GamesRadar+"[24] və "PC Gamer"[25] kimi publikasiyalar bu günə hazıranmış ən yaxşı kral döyüşü oyunlardan biri və "Fortnite Battle Royale" videooyununun janrda əldə etdiyi dominantlığın əhəmiyyətli bir rəqibi adlandırmışdır.
Tənqidçilər "Apex Legends" videooyunundakı döyüş sistemini tərifləmişdilər. "Destructoid" saytının işçisi Dan Römer oyunun silahdan istifadə sistemini kral döyüşüçü oyunlarındakı ən yaxşı silahdan istifadə sistemlərindən biri adlandırmışdır. O həmçinin, oyundakı silahdan istifadə sisteminin əvvəlki "Titanfall" epizodlarındakı silahdan istifadə sistemlərindən daha pis olduğunu vurğulamışdır.[22] "Game Informer" publikasının jurnalisti Cevi Qualtni əksinə, əvvəlki "Titanfall" epizodlarındakı titanların və başqa elementlərin ləğvini dəstəklədiyini, oyunun silahdan istifadə sisteminin qane edici olduğunu demişdir. Əlavə olaraq, o, oyuna qəhrəmanların əlavə olması digər kral döyüşü oyunlarına nisbətən daha dəyərli döyüşlərin gerçəkləşməsinə imkan yaratdığını demişdir.[23]
Tənqidçilər oyunun kommunikasiya sistemini də tərifləmişdilər. "Polygon" saytının mütəxəssisi Xi Hun Çan sistemin "naməhrəm şəxslərlə səsli danışıq aparmağı lüzumsuz etdiyi"ni hesab etmişdir.[26] "Destructoid" saytının jurnalisti Dan Römer də oyunun bu funksiyasını tərifləmiş, eləcə də gələcəkdə kral döyüşü janrındakı oyunlarında bir standarta çevriləcəyini iddia etmişdir.[22]
Oyun buraxıldıqdan səkkiz saat sonra 1.000.000-dan çox oyunçunu cəlb etmişdir.[27] Bu ədəd oyunun buraxılmasından 24 saat sonra 2.500.000-ə qalxmışdır.[28] Oyun buraxılmasından bir həftə sonra 25.000.000,[29] bir ay sonra isə 50.000.000 oyunçu cəlb etmişdir.[30]
"Apex Legends" videooyunu 4 fevral 2019-cu ildə elan edilmişdir. Bu, "Electronic Arts" şirkətinin illik rüblük maliyyə nəticələri bəyan edilməzdən bir həftə əvvəl gerçəkləşmişdi. Bu nəticələr şirkətin sərmayədarlarını qane etməmişdi, buna görə də növbəti gün "Electronic Arts" dəyərini 13% itirmişdir.[31] Buna baxmayaraq, "Apex Legends" videooyunu məşhurlaşdıqdan sonra analitiklər oyunun "Fortnite Battle Royale" videooyununun dominantlığına qarşı böyük bir təhlükə ola biləcəyini proqnozlaşdırmışdılar. 8 fevral 2019-cu ildə "Electronic Arts" 2014-cü ildən bəri əldə etdiyi ən böyük inkişafı qazanmışdır. Bunun təməlində "Apex Legends" videooyununun qəfil müvəffəqiyyəti dayanırdı.[32][33]
<ref>
teqi; mc_pc
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; mc_ps4
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; mc_xbo
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; destructrev
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; gameinformerrev
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; gamesradarrev
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; pcgamerus
adlı istinad üçün mətn göstərilməyibPortal «Videooyunlar» portalı |