İstisu — Masallı rayonunda yerləşən sanatoriya, tam adı - İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyasıdır.
İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası həm Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə kimi istifadə ediblər.
İstisuyin həqiqətən də müalicəvi olmasını XX əsrin 60-ci illərində Masallıdan olan həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlı-Sarəng sübut etmişdir.
O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim İstisu məkanına gələrək əlavə tədqiqat aparıb və kəşfi təsdiqləyiblər. Heydər Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi olan zaman – 1971-ci ildə, Masallı istisuyu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb.
İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi lisenziyaya malikdir.
Yardımlı yolundan baxanda qarşı dağın qoynundakı Istisu şəfa ocağı yığcam, müasir bir düşərgəni xatırladır. Istisu sanatoriyasında eyni vaxtda 200-dək adamı qəbul etmək və xidmətində durmaq mümkündür. Sanatoriyaya, hətta xaricdən də insanlar müalicəyə gəlirlər.
Mirkazım Aslanlı-Sarəng elmi əsaslarla sübut edib ki, Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri – pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.
XX əsrin 90-cı illərinin əvvəllərindən İstisu sanatoriyası baxımsızlıq üzündən bərbad hala düşmüşdü. "Kurort və sanatoriyaların özəlləşdirilməsi haqqında" fərmana əsasən 1997-ci ildə iş adamı İldırım Allahyarov sanatoriyaya qanuni sahib çıxdı.
2004-cü il fevralın 11-də Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramı ilə bağlı İstisu sanatoriyasının da əsaslı təmiri nəzərdə tutulmuşdu.[1]