"İti qovan kimi qovuruq" — 2020-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti zamanı məşhurlaşan ifadə.[1][2] İfadə Qarabağ döyüşlərində Ermənistan Silahlı Qüvvələrinə qarşı reaksiya üzərində əsaslanıb.[3]
Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası, Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. Sülh danışıqları prosesi 2018-ci ildə Ermənistan inqilabı nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyənatları[4] və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri [5][6][7] kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı.
Təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-də rəsmi səfərdə olarkən, "yeni torpaqları üçün yeni müharibə" çağırışı etdi.[8] Tonoyanın bəyənatı təmas xəttində bir sıra hərbi təxribatlarla müşayiət olundu. Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi.[9] Bunun ardınca, avqust ayında təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupunun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür.[10]
Birbaşa hərbi təxribatlarla yanaşı, situasiya 2020-ci ilin avqust ayında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə daha da gərginləşdi.[11] Ermənistan tərəfinin bu qəbildən olan səmərəsiz və təhrikedici bəyanatları və hərəkətləri bir sıra tədqiqatçılar tərəfindən danışıqlar prosesindən tamamilə imtina olaraq qiymətləndirilmişdir.[12][13]
25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir.[14]
Azərbaycan Respublikasının Prezidentinin köməkçisi — Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaymışdır.[15] Həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış[16] və respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur.[17]
Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatlarının fonunda, 4 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Müraciətdə Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun 9 kəndinin işğaldan azad olunması ictimaiyyətə elan olunmuş, erməni tərəfinin davamlı hərbi təxribatları və hərbi cinayətləri, həmçinin münaqişənin diplomatik həllinin Ermənistanın siyasi rəhbərliyinin danışıqlar predmetinə zidd elementlərlə əngəlləməsi xüsusilə vurğulanmışdır.[18] Müraciət zamanı Azərbaycan Respublikasının Prezidenti demişdir:
"İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!"[19]
1991-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi polis polkunun komandiri Fətulla Hüseynov erməni əsirinə "Əgər bizlə insan kimi yaşamayacaqsınızsa, sən öləsən, it kimi sizi qıracağıq!" demişdir.[mənbə göstərin]