İveria (gürc. ივერია) — XIX əsin sonu, XX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibində Tiflisdə gürcü dilində çap edilən ədəbi və siyasi istiqamətli nəşr. Qəzetin təssisçisi XIX əsr məşhur gürcü müttəfəkiri İlya Çavçavadze idi. Qəzetin adı Gürcüstanın Qafqaz İberiyası kimi tarixi adına əsaslanaraq İberiya sözündən götürülmüşdü. Qəzet 1800-cü illərin sonlarında Gürcüstanın milli-azadlıq hərəkatına diqqət yetirirdi.
İveria | |
---|---|
gürc. ივერია | |
| |
Format | A 4 |
Sahibi | İlya Çavçavadze |
Təsisçi | İlya Çavçavadze |
Baş redaktor | İlya Çavçavadze |
Yaranma tarixi | mart 1877 |
Dil | gürcü |
Nəşrini dayandırıb | 1906 |
Yenidən təsis olunub | 1989 |
Baş ofis | Tbilisi |
Şəhər | Tbilisi |
Ölkə | Gürcüstan |
Tiraj | 1200-1500 |
Vikianbarda əlaqəli mediafayllar |
1877-ci ilin martında İlya Çavçavadze ilk dəfə həftəlik nəşr olunan qəzet təsis etdi. Qəzet, tanınmış xeyriyyəçilər, iş adamları Zubalaşvili ailəsi tərəfindən maddi cəhətdən dəstəklənirdi.[1]
"İveriya" qəzeti 1879-cu ildə aylıq dərgiyə çevrildi. 1880-ci ildə "İveriya" və "Droeba" qəzetinin redaksiyaları birləşdirilmişdir. Bundan sonra "İveriya" üç ayda bir dəfə böyük kitablar şəklində çıxmağa başladı. 1881-ci ildə yenidən aylıq qəzetə çevrildi. "İveriya" hər ayın 1-ci günü satışa çıxarılırdı. Həmin vaxt qəzet ayda 600 nüsxə həcmində çap olunurdu.[2] 1886-cı ildən isə "İveriya" gündəlik qəzetə çevrildi. Həmin illərdə o ən çox tələb olunan qəzet idi. Onun tirajı dövrünün maksimumuna 1889-cu ilə qədər 1200-1500 nüsxə olmuşdur.
İosif Stalin ilk lirik şeirlərini burada nəşr etdirmişdir.[3]
İlya Çavçavadze ilə bərabər qəzetin digər baş redaktorları da olmuşdur. Belə ki, Sergey Mesxi (1881, "Droeba" qəzeti ilə birləşdikdən sonra), İvan Maçabeli (1882-1884), Aleksandr Sarajişvili (1901), Qrigol Kipşidze (1903-1905) və Filipp Qoqiçaişvili (1906) qəzetə baş redaktorluq etmişdilər.
"İveriya" qəzeti 1906-cı ildə bağlanmışdır.[4]
"İveriya" hökumət əleyhinə olan nəşr orqanı idi. Əsas məqsədi gürcülərin ruslaşdırma siyasətinə qarşı milli mənlik şüurunu gücləndirmək, siyasi müstəqillik ideyasına xidmət etmək olmuşdur. "İveriya" tematik cəhətdən müxtəlif idi, Gürcüstanda və xaricdə fəhlə hərəkatı, tarix, dilçilik, etnoqrafiya, coğrafiya, sosiologiya və s. məsələləri əhatə edirdi. Xalq təhsili məsələlərinə, məktəbə, müəllimlərə, dövlətin təhsil sahəsində siyasətinə, təhsil sisteminə böyük diqqət yetirilirdi.
İveriya gürcü ədəbiyyatının inkişafında xüsusi rol oynamış və bir çox məşhur müəllifləri öz səhifələrində nəşr etdirmişdir. Qəzet oxuculara müasir xarici ədəbiyyat haqqında zəngin məlumatlar verir, gürcü xalq yaradıcılığı nümunələrini toplayıb çap olunmasına şərait yaradırdı.
Qəzetin redaksiyası Tiflis şəhərində yerləşirdi. 1888-1889-cu illərdə redaksiya Sulxan-Saba Orbeliani küçəsi 7 ünvanında, 1889-1901-ci illərdə İvan Cavaxişvili küçəsində olmuşdur.[5][6][7]
Qəzet 20 fevral 1989-cu ildə Zurab Çavçavadze tərəfindən bərpa edilmişdir. 1997-ci ilə qədər vaxtaşırı İlya Çavçavadze Cəmiyyətinin orqanı olaraq nəşr olunurdu.[8] 2014-cü ildə qəzetin redaksiya heyəti Müqəddəs İlyas adına ədəbi-bədii mükafat təsis etmişdir.[9]